Sizin reklam burada
Sizin reklam burada

Novruzəli Aslanov: “Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur”

Novruzəli Aslanov: “Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur”

“Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin Azərbaycan əsgərinə bu vəzivəni yerinə yetirmək üçün cəmi bir neçə gün lazım oldu. Təsadüfi deyil ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev II Qarabağ savaşının gedişində Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin necə yüksək səviyyədə fədakarlıq və şücaət göstərdiklərini öz çıxışlarında hər zaman xüsusi qeyd etmişdir. Dövlətimizin başçısı keçən ilin 17 oktyabr tarixində, Füzuli şəhəri günü münasibətilə bu şəhərdə olarkən etdiyi çıxışında demişdir ki, istənilən halda bütün müharibələrdə qələbəni əldə edən əsgərdir, zabitdir. Məhz onlar öz canları və qanları bahasına düşmən üzərinə gedir, torpaqları azad edir və həmin ərazilərdə bayrağımızı sancırlar.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs etmiş, həmçinin belə bir məqamı da vurğulamışdır ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur: “İşğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə aparılan bərpa və yenidənqurma işləri sayəsində işğal dövründə ermənilərin xarabazarlığa çevirdikləri şəhərlərimiz yenidən qurulur və keçmiş köçkünlər artıq yüksək dinamika ilə icra olunan Böyük Qayıdış Proqramı çərçivəsində öz yeni evlərinə qayıdırlar. Təəssüflər olsun ki, mina təhlükəsi görülən işlərin tam sürətlə icrasını hələ də əngəlləyir. Azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayonlarımızdan biri də məhz Füzulidir. İlkin hesablamalara görə rayon ərazisində yüz mindən çox mina basdırılıb. Əlbəttə ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Lakin bütün bunlara rəğmən Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. O cümlədən, cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı. Bir məqamı da qeyd edək ki, Füzulidə görülən yenidənqurma işləri bu gün həm də Azərbaycanın bir çox Türk dövlətləri ilə dostluq rəmzinə çevrilmişdir. Belə ki, işğaldan azad olunmuş Füzulidə Özbəkistan Prezidentinin şəxsi təşəbbüsü ilə məktəb, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında sarsılmaz dostluğun daha bir təntənəsidir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ