2021-ci ildə Azərbaycana gətirilən siqaretlərin təxminən 70 faizi Ukraynadan idxal olunub. Bu ölkədən Azərbaycana 12,093 milyon ABŞ dolları dəyərində 482,7 milyon ədəd siqaret gətirilib. Eyni dövrdə Azərbaycanda 14,351 milyard ədəd papiros və siqaret istehsal edilib ki, onun da 316,31 milyon ədədi ixrac edilib. Ukraynadan siqaret tədarükü daxili istehsalın cüzi bir hissəsini təşkil edib.
Azərbaycan Ukraynadan həm də emal edilmiş çəkməli tütün alır. Ötən il bu məhsulun cəmi idxalının dəyər ifadəsində 98,2 faizi, kəmiyyət olaraq - 96,9 faizi Ukraynanın payına düşüb. Ukraynadan 4 466,95 ton tütün alınıb.
Eyni dövrdə Azərbaycanda 4 min 237,6 ton fermentləşdirilmiş (tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı) tütün istehsal edilib. Yəni daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağına dair hazırda heç bir əsas yoxdur. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.
