Sizin reklam burada
Sizin reklam burada

ZƏFƏR NƏGMƏSİ

ZƏFƏR NƏGMƏSİ

Qarabağ Müharibəsi dövründə yazılmışdır

Bizimdir bu növraq , bizimdir bu çağ,
Qələbə çalırıq zəfər çalırıq .
Ölüm də olacaq , qan da olacaq ,
İntiqam alırıq , qisas alırıq .

Özgə torpağında yoxdur gözümüz ,
Qismətdə nə varsa o bizə bəsdi .
Hər daşın üstündə qalır izimiz ,
Əsassız danışmaq daha əbəsdir .

Bizim yurdumuzdur bu çəmən , bu dağ ,
Burda sakin olmaz hər yoldan azan .
Bizimdir min ildir çatılan ocaq ,
Bizimdir üstündə qaynayan qazan .

Bu namərd düşmənə arxa çox olub ,
Olsa da işləri düz gətirməyib .
Burda babaları qulaqsız qalıb ,
Hələ nəvələri dərs götürməyib .

Ordumuz düşməni zəmi tək biçib ,
Şuşa da bizdədir , Xankəndimiz də .
Şükür 30 illik zülmətdən keçib ,
Axır ki ağardı DAN kəndimizdə !

Düşmən cavabını alıb çəkildi ,
O öz məzarını özü qazıbdır .
Türkün haqq işinə Allah vəkildi
Türkün tarixini Allah yazıbdır ! !

CƏBRAYlL HÜSEYN

İsmayıllı 7 noyabr 2020 ci il.

SAXLAMA

Tutacaqsa bir ah məni ,
Elədiyim günah məni ,
Bu gün öldür Allah məni ,
Öldür sabaha saxlama .

Bir suala cavabım yox ,
Bir ünvana pənahım yox ,
Bircə dənə savabım yox
Təzə günaha saxlama .

Hər gördüyüm dərsdi mənə ,
Bu xislətim dostdu mənə ,
Nə vermisən bəsdi mənə ,
Artıq tamaha saxlama .

Alıb əlimdən abrımı ,
Satıb nəfsimə arımı ,
Üzə çəkib astarımı ,
Üzümdən baha saxlama .

Al Günəşdir hər xoş niyyət ,
Hər xoş niyyət _ əbədiyyət ,
Nəğmə desin bəşəriyyət ,
Sözü silaha saxlama !..
......................................
Tutacaqsa bir ah məni ,
Elədiyim günah məni ,
Bu gün öldür Allah məni ,
Öldür sabaha saxlama !..

CƏBRAYlL NÜSEYN
İsmayıllı _2009 cu il .

İSİNİŞMƏZ

Ermənilərə

Tut gətir ünvanın dəyiş ,
Lap yuvasın, qının dəyiş,
Damarında qanın dəyiş ,
İlan sənə İSİNİŞMƏZ .

Evinin baş bucağında ,
Qızınsa od _ ocağında ,
Yuxulasa qucağında ,
İlan sənə İSİNİŞMƏZ .

Oyanıb durub gedəcək ,
Əslini sorub gedəcək ,
Quyruğun qırıb gedəcək ,
İLAN SƏNƏ İSİNİŞMƏZ !..

CƏBRAYlL HÜSEYN .

Bakı _ 2009 _ cu il .

GETSİN

Özümə ithaf

Keçdin iynələr gözündən ,
Bu dünyanın hər üzündən ,
Küsmüsənsə öz _ özündən,
Barış getsin .

Yaşamadın dəmli _ dəmli ,
Ömrün keçdi qəmli _ qəmli ,
Yanaqları nəmli _ nəmli ,
Alış getsin .

Nə qalıbdır səndən _ sənə ?
Kiçilirsən gündən _ günə ,
Avarın yox , bir yelkənə
Qovuş getsin .

Ver ruhunu mələklərə ,
Nəfəsini küləklərlə ,
Bir təpədə Çiçəklərə ,
QOVUŞ getsin !..

CƏBRAYlL HÜSEYN
İsmayıllı 2018

SEVGİ NƏĞMƏLƏRİ silsiləsindən :
QALlRSAN

Səndən acı söz götürüb gedirəm ,
Yaram üstə duz götürüb gedirəm ,
Yollarımı düz götürüb gedirəm ,
Saçlarını yana töküb qalırsan .

Tənhalaşıb təklənibdir kölgələr ,
Qəribsəyib durduğumuz döngələr ,
Dillənməyir , danışmayır ləpələr ,
Göl dibinə ləl tək çöküb qalırsan .

Ney itirib , ud itirib yanmışam ,
Kipriyimlə od götürüb yanmışam ,
Qocalmışam , əyilmişəm , sınmışam ,
Bəlkə elə məndən ürküb qalırsan .

Yükümüz bir , çəkimiz bir kürəkdə ,
Baxışımız , gözümüz bir eynəkdə ,
Söylə görüm , yumruq boyda ürəkdə ,
Qollarını necə büküb qalırsan ! ?..

CƏBRAYlL HÜSEYN .

Bakı _ 1998 _ci il .

SƏNƏ

Yaxın gətir qulağını ,
Qoy sirrimi açım sənə .
Tut yoluma çırağını ,
Tale yazsın bürcüm sənə .

Sən bəyazsan dağda qardan ,
Bu gözəllik səndə hardan ?
Ölçünü de buludlardan ,
Bir dəst paltar biçim sənə .

Mən yerdəyəm ,sən səmada ,
İki üzük bir aynada ,
Tək _ tənhayam bu dünyada ,
İndi qalır seçim sənə .

Məhəbbətsiz vallah məncə ,
Ləl _ cəvahir dönür heçə .
İcazə ver bir ADİCƏ ,
Üzük versin Elçim sənə ! ..

CƏBRAYlL NÜSEYN .
1983 _ cü il .

A SEVGİM

Ömrümün cavanlıq yaşından ötüb ,
Gözümdən çəkilib , başımdan ötüb ,
Gizlənib qəlbimin dərinliyində ,
Pöhrə budaq kimi qalan a SEVGİM ,
Parçala sinəmi , çıx bir anlığa ,
Gəl dolan boynuma , dolan a SEVGİM .
Qoy həsrət ərisin düz aramızda ,
Necə ki , əriyir duz yaramızda ,
Necə ki , əriyir buz sobamızda ...
Kölgəmiz qovuşsun Ay işığında ,
Bir az pıçıldaşaq , bir az dillənək ,

Bu qoca dünyanın yaraşığında ..
Dönüb bir anlığa biz gözəlləşək .,
Yaşayaq qayğılı günlərə qədər ..
Acılı _ ağrılı günlərə qədər ...
YOXSA, VALLAH ÖllƏM SƏHƏRƏ qədər !..
YOXSA , VALLAH ÖLLƏM SƏHƏRƏ qədər !..

CƏBRAYlL HÜSEYN
İsmayıllı 2008 _ci il . Bu

BAXMA

İtmişəm , batmışam qırışlarımda ,
Nə vaxtsa rastlaşsaq üzümə baxma .
Boğula bilərsən göz yaşlarımda ,
Nə vaxtsa rastlaşmaq gözümə baxma .

Tənhalıq yalayır məni düz kimi ,
Axıram göylərdə bir ulduz kimi ,
Ayağım buz kimi , əlim buz kimi ,
Sinəmdə közərən közümə baxma .

Eşqin badəsində mey udur məni ,
Kaman dara çəkir , ney udur məni ,
Çəkir ağuşuna göy udur məni ,
Cığırıma baxma , izimə baxma .

Hara boylanıram , yerin görünür ,
Aramız daha da sərin görünür ,
Həsrətin özündən Şirin görünür ,
Sənə qayıt desəm Sözümə BAXMA !..

CƏBRAYlL HUSEYN

Bakı _ 2001 _ çi il .

NECƏ YOL TAPlM

Gah torpaq üstəyəm , gah bulud üstə ,
Gah güman üstəyəm , gah ümid üstə ,
Açar qoymamısan bir kilid üstə ,
Mən sənin qəlbinə necə yol tapım ?

Kövrək əllərində gül olmaq üçün ,
İpək tellərindən yel olmaq üçün ,
Ayağın altında çul olmaq üçün ,
Mən sənin qəlbinə necə yol tapım ?

Qərib həyatımın yolu zirvədi ,
Bu yolda ürəyim qəlpə _ qəlpədi ,
Bu necə vücuddu , necə çöhrədi ?
Mən sənin qəlbinə necə yol tapım ?

Mindiyim qayığın avarı yoxdur ,
Başımın tüstüsü buxarı yoxdur ,
Bu zülmət dünyanın divarı yoxdur ,
Mən sənin qəlbinə necə yol tapım ?

Özüm o başdayam , qəlbim bu başda ,
Əllərim əsada , alnım qırışda ,
Bir cavan oğlana dönüb bu yaşda ,
Mən sənin qəlbinə necə yol tapım ?

CƏBRAYlL NÜSEYN

İsmayıllı 2017

SƏNİ SEVƏCƏYƏM

Xəyali sevgilimə

Keçib ölüm adlı qəzadan gəlib ,
Torpaqdan göyərib , fəzadan gəlib ,
Qayıdıb dünyaya təzədən gəlib ,
Səni sevəcəyəm , yenə də səni .

Dəryalar bu eşqə boy verə bilməz ,
Günəşsən yerini Ay verə bilməz .
Heç kəs sənin kimi yuxuma gəlməz ,
Səni sevəcəyəm , yenə də səni .

Zaman ömrümüzü üyüdür gerçək ,
Üyüdür sovurur , yerdən göyədək ,
Əlində gül olub , telində çiçək ,
Səni sevəcəyəm , yenə də səni .

Gəzir sorağında xəyalım , ağlım ,
Mənim məkansızım _ aranlım , dağlım ,
Bu payız günündə yaşıl budaqlım ,
Səni sevəcəyəm , yenə də səni .

Ümiddən zülmətdə çılçırağım var ,
Gövdəmin üstündə yarpağım var ,
Nə qədər dünyada bir ayağım var _
Səni sevəcəyəm , yenə də səni .

Köçsən bu dünyadan , dön məni gözlə ,
Qayıt səmalardan , en məni gözlə,
Bir başqa şəkildə sən məni gözlə ,
Səni sevəcəyəm , yenə də səni !
.....................................................
Keçib ölüm adlı qəzadan gəlib ,
Torpaqdan göyərib , fəzadan gəlib ,
Qayıdıb dünyaya təzədən gəlib ,
Səni sevəcəyəm , yenə də , səni !
..
CƏBRAYlL HÜSEYN .

İsmayıllı 2003 _ cü il .

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ