Bu gün metronun “28 May” stansiyasında qatar 16 dəqiqədən çox dayanıb.
Oxu.Az xəbər verir ki bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.
O bildirib ki, metronun “İçərişəhər” - “Həzi Aslanov” marşrut xətti ilə hərəkət edən qatarda nasazlıq yaranıb:
“Nasazlıq “Gənclik” stansiyasında özünü büruzə verib. Qatar elektrik deposuna verilib. Onun əvəzinə xəttə yeni qatar verilib. Ümumilikdə interval istisna olmaqla, qatarların hərəkətində 7 dəqiqə gecikmə yaranıb. Qatarlar arasında interval əsasən aradan qaldırılıb. “Memar Əcəmi” və “Dərnəgül” metro stansiyası istiqamətində gecikmələr qalmaqdadır. 15 dəqiqə ərzində qatarların ümumi intervalı qrafiki tam olaraq qaydasına düşəcək”.
