Sizin reklam burada
Sizin reklam burada

Prezident İlham Əliyevin portret cizgiləri: Müdrik lider, böyük strateq, qalib sərkərdə

Prezident İlham Əliyevin portret cizgiləri: Müdrik lider, böyük strateq, qalib sərkərdə


Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu illərdə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.

Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salaq. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Beləliklə, dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsinin qazanılmasında da əsas amillərdən oldu.

Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir. “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.

Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, 24 dekabr Ali Baş Komandanımız cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə ən xoş arzularımı və təbriklərimi ünvanlayıram. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!


Əkrəm Babayev,
Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru,
1-ci və 2- ci Vətən Müharibəsinin iştirakçısı, Müharibə Veteranı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ