Prezident müsəlman ölkələrinə çağırış edir – TƏHLİL » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident müsəlman ölkələrinə çağırış edir – TƏHLİL

Prezident müsəlman ölkələrinə çağırış edir – TƏHLİL

Müəllif: cavidan
//
21 Eylül 2020
//
//

Prezident müsəlman ölkələrinə çağırış edir – TƏHLİL


Bəzi müsəlman ölkələrinin Ermənistanla sıx təmaslar qurması Azərbaycan dövlətinin və cəmiyyətinin haqlı etirazlarına səbəb olur.

Diplomatik münasibətlər, siyasi və iqtisadi əlaqələr qlobal dövrdə həlledici amildir. Ancaq dövlətlər ölkələrarası münasibətləri formalaşdırarkən öz doktrinası və daşıyıcısı olduğu ideologiyaları da əsas götürür. Bəzi müsəlman ölkələrinin isə Ermənistanla münasibətləri ildən-ilə istiləşdirməsi İslam konsepsiyası ilə ziddiyyət təşkil edir.

Bu ziddiyyətə nəzəri baxımdan bəlkə haqq qazandırmaq mümkündür. Bu mənada ki, müsəlman ölkəsinin hansısa xristian ölkəsi ilə əlaqələr qurması normaldır. Amma müsəlman ölkələrinin Ermənistana münasibətdə eyni mövqeni sərgiləməyə praktiki prizmadan hansısa haqq qazandırılması ikili yanaşmadan o tərəfə keçə bilməz.

Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Ermənistanla münasibətləri dərinləşdirən müsəlman ölkələrinə mesajlar verib.

Dövlət başçısı bildirib ki, Azərbaycan həmişə müsəlman ölkələrinə kömək göstərərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə edib.

“Həm səsvermə zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni, bu həmrəylik sözdə yox, əməldə olmalıdır. Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq”,-deyə Prezident əlavə edib.

Müsəlman ölkələrindən İordaniya, İran və Misir Ermənistanla əlaqələri genişləndirirlər. Bu ilin iyulunda Tovuz döyüşlərindən sonra bəlli oldu ki, İordaniya Haşimilər Krallığı Ermənistanla hərbi-siyasi ittifaqdadır və işğalçı ölkəyə silah satır.

Bu məlumatlardan sonra, iyulun 27-də İordaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib, Araz Əzimov İordaniyanın Ermənistana silah satmasından narahatlığını ifadə edib.

Prezident İlham Əliyev müsəlman ölkələrinə xitab edərək deyib:

“Müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar. Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin”, - deyə Prezident söyləyib.

Bu yaxınlarda Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Misirə səfəri zamanı iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi müzakirəyə çıxarılıb.

Prezident İlham Əliyev bildirib ki, onda olan məlumatlara görə, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Misirdə hansısa dini liderlə görüşüb.

“Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib”,-deyə Prezident əlavə edib.

Ermənistanın dövlət siyasətində islamofobiya, türk-müsəlman düşmənçiliyi xüsusi çəkiyə malikdir.

Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra məhz dini və etnik mənsubiyyətinə görə, Ermənistanda 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınıblar.

Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib.

Məlumatlara əsasən, qaçqın soydaşlarımızın talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil edir.

İlham Əliyevin sözlərinə görə, Ermənistanda uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyanı uşaqlara aşılayırlar.

Dövlət başçısı bütün müsəlman ölkələrinin rəhbərlərinə xitabən söyləyib ki, Ermənistan onların dostu deyil.

İlham Əliyev bəzi müsəlman ölkələrinin Ermənistanda hansı maraqlarının olmasının ziddiyyət doğurduğuna işarə edib. Ən azından ona görə ki, Ermənistanda iqtisadi durum, investisiya mühiti bərbad vəziyyətdədir.

“Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”. Uğursuz ölkədir. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur”.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Bu barədə Mədəniyyət Nazirliyinin məlumatlarında bildirilir.

Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində, həmçinin Ermənistan ərazisində olan tarixi Azərbaycan abidələrini restavrasiya adı altında sürətlə erməniləşdirməyə çalışırlar.

Prezidentin müsəlman dünyasına çağırışı konkret tarixi dəlillərə əsaslanır.

Müsəlman dünyasında Ermənistanla münasibətlərə prioritet sayan ölkələr öz xarici siyasət konsepsiyasında redaktələr etməyə məcburdurlar.
Xəbər Lenti Giriş Populyar Reklam