
Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün yeni format təklif edib. Ərdoğan bu barədə BMT-nin 78-ci Baş Məclisi üçün ABŞ-a yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib. "Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq..." - Türkiyə prezidenti deyib.
Ərdoğanın bu təklifinə, hələlik, digər ölkə liderləri münasibət bildirməyib. Türkiyə lideri bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağını açıqlayıb.
Xatırladaq ki, sentyabrın 12-də Ermənistanın yenidən Azərbaycan sərhədində ağır silahlar toplamağa başlamasından sonra Ərdoğanla Paşinyan arasında telefon danışığı olub. Telefon danışığında bütün problemlərin diplomatiya yolu ilə həll edilməli olduğu vurğulanıb və İrəvanla Ankara arasında daimi əlaqə xəttinin yaradılması qərara alınıb. Türkiyənin dövriyyəyə girməsi Ermənistan qarşısında fərqli tarixi seçimlər yaradır.
Birinci seçim: Türkiyənin Ermənistanı loyallşadırma təşəbbüslərini bəzən yaxın tarixdəki futbol diplomatiyası ilə müqayisə etmək cəhdləri var. Hərçənd indiki situasiya Ermənistan hökumətinin 1920-ci ildə üzləşdiyi vəziyyətə daha çox uyğun gəlir. Belə ki, o zaman nə Denikin, nə bolşevik Rusiyasının, nə də Qərbin vəd olunan dəstəyinin real olmadığını anlayan ermənilər Osmanlı ilə özləri üçün ağır olan, amma bir dövlət kimi mövcudluqlarını imkan verən Gümrü anlaşması imzalamağa, Türkiyəyə qarşı bütün ərazi iddialarından imtina etməyə, ona qarşı hər hansı III dövlətin yanında yer almamaq haqda öhdəlik götürməyə məcbur olmuşdular.
İndi də Rusiya ilə Ermənistan arasında izlənilən gərginlik, Qərbin və İranın böyük vədləri müqabilində hər hansı real addım atmağa qabil olmamaları səbəbindən Ermənistan Türkiyə ilə yaxınlaşmağa məhkumdur. Ərdoğan sentyabrda G20 sammitində də qeyd etmişdi ki, yaxınlarda Paşinyanla görüşü gözlənilir.
Bəzi şərhlərdə iddia olunur ki, Türkiyə Azərbaycanın qanuni hüquqlarının müdafiəsi üçün üzərinə düşəni etməkdən çəkinməsə də, Azərbaycanın Ermənistana, xüsusən də Paşinyana çox təzyiq göstərməsini istəmir. Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün Gürcüstan və Azərbaycanla yaxşı münasibətlərindən istifadə edərək problemləri çözməyə çalışan “böyük qardaş” mövqeyini tutmalıdır.
İkinci seçim: “Yeni Şafak” qəzeti Paşinyanın hakimiyyətə gəldikdən sonra Rusiyadan çox asılı olan ölkəsinin kursunu zorla ABŞ-a yönəltməyə çalışmasını mərhum Misir prezidenti Ənvər Sədatın 1973-cü ildən sonra atdığı addımlarla müqayisə edib. “Cumhuriyyet” də İrəvanın üzünü Qərbə çevirməsini anti-amerikan mövqedən dəyərləndirir və ABŞ-ın Qafqazda “ikinci cəbhə” açmaqda maraqlı olduğunu qeyd edir: “ Əslində, son vaxtlar bu məqsədlə müəyyən addımlar atıb - ABŞ Rusiyanın Azərbaycan və Ermənistanla üçtərəfli sülhünü pozmağa, sülh müqaviləsinə müdaxilə etməyə çalışıb”.
Paşinyan nə miqyasca, nə yetişdiyi mühitə görə Ənvər Sadat, Dağlıq Qarabağ problemi də Fələstin münaqişəsi deyil, yəni istəsə də Paşinyan “erməni Sadat” rolu oynaya bilməz. Amma ölkəsində onu Sadatın taleyini yaşatmağa, terror və ya hərbi çevriliş yolu ilə aradan götürməyə hazır olan kifayət qədər qüvvələr var. Özü də tez-tez belə qüvvələrin varlığından bəhs edir, onları zorakılığa əl atmamağa çağırır.
Üçüncü seçim: “Aljazeera” Türkiyə prezidentinin İranın Zəngəzur dəhlizi əleyhinə fəaliyyəti haqda çıxışlarına işarə edərək, quru dəhlizlərinin açılması məsələsinin Cənubi Qafqazda iki qonşu arasında mübahisədən kənara çıxdığını qeyd edir. Azərbaycan və Türkiyə prezidentləri II Qarabağ savaşından sonra 3 region ölkəsinin, üç də həmhüdud ölkənin (Türkiyə, Rusiya və İran) qoşulacağı 3+3 formatı təklif etmişdilər. İran indi də 3+ 3 formatı haqda açıqlamalar verir, Ərdoğanın dördtərəfli format təklifini isə dərhal Tehranın oyundan kənar qoyulması kimi dəyərləndirməyə başlayıblar.
Dördüncü seçim: Bu, yenidən Minsk qrupu formatına yaxın formatın bərpası cəhdləridir. Hazırda Rusiya və ABŞ, Rusiya və Fransa arasında kəskin ziddiyyətlər, Azərbaycanın bu formatdan birmənalı imtinası bu cəhdləri mümkünsüz edir. Üstəlik, savaşdan sonrakı proseslər göstərir ki, indi regionda Fransa və ABŞ deyil, Türkiyə, İran, müəyyən qədər İsrail daha fəaldırlar. Hətta Pakistan, Hindistan, Çin, eləcə də, Misir və Səudiyyə Ərəbistanı timsalında ərəb dünyası, bir sözlə, “qlobal Cənub” Qərbdən regionda daha çox maraqlıdırlar, siyasi proseslərdə iştiraka can atır. Regionun tarixi keçmişi “qlobal Cənubl”a bağlı olduğu kimi, gələcəyi bura daha indekslənib. Lakin bu, Qərbin prosesdən geri çəkiləcəyi və ya onun gözardı edilməli olduğu haqda yanlış nəticələrə də əsas verməməlidir. Qərb hələ uzun müddət bölgədə olacaq, savaşdan sonra təklif edilmiş 3+2 (3 Cənubi Qafqaz ölkəsi+ ABŞ və Aİ), 5+3+2 ( 5 Orta Asiya dövləti+ 3 Cənubi Qafqaz dövləti+ ABŞ və Aİ) formatları bu və ya digər şəkildə yenidən gündəliyə gətiriləcək.
Sirr deyil ki, bir müddət danışıqlar 2+ 2 (Bakı və İrəvan+ Vaşinqton və Brüssel), eləcə də 3 tərəfli formatlar (Bakı-İrəvan-Moskva) üzrə paralel aparılıb. Azərbaycan paralellərdən məharətlə istifadə edərək, ABŞ, Aİ, Rusiya, ən əsası, Ermənistanı Azərbaycanın ərazi bütövlüyü haqda bəyanatlar verməyə vadar edə bilib.
İndiki mərhələnin çətinliyi ondadır ki, paralel formatlar artıq bir-birinə əngəl olmağa, prosesi əyləməyə başlayıb. İndi də seçimlər çeşidlidir, o cümlədən qeyri-diplomatik seçimlər də var. Amma Azərbaycan həmişə ən düzgününü seçməklə uğur qazanıb. Yenə də seçim Paşinyanda yox, bizdədir, ondan yeni Kaçaznuni və ya Sadat düzəltmək bizdən asılı olacaq.