“Bizdə qızlardan ikisi xəstədir. Əvvəlki turda da meydana çıxmamışdılar. Ona görə mən Azərbaycan Voleybol Federasiyasından xahiş etdim ki, “Murov”la oyunumuz təxirə salınsın və başqa vaxt keçirilsin”.
Bunu Oxu.Az-a UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) voleybol komandasının baş məşqçisi Etibar Qasımov deyib.
O sabah keçirilməli olan Azərbaycan Super Liqasının VIII turunun UNEC – “Murov” matçının təxirə salınma səbəbindən danışıb. Məlum olub ki, təxirə salınma heyətdə cəmi iki voleybolçunun özünü pis hiss etməsi ilə bağlıdır:
“Həmin voleybolçularımız Yuliya Kərimova və Nərgiz Məmmədovadır. Hər iki qızın boğaz ağrısı var. Ancaq test veriblər, nəticə neqativ çıxıb. Bu cümə gününə kimi uşaqlar qaydasında olmalıdır”.
Qeyd edək ki, bundan başqa, “Azərreyl” komandasının federasiyaya eyni səbəbdən müraciəti əsasında “Abşeron”la sabah keçirilməli matçı təxirə salınıb. Hər iki matçın yeni tarixi və keçirilmə yeri daha sonra müəyyənləşəcək.
