Sizin reklam burada
Sizin reklam burada

28 May - Respublika Günü Azərbaycan tarixinin qızıl səhifəsidir

28 May - Respublika Günü Azərbaycan tarixinin qızıl səhifəsidir



28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.

1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Sonradan Ulu Öndərin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla həmin gün – 22 noyabr ədliyyə qulluqçularının peşə bayramı günü kimi təsis olunub.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.
Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Eyni zamanda, ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişaf və dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını zəruri edib. Son illərdə hüquq sistemində aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktları ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək, onların qarşısında yeni vəzifələr qoyub. Qeyd olunanları nəzərə alaraq ədliyyə orqanlarının inkişafı məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə yeni vəzifələr həvalə edilib, struktur təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib, habelə 2006-cı il mayın 26-da “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.
Son illərdə qəbul edilmiş sənədlər arasında hüquq sahəsində islahatlara yönəldilmiş 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam və 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edir.
Həyata keçirilmiş bütün bu tədbirlər məhkəmə-hüquq sahəsinin inkişafını şərtləndirir.
Bu illər ərzində ölkəmizin hərbi qüdrəti də getdikcə artıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. Məhz bu kompleks tədbirlərin nəticəsidir ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan Ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısını aldı və düşmənin dinc əhaliyə qarşı hücumlarını dəf etdi, sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq bir çox ərazilərimizi, ö cümlədən olduqca mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri düşməndən azad etdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.
Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən döyüşlərdə ən müasir silahlardan peşəkarlıqla istifadə edilməsi, yüksək dağlıq şəraitdə, sıldırım qayalıqlarda həyata keçirilən əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsi də Azərbaycanın hərb tarixinə şərəfli səhifə kimi yazıldı.
Azad edilmiş ərazilərdə qarşılaşdığımız dəhşətli mənzərə, dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması üçün Prezidentin göstərişi ilə sürətli bərpa işləri həyata keçirilir.
Bu gün ədliyyə qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırdır. Bu sevinci, qüruru, tarixi qələbəni yaşadıqları üçün Ali Baş Komandan İlham Əliyevə minnətdar olan ədliyyə işçiləri şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə, hərbçilərimizə, Vətənin keşiyində duran igid oğullarımıza sağlamlıq, güc-qüvvət arzulayırlar. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə 28 May - Respublika Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.


Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakiniyyətinin başçısının 1-ci müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ