



















Yevlax və Ucarda yeni məktəb binasının açılışı olub
- - - - - -
Sentyabrın 16-da Yevlax rayonu Xanabad kənd A.Əzizov adına tam orta məktəbin və Ucar rayonu Rəstəcə kənd tam orta məktəbin yeni inşa olunan məktəb binalarının açılış mərasimi keçirilib.
Yevlax rayonu Xanabad kənd A.Əzizov adına tam orta məktəbinin açılış mərasimində Heydər Əliyev Mərkəzinin aparat rəhbəri, “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdiri Rəşad Xanlarov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, ictimaiyyət nüməyəndələri, məktəb kollektivi və şagirdlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, yenidən tikilmiş məktəb 360 şagird yerlikdir. Məktəbdə 19 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur. Eyni zamanda təhsil müəssisəsində müasir istilik və işıqlandırma sistemi qurulub və məktəb binasının həyətində qazanxana və su çəni də inşa olunub.
Açılış mərasimində çıxış edənlər bildirib ki, Xanabad kəndində belə bir tədris binasının istifadəyə verilməsi ölkə təhsilinə, o cümlədən Yevlaxda tədrisin keyfiyyətinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. Məktəbin kollektivi və kənd sakinləri möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbdə 350 şagirdin təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olacaq.
XXXXX
Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin açılış mərasimində Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən məktəbin direktoru Rahib Rəsulov məktəbin tarixi, keçdiyi inkişaf yolu və qazandığı uğurları barədə məlumat bildirib.
Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov bildirib ki, yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilib. O qeyd edib ki, tədris ili ərzində isə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.
Ucar RİH-nin başçısı Mənsur Məmmədov çıxış edərək bu gün ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazasının və infrastrukturun günü-gündən yenildiyini və inkişaf etdiyini vurğulayıb.
Təhsil idarəsinin müdiri Elçin Kərimov çıxışında ilk olaraq yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini və şagirdləri təbrik edib. O qeyd edib ki, təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonra mərasim iştirakçıları yeni binada yaradılan şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, 180 yerlik məktəbdə sinif otaqları, idman zalı, yeməkxana, tibb otağı, fənn kabinetləri, kitabxana, akt və idman zalları, müəllimlər otağı fəaliyyət göstərəcək.
Heydər Əliyev Fondu tərəfindən tikilən məktəbdə 153 şagirdin təlim-tərbiyəsi ilə 24 müəllim məşğul olacaq.