Sizin reklam burada
Sizin reklam burada

Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasəti

Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasəti


Azərbaycan əsrlər boyu işğala məruz qalıb. İşğala məruz qalmağına baxmayaraq, bu millət qəhrəman övladlarının sayəsində öz dövlətini çətinliklə də olsa yaşadıb.

Yəni 1960-cı illərin axırınadək respublikanın demək olar ki, bütün sahələrində həyat şəraiti ağır idi. Belə bir böhran dövründə - 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin inkişafında yeni bir həyat salnaməsi başladı. Azərbaycanın ən parlaq səhifələrini də Heydər Əliyevə məhz həmin ildən yazmağa rəvac verdi. O zaman milli kadrların hazırlanmasına, Azərbaycan dilinin inkişaf etdirilməsinə, ana dilindən düzgün istifadə olunmasına, dövlət strukturlarında çalışan məmurların azərbaycanlı olmasına heç bir diqqət yetirilmirdi, nə də ki, ciddi qayğı vardı. Hətta azərbaycanlı kadrların bir kadr kimi yetişməyinə də maneələr olunurdu. Respublikada bu böhrana son qoymaq üçün iqtisadiyyatda köklü struktur dəyişikliklər aparılmalı idi. Respublikanın müstəqilliyi onun iqtisadiyyatından asılı idi. Mədəni və iqtisadi tənəzzülə aparan yolların qarşısını o zaman yalnız Ümummilli Lider Heydər Əliyevin ideyası ala bilərdi, aldı da. 1970-1985-ci illərdə aparılan islahatlar Azərbaycanın milli ruhla yola çıxmasına kömək etdi. Məhz bugünkü Azərbaycanın iqtisadi müstəqilliyi o illərdən qoyulan iqtisadi təməlin nəticəsidir. Xarici iqtisadi əlaqələr və dünya iqtisadiyyatına inteqrasiya Azərbaycanın möhkəm iqtisadiyyata nail olmasına səbəb oldu.

Bakıda aparılan abadlıq işləri, bir sıra memarlıq abidələrinin bərpası, institut, tədris korpusları və s. tikilib istifadəyə verilməsi bu dövrə təsadüf edir. Tarixi şəxsiyyətlərin ev muzeylərinin yaradılması, XX əsrdə Azərbaycan xalqının ölməz şairi Hüseyn Cavid (Rəsizadə) nəşinin uzun illərdən sonra doğma yurduna gətirmək təşəbbüsü, eləcə də cəsur kəşfiyyatçı, əfsanəvi partizan, Mərkəzi və Cənub-Şərqi Avropa xalqlarının qəlbində silinməz izlər buraxmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında araşdırmalar apararaq onun əfsanəvi xidmətini üzə çıxarması dəyərli vətən övladlarına Heydər Əliyev sevgisinin bariz nümunəsidir.

Heydər Əliyev ilk olaraq gənclərə dəstək nümayiş etdirdi. O, çox sayda gəncin Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil almasına, müstəqil ölkəmiz üçün gərəkli ixtisaslara yiyələnməsinə çalışdı. Beləliklə, Azərbaycanın elm sahəsi inkişaf etməyə başladı. Həmçinin 1969-1982-ci illərdə milli hərbi sahəyə diqqət ayırdı. Milli hərbçi kadrların hazırlanmasına xüsusi qayğı ilə yanaşdı. SSRİ-nin siyasəti çərçivəsində Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin yaradılmasına çalışdı. Eləcə də Bakıda tez-tez bir sıra tədbirlər keçirilməsinə nail oldu, bunun sayəsində SSRİ-də və digər xarici ölkələrdə Azərbaycanın mədəniyyət və incəsənət günlərinin keçirilməsi sürətləndi. Bununla da xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurulur və Azərbaycan xalqı digər xarici ölkələrdə tanınırdı. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycan dili diqqət mərkəzində oldu. 1978-ci ildə Azərbaycan Konstitusiyasına Azərbaycan dili dövlət dili statusu kimi daxil edildi. İkinci hakimiyyətə gəlişində də Ulu Öndər 2 yanvar 2003-cü ildə Azərbaycan Respublikasının Dövlət dili haqqında Fərman imzaladı. Azərbaycanlı klassiklərin ittifaq səviyyəsində yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin tanınması, Azərbaycan dilinin geniş təbliği, Azərbaycanın elm, ədəbi və mədəni sahələrində ön mövqeyə çıxması Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev hakimiyyətə gələnə qədər yüksək vəzifələrdə azərbaycanlı kadrlar yox dərəcəsində idi. Eləcə də Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin nəzdində də azərbaycanlı kadrları yox idi. Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər gələndən sonra komitədə milli kadrların sayı artmağa başladı. Ümumiyyətlə, Heydər Əliyev Azərbaycanın ən ağır vəziyyətində rəhbərliyə gəlmiş və bu çətin vəziyyətin xilas yollarını müəyyənləşdirmişdir.

Heydər Əliyev sovet dönəmində ölkəmizdə rəhbər olarkən Azərbaycanda 250-dən çox sənaye və istehsal müəssisələri yaradıldı. Elm sahəsində də Heydər Əliyevin rolu əvəzsizdir. O dövrdə onun Azərbaycan SSR Elmlər Akademiyasına göstərdiyi diqqəti xüsusi qeyd etmək istərdim. Akademiyanın nəzdində bir çox elmi tədqiqat institutları yaradıldı. Hal-hazırda elm, təhsil sahəsində, dövlət idarəçiliyində və digər sahələrdə fəaliyyət göstərən kadrların bir çoxu Heydər Əliyevin sovet dövründə hazırladığı kadrlardır.

Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi də Azərbaycanın ağır dövrünə təsadüf edir. O dövrdə Azərbaycan böhranlı günlərini keçirirdi. Müharibə dövrünü yaşayan Azərbaycanı bu böhranlı gündən yalnız zəka və etiqad çıxara bilərdi. Bunun üçün hakimiyyətə elə şəxs gəlməli idi ki, ölkədə olan xaosa və hərc-mərcliyə son qoysun və düşmən hücumunun qarşısı alınsın. Odur ki, bir qrup azərbaycanlı ziyalılar yeni siyasi partiya yaratmaq üçün Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev bu müraciətə müsbət cavab verdi. 1992-cı ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası yaradıldı və partiyanın sədri Heydər Əliyev seçildi. Azərbaycan xalqı öz seçimini düzgün etdi və seçimin düzgün olduğunu bugünkü günü üçün təsdiq etdi. Gözəl dövləti qurmaq üçün gözəl ideya olmalıdır, ideyasız adam öz gələcəyini qura bilməz, o ki qaldı, dövlətin gələcəyini qurmağa! Belə bir ideyaya yalnız Ümummilli Lider Heydər Əliyev malik idi. Yeni Azərbaycan Partiyasının yaranması ictimai-siyasi həyatda böyük yenilik idi. Heydər Əliyev də Yeni Azərbaycan Partiyasının yaranmasını özünün şah əsəri kimi sayırdı və “Biz elə dövlət qurmalıyıq ki, heç bir yerdə əyilməsin, dağılmasın!”, - deyirdi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi gündən ölkənin ilk olaraq daxilində ictimai-siyasi asayişi bərpa etdi. Hərbi qanunların əsasında ordunun yaradılmasına başladı, atəşkəsin bərpası üçün məsələləri həll etdi, hərtərəfli inkişaf proqramı hazırladı və həyata keçirtdi. 1995-ci ildə Heydər Əliyevin göstərişi və tövsiyəsi ilə sağlam, cəsurluğu ilə seçilən, xüsusi bacarığı olan hərbi biliyə yiyələnmək istəyən vətənpərvər gənclərin sərhəd qoşunlarında xidməti üçün xüsusi kurslar açıldı. Ordunun bütün struktur və bölmələrində islahatlar aparıldı. Nizamlı və qüdrətli ordu yaratmaq ideyaları həyata keçirildi. Ancaq dahi şəxsiyyət bütün bunların iqtisadiyyatla bağlı məsələlər olduğunu dərk edirdi. İqtisadiyyatı yox dərəcəsində olan ölkəni isə yenidən dirçəltmək elə də asan deyildi. Dağılmış istehsal sahələrini bərpa etmək üçün, əhalinin məşğulluğunu təmin etmək üçün Heydər Əliyev neft strategiyasından başlamağa qərar verdi. “Əsrin müqaviləsi”nə imza atdı və bu imza hələ də öz bəhrəsini verməkdədir.

Ümumiyyətlə, Heydər Əliyev məktəbi çox böyük bir məktəbdir. O məktəbi keçən hər kəs dövlət və dövlətçilik anlamını dərk edib, yüksək bacarıq nümayiş etdirir. Hazırda Ümummilli Liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini onun varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Ulu Öndərin arzu və istəkləri, dövlət quruculuğunda olan siyasəti 44 günlük savaşda Zəfərlə həyata keçdi. Bu Zəfər qələbəsi Heydər Əliyev siyasətinə bir daha əbədiyaşarlıq gətirdi.


Emil Bədəlov,
Dağlıq Şirvan Regional Məşğulluq filialının müdiri


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ