
Mövzu ilə bağlı açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov mina xəritələri ətrafında erməni tərəfinin manipuliyasiya cəhdlərinə diqqət çəkib.
O qeyd edib ki, hər ötən gün Ermənistan hakimiyyəti ordusunun necə rəzil durumda olduğunu sübut edir: “Rəsmi İrəvan tərəfindən səslənən faktlar bunun bariz nümunəsidir. Keçmiş erməni hərbiçilərindən basdırılmış minaların yerini soruşmaq mövzusu müqayisəsi olmayan absurd yanaşmadır. Olmadığın ərazidən yeni mina xəritəsi tərtib etmək dünya praktikasında olmayan hadisədir. Əslində bu fakt Ermənistan ordusunun elmi-nəzəri cəhətdən hansı vəziyyətdə olduğunu göstərir. Mina xəritəsi tək Azərbaycana lazım deyil. Erməni silahlı qüvvələrinin ərazidə olduğu dövrdə irəliyə-geriyə çəkilərkən məhz mina xəritələrinə uyğun hərəkət edib”.
Hərbi ekspertin fikrincə, Ermənistan əslində indi özünü sülhpərvər göstərməyə çalışır: “Bakıda keçirilən məhkəmədə hərbi canilər etiraf edirlər ki, vaxtilə azərbaycanlıları Xankəndidən çıxmağa onlar məcbur ediblər. Əvvəllər isə bunu təkzib edirdilər. Reallıq isə odur ki, erməni tərəfi növbəti dəfə digər prosesləri yubatmaq üçün fərqli manevrlər edirlər. Aprelin 15-də Azərbaycanın eksklav kəndləri olan Qazaxın 3, Naxçıvanın 1 kəndi boşaldılmalı idi. Qarşı tərəf növbəti dəfə məsələni yubatdı. Bu da sözsüz ki, narahatlıq yaradır”.