Sizin reklam burada
Sizin reklam burada

Ulu Öndər Heydər Əliyev - Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi

Ulu Öndər Heydər Əliyev - Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi


Hər bir xalqın milli tarixinin ən mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmuşdur. Ona görə də liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, addımlarının təhlillərini apararkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bu mənada, Azərbaycan xaqlının Ulu Öndər Heydər Əliyev adlı əbədiyyət abidəsi vardır.
Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir.
Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və inadkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi yüksək nailiyyətlər onun SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri kimi fəaliyyət göstərməsinə zəmin yaratdı.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrləqarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.
1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəfli, həm də çox çətindir... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır".
Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.
Ulu Öndər Heydər Əliyev bəhs olunan andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdi: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.
1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Ümummilli Liderin düşünülmüş iqtisadi siyasəti nəticəsində müstəqil Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Ulu Öndər uzaqgörən siyasəti, güclü iradəsi sayəsində Azərbaycanı siyasi fırtınalardan salamat çıxararaq, sakit limana gətirə bildi. Separatçılıq meyillərinin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı, ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Ulu Öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində ictimai həyatın bütün sahələrini əhatə edən, hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq. Bir sözlə, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi ulu öndər Heydər Əliyev tərəfindən yazıldı.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılıb, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələrini uğurla inkişaf etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bunlara paralel olaraq Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bütövlükdə, dünyada böyük etimad qazanan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Xüsusilə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu prosesdə müstəsna rolunu xüsusi vurğulamaq gərəkdir.
Ulu Öndərin zəngin mənəvi irsini, Onun Azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Başqa sözlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir.


Aydın Bəşirov,
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ