Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının plenar iclasında çıxış edib

Azərbaycanın səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının plenar iclasında çıxış edib


Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) 75 illik yubileyi münasibətilə təbriklərini səsləndirdi.

Çıxışında nazir bu il ölkəmizdə 100 illik yubileyi qeyd edilən xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan səhiyyə sisteminin inkişafı, əldə etdiyi nailiyyətlərdə və ölkəmizin ÜST-yə üzvlüyünün həyata keçirilməsində müstəsna rolunu vurğuladı.

Teymur Musayev qeyd etdi ki, hazırda səhiyyə sistemlərinin və dünya iqtisadiyyatının COVID-19 pandemiyasından sonrakı bərpa dövrünə tədricən keçidi reallaşmaqdadır.

Nazir vurğuladı ki, Qlobal səhiyyə problemləri və onların müvafiq həll yollarını müzakirə etmək məqsədilə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası ərəfəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.

Nazir 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycanın işğal altında olan ərazilərini azad etdikdən sonra mövcud vəziyyətə dair məlumatı iclas iştirakçılarının diqqətinə çatdırdı: "Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması istiqamətində böyük işlər görülür. Lakin azad olunmuş torpaqların hədsiz dərəcədə minalanması əhalinin təhlükəsiz geri qayıtmasına ciddi maneələr yaradır. Müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 300-dən çox vətəndaş həlak olub və ya ağır yaralanıb. Bu, səhiyyəmiz və əhalimizin sağlamlığı üçün mühüm çətinlikdir. Plenar iclas vasitəsilə dünya ictimaiyyətinin diqqətini mina terroru probleminə və onun səhiyyə sistemlərinə təsirinə cəlb etmək istərdik".

Nazir Ermənistan nümayəndəsinin yenidən Azərbaycana qarşı ÜST-nin gündəliyinə aidiyyəti olmayan siyasi məsələ ilə bağlı əsassız ittihamlar səsləndirdiyini təəssüf hissi ilə qeyd edib: “Azərbaycan Ermənistanın ərazisinə təcavüz etmək cəhdi kimi səsləndirilən fikirləri əsassız sayır və qətiyyətlə qəbul etmir. Azərbaycan ərazisində on mindən artıq erməni hərbçilərinin mövcudluğu regionda gərginliyin və Azərbaycanlıların təhlükəsizliyinə təhdidlərin əsas mənbəyidir.

Ermənistan Laçın yolundan sui-istifadə edərək Azərbaycanda yerləşdirilən silahlı qüvvələrinin rotasiyasını həyata keçirib, onları silah-sursatla təmin edib, çoxsaylı minalar basdırıb, üçüncü ölkə vətəndaşlarının ölkəmizə qanunsuz səfərlərini təşkil edib”.

Teymur Musayev sessiya iştirakçılarının bir daha diqətinə çatdırdı ki, Azərbaycan dövləti beynəlxalq müstəvidə suveren hüquqlarına uyğun olaraq, habelə 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli Bəyanata əsasən dəhliz üzrə yüklərin daşınmasının şəffaflığını və təhlükəsizliyini təmin etmək məqsədilə Laçında sərhəd-keçid məntəqəsini quraşdırdı.

Nazir Azərbaycan dövləti tərəfindən onun suveren ərazisində yaşayan erməni sakinlərinin yenidən siyasi, iqtisadi və sosial çərçivələrlə inteqrasiyası istiqamətində ardıcıl səylərin davam etdiriləcəyini bildirdi: “Biz Ermənistan nümayəndəsini beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərindən əl çəkməyə dəvət edirik. Əksinə, Ermənistan Baş nazirinin bu günlərdə açıq şəkildə səsləndirdiyi bəyanatına əsasən iki dövlət arasında münasibətlərin normallaşması prosesinə dəstək verməyini tövsiyə edirik”.

Həmçinin ərazi bütövlüyünə hörmət və suveren dövlətlərin daxili işlərinə qarışmamağın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş mühüm prinsiplərdən olduğunu qeyd edildi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ