Sudan qanunsuz istifadə hallarının qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Abşeron rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
ASC-dən verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Şollar-Bakı su kəmərinin Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində magistral xətdən qanunsuz qoşulma ilə götürülən içməli sudan əkin sahələrinin suvarılmasında istifadə edilib.
Qəsəbədə fəaliyyət göstərən kafenin texniki şərti və sayğacı olsa da, obyekt sahibi magistral su kəmərinə özbaşına qoşulma edib. Digər bir obyektin sahibi isə magistral kəmərdən gizli su xətti çəkməklə yanaşı, istifadə edilən suyun həcmini ölçmək üçün quraşdırılmış sayğacı özbaşına ləğv edib.
Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yerləşən avtoyuma məntəqəsinə isə su obyekt sahibinin evindən çəkilmiş qeyri-qanuni qoşulma ilə verilib. Araşdırmalar zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan içməli sudan istifadə edib.
Nəzarət tədbirləri zamanı Masazır, Saray, Qobu qəsəbələrinin yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz istifadə etdiyi məlum olub. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.