Hər il buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaq gəlir. El arasında deyirlər ki, “Əshabi-Kəhf”i yeddi il ardıcıl ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.
“Kaspi” qəzetinin əməkdaşı Naxçıvandan məqalə hazırlayıb.
Qədim oğuz-türk yurdu Naxçıvan tarixi-memarlıq, təbiət abidələri, ilk insan yaşayış məskənləri, sənət əsərləri, mineral və müalicəvi əhəmiyyətli su mənbələri ilə zəngindir. Burada dini ziyarətgahlar, pir və imamzadələr də çoxluq təşkil edir. Təkcə ziyarətgahların sayı 140-a yaxındır. Onlar inanclı insanların, yerli və xarici turistlərin daim ziyarət etdiyi əsas məkanlardır.
Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşəbbüsü ilə Naxçıvan şəhərinə təşkil edilən media-tur çərçivəsində bu bölgənin dini turizm potensialı, o cümlədən iki əsas ziyarətgahla daha yaxından tanış edilib.
