Sizin reklam burada
Sizin reklam burada

Qar yağmır, dərd yağır

Qar yağmır, dərd yağır


Kubra Məhərrəmova yazır...

Xəbərdaqlıq gəldi. Axşam 6-dan sonra küçəyə çıxmayın. Hava şəraiti daha pisləcəyək, yollar buz bağlayacaq.

Açığı biz səhərdən evdən çıxmırıq. Çünki Bakıya cəmi bir ovuc qar yağıb. Kənd adamları deyəndə ki, “siz şəhər adamlarının ağzı isti yerdədi” məlum oldu ki, bizim isti yerdə olmağımız birbaşa isti hava şəraitinə bağlıdır. Azcana hava çönən kimi ağzımız da, burnumuz da buz bağlayır. Şəhərdə işıqlar keçir, qaz kəsilir, sular donur, yollar buz bağlayır, nəqliyyat işləmir, zəncirvari qəzalar baş verir, dükanlara çörək gəlmir, qısası ala qarğa belə Bakıda bala çıxara bilmir qar yağan kimi. İflic oluruq. Hamılıqla.

Bakının keçmiş meri Hacıbala Abutalıbov o vaxt qar yağanda deyərdi ki, “bu dəfə də qar qəfil yağdı, ona görə də tam hazır ola bilmədik”. Amma bu dəfə Umayra xanım iki dəfə xəbərdarlıq elədi. Düzdür birinci dəfə alınmadı, amma ikinci dəfə alındı. Qar nəhayət ki, Bakıya yağdı. Kaş ki, yağmayaydı.

Bakının kommunal idarələri də dünəndən deyir ki, heç bir narahatlığa səbəb yoxdur. Xaricdən son model, “koja salon”, “evropeyka”, qəşəng maşınlar almışıq, qar nədi, anasını ağlar qoyacağıq. Hünəri var yağsın.

Hələ bir operativ qərargah da düz-qoş ediblər. Açığı dünən o qədər fərəhləndim ki, dedim sabah acığa işə dikdaban ayaqqabıda gedəcəm. Qoy hamı bizim şəraitə həsəd aparsın. Avropa da ağlar qalsın.

Səhər duranda isə reallıq tərs sillə kimi vurdu bizi yerə. Texnika nə gəzir, qar təmizləyən nə gəzir. Allahın bir kisə qumunu küçəyə səpən yoxdu ki, heç olmasa ayağımıza qaloş geyinib işə gedib çıxaq.

Sonra düşündüm ki, lap tutalım payı-piyada üz tutdum işə. Bu buzlu yollarda yıxılıb, qol-qıçımı sındırsam onda necə? Görəsən Təcili Tibbi Yardım neçə saata gələcək? Ümumiyyətlə gələcəkmi?

Yollar bu gündədirsə həkim olacaqmı xəstəxanada? Elə bunu düşünürdüm ki, xəbər gəldi ki, bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

Əminəm ki, bu 27 nəfər şəhərin mərkəzində olanlardır. Bəs şəhərin mərkəzində bir qədər uzaqda nə baş verir?

Heç nə baş vermir. Çünki Allah eləməsin xəstəsi, öləni, doğanı olsa gərək camaat özü evdə yola versin prosesi. Çünki xəbərdar eləyiblər axı, nəqliyyat vasitələrindən istifadə etməyin. Çünki qar yağıb, ay camaat. Bu gün ölmək, doğmaq, xəstələnmək olmaz. Nə işiniz varsa təxirə salın. Allah üzümüzə baxıb ki, sabah-birigün hava düzələcək.

Məsələn, bu dəqiqə Surqutda temperatur mənfi 30 dərəcədir. Camaat işə də gedir, küçə-bacaya da çıxır. Bizdə mənfi 5 yoxdur heç. Əlil olub qalmışıq.Oxu.az.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ