Sizin reklam burada
Sizin reklam burada

Xalqın qürur və iftixar mənbəyi

Xalqın qürur və iftixar mənbəyi


Ulu Öndərin 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövrü Azərbaycan tarixinə milli dirçəliş və intibah dövrü kimi yazılıb.

Heydər Əliyev hələ sağlığında əfsanələşmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biri idi. Dünyanın məşhur simaları Heydər Əliyev barəsində bu gün də heyranlıqla danışır, onu siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə malik şəxsiyyət kimi səciyyələndirirlər.

Bu böyük insan təlatümlər, çətin sınaqlar, aramsız mübarizələrlə dolu bir həyat yaşayıb. Elə bir həyat ki, nə zaman, nə də məkan anlayışına sığmır. Bütün mübarizələrdən qalib çıxan Heydər Əliyevin ömrü insan iradəsinin yenilməzliyinə parlaq nümunədir. Vətənə və xalqa bağışlanmış bu ömrün ayrı-ayrı məqamları, tarixi anları fotoşəkillərdə yaşayır.

Ulu Öndərin portret cizgiləri sırasında onun ailəyə münasibəti də xüsusilə seçilir. Gəncliyindən yüksək vəzifələr tutan Heydər Əliyev çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb, istirahət nə olduğunu bilməyib. Bununla belə, ailəsinə də vaxt ayırıb, doğmaları ilə birlikdə xoş anlar yaşayıb. Ümummilli Liderin ailə albomundakı fotoşəkillər həmin günləri göz önündə canlandırır.

Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə Azərbaycanda həyatın ritmi dəyişdi: ölkədə canlanma və yüksəliş, geniş quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri zavodu, dərin dəniz özülləri zavodu, memarlıq incilər olan binalar – “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Pambıq, tərəvəz, üzüm istehsalı dəfələrlə artdı. Bunun məntiqi nəticəsi olaraq əhalinin güzəranı da ildən-ilə yaxşılaşırdı.

Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevlə bütün dövrlərdə qürur duyub. O, vaxtilə SSRİ-nin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmiş, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdi. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici idi və bu, Azərbaycanda əsil bayram əhval-ruhiyyəsi yaratmışdı.

Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, Azərbaycanın xeyrinə oldu. O, öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.

Həmin dövrdəki yorulmaz fəaliyyəti, qətiyyəti, fitri təşkilatçılıq bacarığı Heydər Əliyevin şöhrətini durmadan artırırdı. Bununla eyni vaxtda ona qarşı paxıllıq və həsəd hissləri də baş qaldırırdı. Xüsusən ermənipərəst Mixail Qorbaçov onu hər vəchlə Kremldən uzaqlaşdırmağa çalışırdı. Bu məqsədlə Azərbaycanın böyük oğluna qarşı bədnam kampaniya başladıldı. Heydər Əliyev ölkə rəhbərliyi ilə aralarında yaranmış ciddi ixtilafla əlaqədar tutduğu vəzifələrdən istefa verdikdən sonra erməni şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər və Qarabağda separatçılıq baş qaldırdı. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda qanlı qırğın törətdi. O vaxt da, indi də bir çoxları əminliklə deyir: “Əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də Qara Yanvar hadisələri baş verməzdi”.

Xalqın qürur və iftixar mənbəyi
Sahib Qasımov,
İş adamı- Xeyriyyəçi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ