Sizin reklam burada
Sizin reklam burada

Heydər Əliyevin adı və şəxsiyyəti Azərbaycan müstəqilliyinin və Azərbaycan dövlətçiliyinin ən parlaq rəmzlərindəndir

Heydər Əliyevin adı və şəxsiyyəti Azərbaycan müstəqilliyinin və Azərbaycan dövlətçiliyinin ən parlaq rəmzlərindəndir


Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu öndər Heydər Əliyev Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Ümummilli lider Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ulu öndər 1982-ci ildən sonra SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqelərinə görə 1987-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan Ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəllərində Naxçıvana qayıdaraq siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır. 1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atdığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı” ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, Azərbaycanın müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, bir sözlə, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai-siyasi sabitliyin qorunub saxlanılması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müstəsna missiya ilə müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq təcrübi surətdə həyata keçirmiş böyük şəxsiyyət olduğu danılmaz həqiqətdir. Ulu öndərin siyasi kimliyi xalqımızın uzun minillikləri əhatə edən dövlətçilik tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin ən müsbət cəhətlərinin ümumiləşmiş obrazıdır. O, həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, həm mahir strateq və yenilməz sərkərdə, həm iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, həm yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, həm də görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır. Xalqımız məhz görkəmli dövlət xadimi Heydər Əliyevin konseptual irsinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub saxlamış, uzun müddət davam edən dərin iqtisadi böhrandan çıxaraq sürətli və hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir. Ulu öndərimizin əfsanəvi şəxsiyyətini, Onun malik olduğu bilik və qabiliyyətləri fenomenal keyfiyyətləri ilə birlikdə tam xarakterizə etmək bütöv bir tarixi dövrü təsvir etmək qədər çətin bir elmi-ictimai vəzifədir. Lakin bir həqiqət artıq tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuşdur: Ulu öndər Heydər Əliyevin bütünlüklə ana Vətəninə, xalqına, dövlətinə, doğma torpağına həsr edilmiş həyat və fəaliyyətinin müasir müstəqil Azərbaycanla, onun tarixi ilə sıx bağlı və paralel olduğu danılmazdır.
Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə Onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Fəqət, dövlət müstəqilliyinin ilk illərində - 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Bu şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququndan danışmaq belə mümkün deyildi.
Bu cür bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük strateqin rəhbərliyi ilə hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.
Cəmiyyətin siyasi sisteminin inkişaf etdirilməsi, sosial-iqtisadi siyasət, sosial-mədəni və mənəvi inkişaf sahəsində fəaliyyətin əsas istiqamətləri Azərbaycanın müstəqilliyinin xilaskarı kimi dövlət rəhbəri missiyasını Öz üzərinə götürmüş Ulu öndərin daxili siyasətdə əsaslandığı sabit və uğurla reallaşdırılan taleyüklü siyasi vəzifələr idi. Ümummilli lider Heydər Əliyev Özünün öndərliyində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini belə dəyərləndirirdi: “Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq”. Böyük öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası bugünkü və gələcək nəsillər üçün örnəkdir.
Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirir. Bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə yaxın olmaq, tərəfdaşlıq etmək istəyirlər. Möhtərəm Prezidentimizin uğurlu və praqmatik xarici siyasətinin nəticəsi olaraq biz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq təşkilatlarda, o cümlədən UNESCO-da və İSESCO-da böyük səyləri və zəhməti Azərbaycanın imicini bütün dünyada gücləndirir, xalqımızın mədəniyyəti, qədim tarixini yüksək səviyyədə təbliğ edir.
Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı Ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki vətən hər nə bahasına olursa olsun, müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaq parçasıdır. Ulu öndərin bizlərə əmanət qoyduğu Azərbaycanımızı qorumaq və inkişaf etdirərək gələcək nəsillərə ötürmək həm də bizim mənəvi borcumuzdur.
Nəticə etibarilə qeyd etməliyik ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.


Rövşən Əliyev,
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ