Sizin reklam burada
Sizin reklam burada

Xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramı

Xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramı


Ulu öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu öndər Heydər Əliyev irsi davamlı inkişafın təminatıdır. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Bu gün “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur” deyən Ulu öndərin ruhu şaddır, çünki onun vəsiyyəti yerinə yetirilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş və xalqımız 30 ildir həsrətində olduğu əzəli torpaqlarına qovuşmuşdur. Artıq regionda yeni reallıqlar yaratmış Azərbaycan indi də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir və daha da güclənir. Şübhəsiz ki, bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və onun ideyaları hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcək. Müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, möhtəşəm nailiyyətlər qazanaraq tarix yazır.

Zamanın axarında Azərbaycan da, həyatımız da tamamilə dəyişib. Dəyişməyən yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramıdır. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı öz xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi hisslərin parlaq təzahürüdür.

Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Liderin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Bütün ömrünü doğma Vətəninə və xalqına həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, - deyən dahi şəxsiyyətin vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi, 30 illik işğala hərbi-siyasi yolla son qoyuldu. Üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada dalğalanmağa başladı.

Bu gün Ulu Öndərin ruhu şaddır.

Qasım Qsımov,
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ