Şəhid ailəsinin hisslərindən məqsədləri üçün istifadə edənlər Və ya Ağcabədi rayonundakı şəhid ailəsinin tələbləri əsaslıdırmı? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şəhid ailəsinin hisslərindən məqsədləri üçün istifadə edənlər Və ya Ağcabədi rayonundakı şəhid ailəsinin tələbləri əsaslıdırmı?

Şəhid ailəsinin hisslərindən məqsədləri üçün istifadə edənlər Və ya Ağcabədi rayonundakı şəhid ailəsinin tələbləri əsaslıdırmı?

Müəllif: cavidan
//
24 Eylül 2020
//
//


Şəhid ailəsinin hisslərindən məqsədləri üçün istifadə edənlər Və ya Ağcabədi rayonundakı şəhid ailəsinin tələbləri əsaslıdırmı?

Son vaxtlar bir sıra KİV-lərdə şəhid ailəsi Xanım Talıbovaya Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən qərəzli münasibət göstərilməsi, onların haqqı olan 10 ha torpaq sahəsinin verilməsinə maneələr yaradılması barədə əsası olmayan iddialar yayılır.

Ağcabədi şəhəri Əli Talıbov küçəsi, 77 saylı ünvanda yaşayan, şəhid ailəsi Talıbova Xanım Muxtar qızı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına, Mərkəzi İcra Hakimiyyəti orqanlarına, Ağcabədi Rayon İcra Hakimiyyətinə və kütləvi informasiya vasitələrinə mütəmadi olaraq ünvanladığı müraciətlərində həyat yoldaşı Talıbov Əli Hüseyn oğlunun Qarabağ müharibəsində şəhid olduğunu, uzun illərdir Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin onların ailə vəziyyəti ilə maraqlanmadıqlarını, dəfələrlə edilən müraciətlərinə cavab verilmədiyini, dövlət tərəfindən onlara köməklik göstərilmədiyini və 1998-ci ildə keçirilən torpaq islahatı vaxtı onlara pay torpaq sahəsinin verilmədiyi halda, rayonun rəhbər işçiləri tərəfindən dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin zəbt olunduğunu qeyd edərək Ağcabədi bələdiyyəsinin ehtiyat fondundan 10 ha əkinə yararlı torpaq sahəsinin ayrılmasını tələb edir. Məsələ ilə bağlı redaksiyamıza Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsindən açıqlama daxil olub. Açıqlamada deyilir: “Xanım Talıbovanın həyat yoldaşı Talıbov Əli Hüseyn oğlu 1992-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Pay torpaq sahəsinin ayrılması tələbi ilə əlaqədar şəhid ailəsi 2020-ci il 19 mart tarixində rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş və qəbul zamanı onlara müraciətləri ilə əlaqədar müvafiq qanunvericilik normaları ətraflı izah edilməklə nəzərlərinə çatdırılmışdır ki, torpaq islahatı 1998-ci ildə başa çatdığından və rayon İcra Hakimiyyəti rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olmadığı üçün onlara pay torpaq sahəsinin ayrılması mümkün deyildir. Eyni zamanda bildirilmişdir ki, şəhid ailəsi olduqları nəzərə alınmaqla onlara Ağcabədi bələdiyyəsinin ehtiyat fondundan əkinə yararlı torpaq sahəsi ayrıla bilər.
Qəbul zamanı məsələ ilə əlaqədar rayon icra hakimiyyəti başçısının verdiyi tapşırıq və göstəriş əsasında lazımi tədbirlər görülmüş, Ağcabədi bələdiyyəsi tərəfindən müvafiq sənədləşmə işləri aparılmış və koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edildiyi üçün müəyyən ləngimələrə baxmayaraq, Xanım Talıbovaya icarə qaydasında ayrılması nəzərdə tutulan və onların istədiyi 10,0 ha torpaq sahəsi üçün tələb olunan sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə təqdim edilmişdir. Müvafiq qurum tərəfindən araşdırma aparılan zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi iki nəfər vətəndaşın mülkiyyətindədir.

Bundan sonra şəhid ailəsinə əlavə olaraq Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan müxtəlif ərazilərdən kənd təsərrüfatı təyinatlı 10 ha və 7 ha torpaq sahəsi təklif edilmiş, lakin, onlar həmin sahələrin uzaq olduğunu bəhanə gətirərək təklif olunan torpaq sahələrindən imtina etmişlər. Bu gün də onlara torpaq sahəsinin hərrac yolu ilə icarəyə götürülməsi təklif edilir.

Eyni zamanda, Xanım Talıbova müraciətlərində onlara şəhid ailəsi kimi heç bir imtiyaz tətbiq edilmədiyi və köməklik göstərilmədiyini iddia etmişdir. Bu müraciətlərlə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən araşdırma aparılmış və yaranmış zərurətlə əlaqədar “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.16-cı bəndinə əsasən aidiyyəti orqanlara sorğu göndərilmişdir. Lakin göndərilmiş sorğunun mətni qərəzli şəkildə təhrif olunaraq şikayətçiyə ötürülmüşdür.

Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət tərəfindən hər bir şəhid ailəsinə tətbiq edilən imtiyaz və güzəştlərdən şəhid Əli Talıbovun ailəsi də kənarda qalmamışdır. Belə ki, şəhidin həyat yoldaşı Talıbova Xanım Muxtar qızı 2011-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilmiş Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində 36 mənzilli binadan ümumi yaşayış sahəsi 42,5 m2 olan 2 otaqlı mənzillə təmin edilmişdir. Şəhidin vaxtilə yaşadığı küçəyə onun adı verilmiş və şəhidin övladı Talıbov Rauf Əli oğluna Ağcabədi bələdiyyəsinin 12.04.2007-ci il tarixli 06 saylı iclas protokolunun qərarı ilə sahibkarlıq məqsədi üçün 30 il müddətinə 32 m2 torpaq sahəsi ayrılmış, orada mağaza tikilmiş, eyni zamanda Rauf Talıbova bələdiyyədən alqı-satqı qaydasında almış və xüsusi mülkiyyətində olan 0,013 ha torpaq sahəsində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 27.12.2013-cü il tarixli 244 saylı sərəncamı ilə 130 m2 ölçüdə ticarət mərkəzinin tikintisinə icazə verilmiş və hazırda inşası başa çatmış obyekt istifadələrindədir.

Qeyd edək ki, Xanım Talıbovanın övladı Talıbov Hüseyn Əli oğlu 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 82 saylı Ağcabədi Seçki Dairəsindən bitərəf namizəd kimi iştirak etmiş, lakin cəmi 1126 səs (4,27%) toplayaraq seçkidə məğlub olmuşdur. Şəhid ailəsinin yuxarı instansiyalara müraciətləri də məhz bundan sonra mütəmadi hal almışdır. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, Xanım Talıbovanın adından mütəmadi olaraq müraciəti övladları göndərir.

Xanım Talıbova rayon İcra Hakimiyyətinin onun əsassız iddialarını haqsız çıxaran araşdırmasından hiddətlənərək müxtəlif instansiyalara və kütləvi informasiya vasitələrinə müraciətlər etmiş və bu müraciətlərdə rayon rəhbərliyini, müavinlərini, RİHB aparatının şöbə müdirlərini cinayətkar adlandıraraq ünvanlarına şər və böhtan atmışdır. Görəsən ayrı-ayrı KİV-lər qarşı tərəfin mövqeyini öyrənmədən qərəzli və həqiqəti əks etdirməyən, şəhid ailəsinin hisslərindən öz məqsədləri üçün istifadə etməklə xəbərlər yaymaqda böyük məsuliyyət daşıdıqlarının fərqindədirlərmi?









Xəbər Lenti Giriş Populyar Reklam