Sizin reklam burada
Sizin reklam burada

Danışıqlardan qaçan Ermənistan - İrəvanın saxta sülh ritorikası

Danışıqlardan qaçan Ermənistan - İrəvanın saxta sülh ritorikası

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının oktyabrın 8-də Moskvada keçirilən iclasına qatılan Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-standart addımları və kuryoz hərəkətləri ilə yadda qalıb. O, bir tərəfdən Rusiyanın paytaxtında velosiped sürərək video paylaşıb, digər tərəfdən isə şortla şəkil çəkdirərək sosial şəbəkə hesablarında yayıb.

Bunun arxasında, şübhəsiz ki, Rusiyaya yönəlik müxtəlif mesajlar gizlənir. Lakin sözügedən iclasın gündəliyində kifayət qədər ciddi və regional əhəmiyyətli məsələlər olub. İclasda MDB-yə daxil olan ölkələrin liderləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Birlik ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və bir sıra sazişlər imzalanıb.

Əvvəlcədən proqnoz edilirdi ki, Moskva görüşü Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının inkişafı baxımından əhəmiyyətli olacaq. Lakin baş nazir Nikol Paşinyan danışıqlardan, yumşaq ifadə etsək, qaçmağa üstünlük verib.

Eyni hal Ermənistanın MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclasında da baş verib. Rəsmi İrəvan Qərbdən aldığı əmr və tapşırıqlara uyğun hərəkət edib. XİN rəhbəri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən imtina edib. Bütün bunlar Ermənistanın sülhə hazır olması haqda bəyanatlarının riyakarlıq olduğunu və sülh prosesindən qaçdığını göstərir.

Əvvəla, XİN rəhbərlərinin iclasında imzalamamaqdan imtina edilən iki bəyanata toxunaq. Sənədlər "Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında" və "Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi" haqqındadır. İkincisi, Ermənistanın bu sənədləri imzalamaması hakimiyyətin onsuz da olmayan nüfuzuna ciddi zərbə vurur.

Ermənistan növbəti dəfə Moskva, Paris, Vaşinqton və ya Tehran kimi müxtəlif siyasi qüvvələrdən istifadə edərək böyük oyun oynamağa çalışır. Eyni zamanda, hər kəsə öz xidmət spektrini təklif edir. İrəvanın bu gediş-gəlişləri artıq Paşinyan rejimi üçün norma halına çevrilib. Xatırladaq ki, o, bir tərəfdən Ermənistanın KTMT-dən çıxması və müttəfiqlik müqavilələrində münasibətlərin pozulması barədə danışır, digər tərəfdən isə yenidən MDB ölkələrinin iclasında iştirak edir.

Paşinyan indi Moskva və digər MDB ölkələri ilə sazişləri sadəcə ona görə imzalamır ki, Qərbdəki dostları bu addıma kəskin və mənfi reaksiya verə bilərlər. Balanslı və vahid siyasət vektorunun olmaması Ermənistana sabitləşməyə və bir çox məsələləri, ilk növbədə, Azərbaycanla olan problemləri həll etməyə imkan vermir. Ona görə də eyni vaxtda ən müxtəlif stullarda oturmaq cəhdləri gec-tez Ermənistan üçün çox acınacaqlı şəkildə başa çatacaq.

İrəvan Moskva və Bakı ilə vacib məsələləri könüllü şəkildə həll etmək fürsətini həmişəlik itirə bilər. Müəyyən bir məqamda o, oyun qaydalarını seçmək imkanından məhrum olacaq və hər şeyi, o cümlədən öz siyasi fiaskosunu labüdlük kimi qəbul etməli olacaq.

Bu səbəbdən də ikitərəfli görüşün keçirilməsi ölkələr arasında sülh razılaşmasının əldə olunmasında mühüm hal kimi nəzərdən keçirilirdi. Həqiqətən də bu görüş, Bakı-İrəvan danışıqlarındakı vasitəçilik mübarizəsində irəliləmək üçün yaxşı fürsət idi. Lakin Ermənistan tərəfi Rusiyanın vasitəçiliyi ilə görüşün keçirilməsindən imtina edib.

İrəvandan fərqli olaraq, rəsmi Bakı danışıqların Moskvada davam etdirilməsinə razı olduğunu bəyan etmişdi, rəsmi İrəvan isə bundan imtina etdi.

Görünür, Ermənistan indi Rusiyanın iştirakı ilə Azərbaycanla sülh danışıqlarına hazır deyil. Aydındır ki, Ermənistan Qərbin vasitəçiliyində maraqlıdır. Cənubi Qafqazdan uzaqda olan dövlətlərin bu məsələyə necə maraq göstərdiyini və regiondakı məsələlərin həllinə hansısa formada qoşulmağa hazır olduqlarını görürük. Pis olan odur ki, onlar çox vaxt bu regionun inkişafına uduşsuz oyun kimi yanaşırlar. Bu, Ermənistanın sülhə hazır olması haqda bəyanatlarının riyakarlıq olduğunu və Paşinyanın sülh prosesindən qaçdığını göstərir.

Ermənistan təkcə Moskvada deyil, elə Avropa meydanlarında da sülh danışıqlarından imtina edir. Məsələn, Moskva görüşündən əvvəl Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi də nəzərdə tutulurdu. Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi irəli sürülmüşdü və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Münxen Təhlükəsizlik Konfransında Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya ev sahibi olaraq eyni formatda bir görüş təklif edirdi.

Azərbaycan Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Report"un sualını cavablandırarkən bildirib ki, Ermənistan tərəfi bundan imtina edib. "Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəlilədilməsindən geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk".

H.Hacıyev qeyd edib ki, müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəlilədilməsinə xidmət edən görüşdən imtina etməsi heç bir halda başa düşülən deyil və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirmək, irəlilətmək əvəzinə bundan imtina edir: "Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüsünü öz tərəfimizdən yüksək qiymətləndiririk".

Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, İrəvan həm Moskva, həm də London görüşündən imtina etməklə sülh prosesinə qarşı riyakarlığını göstərmiş olub. Bu, bir daha göstərir ki, ölkə əbədi olaraq müstəqil dövlət olmaq, forpost və qul psixologiyasından çıxmaq iqtidarında deyil.

"Report" İnformasiya Agentliyi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ