Sizin reklam burada
Sizin reklam burada

Pambıq sahələrində zərərvericilərə qarşı bioloji mübarizə aparmaq üçün feromon tələlərin tətbiqinə başlanılıb

Pambıq sahələrində zərərvericilərə qarşı bioloji mübarizə aparmaq üçün feromon tələlərin tətbiqinə başlanılıb
Düzgün planlaşdırılmış müşahidə və mübarizə sistemi pambığı təhlükəli zərərvericilərdən qorumağa imkan verir. Bu baxımdan bioloji mübarizə üsulu mühüm əhəmiyyət kəsb edir. Bioloji mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilir. Bununla əlaqədar Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyası tərəfindən pambıq sovkasına qarşı bioloji mübarizə aparmaq məqsədilə zərərvericiləri müşahidə etmək üçün feromon tələlərin tətbiqinə başlanılıb. Qeyd edək ki, feromon tələlər fermerlərə və sahibkarlara təsərrüfatlarda zərərvericilərin mövcudluğu və mübarizənin dəqiq vaxtının müəyyənləşdirilməsinə imkan verir. Hazırda Beyləqan rayonunda “Azərpambıq” MMC-yə məxsus olan 400 ha, “Qarabağ Taxıl və Toxum “MMC-yə məxsus olan 800 ha pambıq, qarğıdalı, soya sahələrində zərərvericiləri müşahidə etmək üçün feromon tələlərin qoyulması həyata keçirilib. Feromon tələlərin tətbiqindən sonra zərərvericilərlə sirayətlənmə dərəcəsindən asılı olaraq bioloji mübarizə tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bioloji agentlərin istehsalı şöbəsində çoxaldılır və tarlalara buraxılır. Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi və.s ) yumurtasının daxilinə qoyur. Həşəratın hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır. Zərərverici orqanizmlərin hər nəslinə qarşı 3-4 dəfə və hər hektara 60-70 min fərd olmaqla trixoqrammanın tətbiqi nəzərdə tutulur.
Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji agentlərdən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ