Bakı ərazisində günün birinci və ikinci yarısında, eləcə də gecə saatlarında küçələrdə hərəkətdə olan avtomobil sürücülərinin lüzumsuz səs siqnallarından istifadəsi halları artıb. Bu, yolverilməzdir.
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, paytaxtın intensiv hərəkət müşahidə edilən küçələrində günün pik saatlarında səsgücləndiricilərdən, müxtəlif avazlı səs siqnallarından ehtiyac olmadığı təqdirdə istifadə etmək qadağandır:
“Yollarda yolun hərəkətini tənzimləyən yol nişanları qoyulub. Ayrıca Yol hərəkəti haqqında Qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə qeyd olunub ki, həmin səs siqnallarının nəqliyyat vasitəsinə quraşdırılması və istifadəsi qadağandır. Bu, məhkəmə predmeti hesab olunaraq müsadirə edilir və sürücü qanunun tələblərinə müvafiq qaydada cərimə olunur.
Yol hərəkəti haqqında Qanunun tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız iki halda mümkündür: yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə və yaşayış məntəqələrindən kənarda qarşıda hərəkət edən sürücülərə xəbərdarlıq etmək niyyətilə. Bununla bağlı sürücülərin nəzərinə çatdırırıq ki, lüzumsuz yerə, işıqforun qırmızı işığında, nəqliyyatın sıx olduğu küçə və prospektlərdə səs siqnallarından istifadə etməsinlər. Ətrafda yaşayış məntəqələri var və bu, insanları narahat edir”.
“Əks təqdirdə bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə oluna bilərlər. Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”, - deyə Vaqif Əsədov qeyd edib.