Sizin reklam burada
Sizin reklam burada

Rusiya səfiri Şuşanı ziyarət etdi, növbə kimindir? - FOTO

Rusiya səfiri Şuşanı ziyarət etdi, növbə kimindir? - FOTO
Dost da, düşmən də Azərbaycanın haqlı davasını və onun nəticəsini qəbul edib.

Bir zamanlar orada halay vurub, rəqs edənlər, işğal altında olan torpağa uzanaraq şəkil çəkdirənlər də bu gerçəyi etiraf etməkdədir. Ermənistan rəhbərliyi işğal altında 30 ilə yaxın saxladıqları torpaqların Azərbaycan ərazisi olduğunu danmır.

İndi yeni dövr və yeni şərait yaranıb. Azərbaycan öz torpaqlarını düşmənin tapdağından, izlərindən təmizləyir. İşğaldan azad olunan yerlərdə yurdlar dirçəlir, evlər tikilir, insanlar geri köçməyə hazırlaşırlar. Bu baxımdan 2023-cü il böyük köçün başlanğıcı ola bilər.

Şuşa da işğaldan təmizlənən ərazilərdəndir. Orada 23 binadan ibarət yaşayış kompleksi tikilir. Qalaya 2023-cü ilin sonunda ilk köç ediləcək.

Bu, həmin ərazilərin Azərbaycana məxsusluğunun dünyaya bir daha isbatı olacaq.

Ötən müddət ərzində Şuşada bir sıra mədəni, ictimai, siyasi tədbirlər keçirilib.

Bu ilin martında Qalada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda qurumun rezident əlaqələndiricisi Vladanka Andreeva da iştirak edib. O, tədbirdə çıxışında qeyd edib ki, BMT Azərbaycanın verdiyi töhfələri, təşəbbüsləri yüksək qiymətləndirir:

“Bundan sonra da Azərbaycanla fəal işləməyə davam edəcəyik”.

Keçmiş münaqişənin həllində və torpaqların işğaldan azad olnmasında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamə az rol oynamayıb. Rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərindən də heç olmazsa işğalçını tanıyan belə bir sənədin qəbul ediləcəyini 30 il gözlədi...

Torpaqlar işğaldan azad ediləndən sonra həmsədr ölkələrin Azərbaycandakı səfirləri isə əraziyə səfər etmədi. Onların bu sahədə susqunluğu və fəaliyyətsizliyi yada 30 ildə atılmayan addımları salır. Ancaq torpaqlar işğal altında olanda həmsədrlər İrəvandan Xankəndiyə tez-tez səfərlər edirdilər. Hətta, oradakı separatçılarla görüşlər keçirirdilər. Ötən bir il səkkiz ayda həmsədr dövlətlər ABŞ, Fransa və Rusiyanın səfirləri bir dəfə olsun işğaldan təmizlənən ərazilərə ayaq basmamışdı.

İyulun 15-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Şuşanı ziyarət etməklə bu tilsimi qırdı. BMT nümayəndəsinin və rusiyalı diplomatın bu addımını Azərbaycanın ərazi bütövlüyünə hörmətin təzahürü kimi də dəyərləndirmək olar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ