Sizin reklam burada
Sizin reklam burada

Öz vəsiyyəti ilə xalqına tarixi zəfəri əmanət edən ümummilli lider… - VİDEO

Öz vəsiyyəti ilə xalqına tarixi zəfəri əmanət edən ümummilli lider… - VİDEO


Ötən əsrin sonları Azərbaycan tarixi, dövlətimizin müstəqilliyinin təmini və gələcəyinin formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Həmin dövrdə cərəyan edən proseslər, Sovet İttifaqının süquta uğraması və bərpa olunan müstəqilliyimizin qarşısında təhdid təşkil edən bir çox məsələlərin varlığı bu taleyüklü məqamda hər bir səhvi bağışlanmaz edirdi.

Təəssüf ki, o dövrdə ölkə rəhbərliyində olan şəxslərin həmin o bağışlanmaz səhvləri müstəqilliyini yenicə qazanmış Azərbaycanı məhvə aparır, ölkənin gələcəyini sual altında qoyurdu.

Azərbaycan xalqı isə bütün bu suallara cavab tapacaq, düzgün yolu tutmaqda rəhbərlik edəcək, ağır tənəzzülü dünyanın həsəd aparacağı templərlə inkişafa çevirə biləcək bir liderin varlığından xəbərdar idi.

Hansı ki, o lider artıq dövlətin idarə edilməsi sahəsində təcrübəsini ortaya qoymuş, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə xalqın közərməkdə olan ümidlərini yenidən alovlandıracaq həmin o tarixi şəxsiyyət olduğunu növbəti dəfə sübut etmişdi.

Həmin o lider öz xalqı naminə minlər, bəlkə də milyonlarla insanın xəyallarında belə çata bilməyəcəyi yüksək vəzifələrdən - SSRİ kimi nəhəng imperiyanın Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefa vermiş, 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı danışmaqdan hər kəsin qorxduğu bir məqamda SSRİ-nin mərkəzində, Moskva şəhərində həqiqətləri bütün dünyaya çatdırmaqdan çəkinməmişdi. Həmin lider öz xalqı naminə yüksək vəzifələri düşünmədən bir kənara atmış, həyatını təhlükəyə atmaqdan bircə an belə çəkinməmişdi.

Heydər Əliyev müstəqil Azərbaycanın tarixinə öz adını qızıl hərflə yazdırmadan hələ çox öncə Vətəni və xalqı naminə gördüyü işlərlə, hər addımında rəhbər tutduğu xalq maraqları ilə ümummilli liderin bütün cizgilərini ən incə detallarına qədər özündə daşıdığını ortaya qoymuşdu...

1969-cu il



Sözügedən tarix Azərbaycanın müstəqilliyini bərpasından uzun illər öncəyə təsadüf etsə də, sonradan bu tarixin Azərbaycan dövlətinin gələcəyi və qüdrətinin hər ötən gün artması yolunda ən önəmli hadisə olduğunun fərqinə vardıq.

Sözügedən tarixdə - Kommunist Partiyası Mərkəzi Komitəsinin iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Bununla da Heydər Əliyevin Azərbaycanın gələcəyi naminə gördüyü böyük və misilsiz xidmətlərin keyfiyyətcə yeni mərhələsi başlayıb. Dahi şəxsiyyət özünün məharəti və sahib olduğu keyfiyyətlərlə qazandığı nüfuz və mövqeyi öz xalqının maraqları naminə yönəltməyə daha geniş imkanlar qazanıb. Heydər Əliyev sonradan SSRİ-nin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilib, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunub.

Keçmiş ittifaqda Heydər Əliyevin getdikcə artan nüfuzu, təbii ki, bir çoxlarını narahat edirdi. Öz sıralarından çıxmış bir Vətən oğlunun bu cür yüksək mərtəbəyə çatması və nüfuzunun bütün dünyaya yayılmasına ən çox sevinən və bununla öyünən isə sözsüz ki, Azərbaycan xalqı idi.

Buna səbəb həm də Heydər Əliyevin fəaliyyətində hər zaman Azərbaycan xalqını düşünməsi, onun hərtərəfli inkişafı üçün mümkün olan bütün cəhdləri göstərməsi və bütün bunları özünün yorulmaz fəaliyyəti ilə təsdiq etməsi olub.



Üstəlik, azərbaycanlının keçmiş ittifaqda bu cür üstün vəzifə sahibi olması həm də Azərbaycan xalqının sahib olduğu yüksək intellektin və bacarıqların ifadəsi kimi xalqımız tərəfindən qiymətləndirilirdi.

Heydər Əliyevin inamla və sürətlə yüksəlişi, təbii ki, ən çox Azərbaycan xalqına qarşı kin və nifrət hisslərini cilovlaya bilməyən erməniləri narahat edirdi. Onların bu paxıllıq hisslərinin qarışdığı məkrli planlarında bizə adı çox yaxşı tanış olan Mixail Qorbaçov mühüm rol oynayırdı.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verməklə də özünün həqiqət uğrunda mübarizəsini və barışmaz mövqeyini hər kəsə sübut etdi.

1990-cı illərdə baş verən hadisələr isə artıq Heydər Əliyevdən xalqının mənafeyi uğrunda – bu dəfə onu da arxasınca aparmaqla daha böyük bir mübarizəyə başlamağı tələb edirdi. Siyasi proseslər, ölkədə hökm sürən hərc-mərclik, dövlətin taleyinin sual altında olması artıq Heydər Əliyevin layiq olduğu ümummilli lider obrazını öz çiyinlərinə götürməsini zərurətə çevirirdi.

1987-ci il



1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, bunun ovaxtkı SSRİ prezidenti Mixail Qorbaçov və erməni mafiyasının planı əsasında həyata keçirilməsi, daha sonra Azərbaycana qarşı kampaniyanın başlanması, Sumqayıt hadisələri, 20 Yanvar, Xocalı soyqırımının törədilməsi və s. – bütün bunlar dünya erməniliyinin son 200 ildə tərtib etdiyi “Böyük Ermənistan” ideyasının addım-addım reallaşdırılması idi.

Sözügedən məkrli planları quranlar üçün isə bu yolda ən böyük əngəl məhz Heydər Əliyevin şəxsiyyəti və sadiq olduğu Azərbaycan sevgisi idi. 1987-ci ildə Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması yuxarıda qeyd olunan planların icrasına zəmin yaratdı və 1990-cı illərin əvvəllərində yaşananlar bütün bunları təsdiqlədi.

Müharibə, döyüş meydanındakı uğursuzluqlar, ölkə daxilindəki hakimiyyət davası, rəhbərlikdə olan şəxslərin səriştəsizliyi, ölkə iqtisadiyyatının acınacaqlı durumu - bunlar isə həmin dövrün real mənzərəsi idi. O illər Azərbaycanda ovaxtkı hakimiyyətin yarıtmazlığı nəticəsində separatçılığın, özbaşınalığın, anarxiya və xaosun baş alıb getməsi, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, Azərbaycanın daxili qarşıdurmalar arenasına çevrilməsi ilə səciyyəvi idi.

Bu vəziyyətdən isə dünya erməniliyi maksimum istifadə etdi. Nəticədə ölkədəki vəziyyət hər ötən gün daha da ağırlaşmağa başladı. Lakin bütün bu planları süquta uğradan, zülmətə qərq olan ölkədə ümid işıqlarını parıldadan, bu vəziyyətə dur deyən yenə də Heydər Əliyev, onun siyasi dühası, səriştəsi və uzaqgörənliyi oldu.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü il



1993-cü ilin may-iyun aylarında Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı, bu səbəblə xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin odövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Çünki hər bir azərbaycanlı üçün yaranan ağır vəziyyətdən çıxış yolu sadəcə Heydər Əliyevin varlığı idi.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan dövlətçiliyinin, xalqımızın gələcəyinin sual altında qaldığı bu cür taleyüklü məqamda – tarixin bizi ən ağır sınaqdan keçirdiyi həmin o məsuliyyətli dövrdə Heydər Əliyev ümummilli lider keyfiyyətlərini ortaya qoyaraq xalqı ətrafında birləşdirməyə nail oldu. Məhz onun müstəsna səyləri nəticəsində Azərbaycanın düçar olduğu tənəzzül yerini nikbin baxışlara, parlaq gələcəyin inşasına buraxdı.

Azərbaycanın bütün faciə və təlatümlərdən üzüağ çıxmasının, dövlətçiliyimizin qorunub-saxlanması və inkişafının əsas səbəbi tarixin bizim üçün bu cür həlledici məqamında ölkədə Heydər Əliyev kimi siyasi liderin mövcudluğu, Azərbaycan xalqının ona dərin inamı, böyük etimadının olması və arxasınca getməsi oldu.

Ümummilli lider uzun illər boyu qazandığı idarəetmə təcrübəsini müstəqil Azərbaycanın rifahı, inkişafı və tərəqqisinə yönəltməklə öz xalqının xilaskarına çevrildi.

Qısa müddətdə görülən tədbirlər sayəsində Ermənistan 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.

Bundan sonra əsas diqqət Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi, sosial-iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması, institusional islahatların həyata keçirilməsi və müasir cəmiyyət quruculuğuna yönəldildi.

Müstəqilliyini yenicə bərpa edən ölkəmizin beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəyliyin təmin edilməsi uğrunda Heydər Əliyev misilsiz xidmətlər göstərib. Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I Qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul edib. Bununla Azərbaycan dövləti ilə xaricdə yaşayan həmvətənlərimiz arasında koordinasiya təşkil olunub, Azərbaycanın maraqları uğrunda mübarizənin əsasları və istiqamətləri müəyyən edilib.

Təbii ki, Heydər Əliyevin səriştə və uzaqgörənliyindən danışarkən adı tarixə “Əsrin müqaviləsi” kimi keçən layihənin reallığa çevrilməsini unutmaq olmaz. 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə bağlandı.

Heydər Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dirçəldilməsinə yönəlmiş addımlar tezliklə öz nəticəsini verməyə başladı. Ümummilli lider və onun siyasi xəttini davam etdirən dövlət başçısı İlham Əliyevin dövründə Azərbaycan iqtisadiyyatı özünün ən yüksək səviyyəsinə qədər inkişaf etdi.

Heydər Əliyevin iqtisadi siyasətinin nəticəsində dünyanın aparıcı enerji şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edilməsi ölkəyə investisiya axınının başlanmasına, nəhəng enerji layihələrinin icrasına gətirib çıxardı. Enerji sektorundan əldə olunan gəlirlər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yönəldildi.

Haqlı olaraq deyə bilərik ki, Heydər Əliyevin dövlətin rəhbərliyinə qayıtdığı tarix - 1993-cü ildən 2003-cü ilə qədər olan dövr - ölkəmiz üçün milli dövlətçiliyin qorunub-saxlanması və davamlı müasir inkişafının başlandığı mühüm mərhələ kimi tarixi əhəmiyyət kəsb edir.

2003-cü il

Qısa müddətdə ölkədəki problemlərin və ağır durumun yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlər xalqın Heydər Əliyevə etimadını daha da artırdı. Ümummilli lider 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1%-ni toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqın rifah içində yaşaması və Azərbaycanın qüdrətinin getdikcə artması üçün yorulmadan çalışan Heydər Əliyev növbəti beş ildə də bu ləyaqətli və şərəfli yola davam etdi, hər zaman rəhbər tutduğu prinsiplərə, öz xalqının maraqlarına sadiq oldu.

2003-cü ildə isə prezident seçkisində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkidə iştirak etməkdən imtina edərək öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etdi, dekabrın 15-də Bakıda I Fəxri xiyabanda dəfn olundu.



Ümummilli liderin vəfatı Azərbaycan xalqını dərin hüznə boğsa da, Heydər Əliyevin bizə miras qoyduğu Azərbaycan hər birimizin gələcəyi üçün inam yerinə çevrildi.

Ulu öndərin parlaq və uzaqgörən siyasi xətti, onun Azərbaycanın gələcəyinə dair təsəvvürləri və arzuları Prezident İlham Əliyevin rəhbərliyi dövründə də ön planda dayanır. 2003-cü ildən başlayaraq ulu öndərin yaratdığı möhkəm və etibarlı təməl üzərində Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi, mədəni və digər sahələrdə inkişafının təmin edilməsi yolu olduqca yüksək templə davam etdirilməyə başlandı.

Azərbaycan dövləti tərəfindən mühüm enerji layihələrinin reallaşdırılması, regionların sosial-iqtisadi inkişafı, sosial-iqtisadi infrastrukturun yenidən qurulması, Azərbaycanın regionun nəqliyyat-kommunikasiya habına çevrilməsi, uğurlu ordu quruculuğu sahəsində görülmüş tədbirlər milli maraqlara əsaslanaraq müstəqil siyasət yürüdən Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da gücləndirdi.

Əsası Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin liderliyində daha da şaxələnən Azərbaycanın inkişaf strategiyası uğurla reallaşdırıldı.

Bu illərdə Azərbaycan dövləti həm də beynəlxalq arenada öz nüfuzunu artırmağa nail olub. Buna səbəb isə təbii ki, Azərbaycan Prezidentinin Heydər Əliyev ideallarına sadiq siyasi xəttinin ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş və müttəfiq kimi qəbul edilməsinə zəmin yaratmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin dünyada nüfuz sahibi lider olması, Azərbaycan dövlətinin qlobal problemlərin həllinə dair təklif və təşəbbüslərlə çıxış etməsi, hər zaman dünya gündəmindəki məsələlərə düzgün yanaşma nümayiş etdirməsi ölkəmizin siyasi qüdrətinin tanınması baxımından da önəmli amilə çevrildi.

2020-ci il - ulu öndərin vəsiyyətinin gerçəkləşdiyi məqam



Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, Azərbaycan iqtisadiyyatının güclənməsi, müasir ordu quruculuğu və xalqla iqtidar arasındakı dərin etimad Azərbaycanı 44 günlük müharibədə zəfərə daşıyan əsas amillərdən idi.

Yəqin ki, hər birimiz ümummilli lider Heydər Əliyevin öz çıxışlarında dəfələrlə Azərbaycanın işğala son qoyacağını, xalqımızın yenidən öz doğma yurd-yuvalarına qayıdacağını söylədiyi nitqini xatırlayırıq. Bu sözlərin arxasında böyük uzaqgörənlik, xalq sevgisi və xalqın gələcəyi uğrunda yorulmadan gecə-gündüz böyük səylə çalışan dahi siyasətçinin təcrübəsi dayanırdı. Bu təcrübə isə ümummilli lider kimi uzaqgörən siyasətçiyə yekun nəticənin necə olacağını hələ illər əvvəl göstərirdi.

Burada ən önəmli məqamlardan biri Prezident İlham Əliyevin liderliyində həmin kursun davam etdirilməsi, daha da təkmilləşdirilməsi və yeni geosiyasi reallıqlara uyğunlaşdırılması oldu.

Yekun isə xalqımızın hər bir üzvü üçün qürur mənbəyinə çevrildi. Azərbaycan tarixi ədaləti bərpa edərək 44 günlük müharibə ilə erməni faşizminə qalib gəldi. Bir vaxtlar Heydər Əliyev tərəfindən Azərbaycanı məhv etmək haqda planlarının üzərindən xətt çəkilmiş ermənilərə ulu öndər yolunun davamçısı Ali Baş Komandan İlham Əliyevin liderliyindəki qüdrətli Azərbaycan da tarix dərsi verdi.



Prezident İlham Əliyevin hər bir azərbaycanlı üçün mənəvi dəyəri olan Şuşa şəhərinin azad olunması xəbərini xalqa çatdırarkən dediyi sözlər ulu öndərin öz xalqı naminə etdiklərini, onun Azərbaycan sevgisini, Vətənə olan sonsuz məhəbbətini ən gözəl şəkildə ifadə edir:

“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Bu gün Azərbaycan dövləti öz qüdrəti ilə hər kəs üçün nümunə olmağa, hər zaman ədalətli mövqe nümayiş etdirməyə, Heydər Əliyev prinsiplərinə sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyində sürətli inkişafa və tərəqqiyə davam edir. Azərbaycan dövləti məhz bu sabitlik və davamlı inkişaf, xalqın öz liderinə sonsuz inamı sayəsində tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Ona görə də əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin dediyi kimi, bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Bu gün hər bir azərbaycanlı haqlı olaraq öz dövləti ilə öyünə, onunla qürur duya bilir!



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ