Sizin reklam burada
Sizin reklam burada

UŞAQLIQ XATİRƏLƏRİM...

UŞAQLIQ XATİRƏLƏRİM...


Həyat - yaşaya bilmədiyimiz bəlkələr, yaşadığımız keşkələr və içimizdə tutduğumuz nəysələrden ibarətdir, - deyərlər.
Ah uşaqlığım! Dərdsiz başım! Gözəl evim, gözəl ailəm, mehriban qonşularım, sevimli oyuncaqlarım, öz əllərimlə tikərək düzəltdiyim "gəlincik"lərim. Gül ətirli anam, dayağım, dirəyim atam və ömrümün heç bir zaman sağala blməyəcək olan yarası qardaşım - Mahirim... Həyat yollarında mənim əlimdən tutub, ilk addımlarımı mənə öyrədən sevimlilərim, əzizlərim. Küsüb-küsüb dalaşdığım - barışdığım, həyata eyni anda, eyni məhəllədə başladığım dostlarım. Və gülən üzüm, günahsızlığım. Parçalanmamış duyğularım, tərtəmiz qəlbim. İncə, zərif çiyinlərim... İtib gedən illərim... Hardasınız indi, harda....
Bəli...
İnsan yaranışından, dünyaya gəlişindən ta dünyanı dərk edənədək, həm də tərk edənədək, çox şey itirir, ona əziz, doğma yaxın olanlarını itirir, dostlarını, sevimli əşyalarını, oyuncaqlarını, zamanını itirir. Bilirsiniz, insanın sevdiyini itirməsi sanki dişlərini itirməsi kimi bir şeydir. Ağrısını o an yaşayar, yoxluğunu isə ömür boyu...

Biz az itirdikmi? Mehriban, canayaxın qonşuları, içi hüzurla dolu evləri, məhəllədə tay-tuşlarımızla oyunları və hər yaraya məlhəm olan o keçmiş insanları... Biz belə görmüşdük. Əvvəllər insanlar bir-birinə çox yaxın olardı, evlər məsafəcə uzaqdı bir-birindən. İndi evlər sanki iç-içə, bir-birinə bitişik, insanlar isə çox uzaq düşüb bir-birindən. Bizim uşaqlığımızda qonşuluqda, məhəllədə olan analar sanki öz anamız kimiydi. Evinə girib çıxan uşağın əlində bir dilim çörək, əppək olardı, həmin uşağın anası uşağına verdiyi əppəkdən hamımız üçün göndərərdi. Bunlar, bu kimi hisslər hər bir insan üçün uşaqlığından qalan ən əziz xatirələrdır. Ancaq hər bir insanın ən çox yanğısı, acı verəni sözsüz ki, ata-anasının həyatdan getməsi və əlbəttə ki, gözünü açıb yumunca, ildırım sürətilə gəlib keçən uşaqlıq illəridir.
Mən keçmiş anlarıma, o illərə qayıtmağı çox istərdim. Yox, əsla səhvlərimi düzəltmək üçün deyil, bildiyimdən elə də səhvlərim olmayıb. Sadəcə, sarılmaq, qucaqlamaq istədiyim insanlar var ki, artıq onlar yoxdur həyatda. Onları qaytarmaq üçün, onlara sarılmaq üçün nələri verməzdim ki? Nə yazıq ki, onları itirmişəm artıq bilirəm, çox təəssüflə deyirəm ki, onlar bir daha geri dönməyəcəklər. Və mən itirdiklərim arasında ən çox ata-anamı, məndən yaşca üç yaş böyük olan, ata-anamdan sonra sığındığım, dərd ortağım Mahir qardaşımı - mənim ilk uşaqlıq dostumu, can sirdaşımı və bir də əlbəttə ki, uşaqlıq illərimi çox özləyirəm...
Söz var, deyərlər, nağıllar uşaq olarkən yatana qədər, böyüdükdə isə oyanana qədərmiş… Nə yazıq ki, həyatda hər şey uşaqkən gözəldir, hər şey uşaqkən şirindir, əzizdir, bax elə maraqla dinlədiyimiz nağıllar kimi. Arzuların da ən çoxu uşaq olarkən doğulur, ən gözəl xəyalların uşaqkən qurulur, ən adi bir sevinc hissi səni xoşbəxt edir. Hətta ən kiçik arzun yerinə yetərsə, özünü dünyanın ən xoşbəxt insanı sanırsan. Həqiqətən də, uşaqlıq özü də gözəldir, xəyalları da. O dərdsiz xəyallar ki, vardı, onlar uşaqlıqda qaldı. İndi isə nəyisə arzulayırıqsa, ilk öncə onun real olmaması ehtimalını düşünürük. Hər şey zamanla dəyişir. İnsan zamana məğlub olur, zamanla uyğunlaşır hər zaman. Zamansa çox acımasız, nankör və etibarsızdır. Çağdaş gənclərə anlatmaq olmaz bizim qayğısız uşaqlığımızı, gəncliyimizi. Onların dünəni başqa, bizim dünənimiz başqa. Bizim uşaqlığımızda yalnız tək bir sosial şifrəmiz vardı. Onu da hər kəs bilirdi. Elə bir şirin intonasiya ilə, elə bir xüsusi ahənglə səslənərdi: Bayıra- a- a!..". İndiki uşaqların isə bizlər kimi heç macərası yoxdu, çünki kompyüter, müasir teknologiya əsri indiki uşaqların uşaq dünyasını əllərindən aldı. Mavi ekran uşaqların məsumluğunu, körpəliyini əlindən aldı, sanki uşaqlıqdan məhrum edib onları. Onlara baxanda biz çox şanslı uşaqlar olmuşuq. Bəs indiki uşaqlar gələcək nəsillərə dünənlərindən nə danışacaqlar, yaddaşlarında nə aparacaqlar?
Çılpak, ayaqyalın ayaqlarla dolaşardıq, amma ayaqlarımıza bir şey olmazdı. Ana- atalarımız bizim sağlamlığımız üçün heç bir vaxt bizə metobolizmanı qaldıran, gücləndirən vitaminlər və ya başqa əlavə qidalar yedirməzdilər. Yenə də sağlamdıq, şəndik, həm də qayğısız. Hətta özümüz oyuncaqlar düzəldər və onlarla elə gözəl, təbii oynayardıq ki... Məktəbdən döndükdən sonra dərslərimizi hazırlayar, yenə də axşamadək məhəllədə oynardıq. Ancaq biz internetdən tapdığımız dostlarımızla deyil, gərçək dostlarımızla oynardıq. Eynı fincandan az qalsın dörd-beş nəfər su içər, heç bir dəfə də ağız-burun turşutmazdıq. İndiki nəsil uşaqlarla müqayisədə bizim gərçəkdən də, danışılacaq çoxlu macəramız, çoxlu sərgüzəştimiz olub. Uşaqkən dostluqlarımız da çox möhkəmdi, qırılmazdı. Bizim heç bir şeyimiz yoxdu, rahat yaşayışımız yoxdu, rəflər dolu paltarımız, ayaqqabımız, son model mobil telefonumuz, tabletimiz, kompyüterimiz yoxdu. Ancaq demək olar ki, yenə də çox xoşbəxt, çox bəxtəvərdik. Çünki hər kəsin gözü-könlü toxdu, hüzur vardı, güvən vardı, qonşuluq vardı, bir-birine sayğı vardı, hörmət vardı. Biz aqlımızda deyil, sevgimizi ürəyimizdə daşıyırdıq. Bir-birimizə etibarımız çoxdu, güvənimiz çoxdu. Biz uşaqkən "çoox böyük"dük. Məsələn: qollarımızı açanda "dünyanı qucaqlaya" bilərdik. Hətta yeri-göyü bir-birimizə bağışlaya bilirdik. Məhəllə uşaqları ilə gecələri bir yerdə keçirmək bizim üçün ən böyük nemətdi, bəlkə də ən böyük xəyalımız, arzumuzdu. Uşaq kimi uşaqdıq biz... Məhəllədə oyun oynamaqdan doymaz, ona görə də nahara, ya da şam yeməyinə zamanında getmirdik. Bir əlimizdə pomidor, bir əlimizdə əppək, əppəyin üzərinə şor yaxaraq əlimizdə dişləyib yeyə-yeyə yenə oyunlardan qalmazdıq. Yerə düşən əppək qırıntılarını yerdən götürüb öpərək alnımıza qoyardıq. Köhnə paltar qırıqlarından çöpə taxaraq "gəlincik" düzəldərdik. Ana ayaqqabısının "dadına, "ana süpürgəsi"nin, hətta oxlovunun dadına doyunca baxmış uşaqlardıq biz. Amma hər evin, hər ailənin öz qayda-qanunu, öz düzəni vardı əlbəttə. Ata-ananın sözündən çıxmaqmı olardı? Bir kəlmə çağırışa ta uzaqdan qaçaraq gələrdik... Evimiz kəndin yuxarı başında olduğundan, anamız bir dəfə çağıranda səs kəndin ta aşağı məhəlləsinə qədər gedərdi. Ehh, harda indi o günlər, harda?
O zamanlar hər evdə ən "sirli yer" sandıq idi. Anam sandığı açanda sandığın ətrafına elə toplaşardıq ki, guya sandığın içində nə isə möcüzəli bir şey çıxacaq. Anamın sandığında hər zaman gözəl çiçək ətri verən sabunlar olardı. Sandıq hər açılanda onun qoxusu hər tərəfə yayılardı. Ona görə indi də həmin ətir haradan burnuma gəlirsə, ilk andaca uşaqlığım ağlıma gelir. Bəli, bizlər bu cür böyüdük, belə yaşadıq, böyük həyətlərimizdə çevrəmizdəki insanlara güvənərək, əl-ələ verərək, bir-birimizə arxa-dayaq olaraq böyüdük...
O günlər çox-çox gözəldi, hələ bu günümüzlə qarşılaşması, tamam başqa bir aləm. Uşaq kimi uşaq idik biz. Hüzur vardı, hüzurlu evlərimiz vardı, bir-birimizə hörmət, izzət vardı. Çox bəxtəvərdik, özümüzün kiçik dünyamızda. Uçaqkən indi ağız-burun əydiyimiz adicə küləyin də ləzzəti başqa olurdu, hələ pəncərədən baxıb həyətdə gecədən yağıb qalaqlanan ağapbaq ağ qarı demirəm, qardan şaxta baba düzəldərək əriməsin deyə, dua edən uşaqlardıq. Qartopu oynayar, hətta qartopunu suya batırıb bir-birimizi vurar, bundan zövk alardıq. Doğrudur, bu heç də yaxşı öyünməli bir iş sayılmır, amma bu kimi yaramazlıqlarımız da həddən çox olub uşaqlıqda. Qarı görər görməz, bir-birimizin üzünə çiləyər, ağzımıza düşən qarı yalayardıq, necə də dadlıydı, hətta elə acgözlüklə ovcumuzu doldurub yeyərdık, heç fərqində olmazdıq ki, bu ləziz dadın aqibəti sonra üşütmə-atəşin çıxması olar, cür-bəcür virus yaranar, daha nələr, nələr... Hələ duzla, şəkərlə eppək yediyimiz, kiçik nohurlanmış yerlərdən əyilib su içməyimiz, yağış yağarkən özümüzü islatmağımız, islanmış saçlarımızdan düşən su damlalarını isti sobanın üzərinə düşürər, onlar yuvarlanıb getdikcə, "cısss" səsini dinləyib həzz alar, hünərli bir iş görmüş kimi, sevincdən qəhqəhələr atardıq. Çiling ağac, "(klass-klass ) sinif-sinif oyunları, beş daş, "gizlənqaç", qızlarla əl-ələ tutub "bənövşə" oynamağımız...
Haçalı ağacdan "quşatan" düzəldərdik. Bir dəfə belə bir hadisə olmuşdu. Məndən yaşca kiçik olan bacımla həyətdə oturmuşduq, oynayırdıq. Necə oldusa, ağlıma nə gəldise, quşatana qaş qoyub qonşunun həyətinə atdım. Amma daş həyətə deyil, qonşunun pəncərəsinə dəydi. Bunu qırılaraq yerə tökülən pəncərə şüşələrinin səsindən anladıq. O an təbi ki, qorxu və təlaş içərisində bir-birimizə baxışdıq, iki bacı ikimiz də qaçaraq evdə gizləndik. Yaramaz deyildim, ancaq heç bir haqqsızlığı da götürməzdim. Özümdən böyük uşaqlardan heç bir zaman qorxmazdım, hətta döyərdim də. Amma sonralar belə yaramazlıqlarıma göre çox peşiman olmuşam.
... Bir dəfə məhəllədə bir oğlan həmin məndən böyük olan qardaşımı dövmüşdü. Daha doğrusu, uzaqdan ona daş atmışdı, daş qardaşımın gözünə dəymişdi. Gözünün içi, həm də kənarları qapqara olmuşdu. Hətta daş gözünün içini cızmış, qan ləkələri vardı. O zamanlar biz həyətimizdə arı saxlayırdıq. Böyük qardaşım meşədən "mundarça" deyilən ağacın zoğlarından qıraraq həyətimizə tökmüşdü. Mundarça çubuğu çox uzun və nazik olur. Ondan o zaman arı səbəti toxumaq üçün istifadə olunurdu (arı saxlayanlar bunu yaxşı bilir). Qardaşımın gözündə qanı görən kimi qaçaraq həyətdən həmin çubuqlardan götürdüm. Küçəyə çıxaraq həmin uşağın üzərinə yeridim. O da doğrusu, heç uşaq da deyildi, 14, 15 yaşlarında olardı, məndən də, qardaşımdan da yaşca böyük idi. Əlimdəki mundarça çubuğunu fırlayaraq həmin uşağı qovmağa başladım və qovduqca çubuğu ona dolayırdım. İnanın, çubuq uşağa dolandıqca oğlandan qışqırıq, fəryad səsləri çıxırdı. Digər uşaqlar onu əlimdən zorla aldılar. Uşaqlıq idi, öncə özümə haqq qazandırırdım bu cür işlərimə görə. Amma sonralar çox peşiman olurdum. Amma heç bir zaman bir-birimizdən küsü də saxlamırdıq, səhəri gün yenə də birgə oynayırdıq. Əminəm, hamınızın olmasa da, bir çoxunuzun başınıza bu cür olaylar çox gəlmişdir. Və o zamanlar evimizdə ən əsası, pul da az idi, ancaq çox xoşbəxt idik. Yoxsul da deyildik biz, sadəcə bizdə pul deyilən o kağız yoxuydu. O "kağız"la heç aramız da yoxuydu, uzaqdı bizlərdən, biz də ondan... Doğrusu, bizim ona ehtiyacımız da yoxdu. Çünki bizim öz dünyamız vardı, kiçik, dərdsiz, qəmsiz dünyamız...
Onu da deyim ki, uşaqlar heç bir zaman kədərli olmazlar, kədərli olanlar varsa da, onlar artıq uşaq sayılmaz. Onlar vaxtından öncə böyümüş, dərdə, qəmə batmış uşaqlardır. Onlar zərif çiyinlərində dünya boyda yük daşıyarlar, uşaqlıqları da çox sürətlə gələr keçər və baxarlar ki, artıq qocalmışlar. Bizim dövrümüzdə elə uşaqlar çox az sayda olurdu. Təbii əgər vardısa da, biz onlara ayrı seçkilik etməzdik, bizə qaynayıb qarışmaqlarını istəyir, bərabər oynardıq, bərabər gülərdik. Biz isə qəmın-kədərin nə olduğunu bilmirdik. Biz heç bir şeyi düşünmürdük, yalnız uşaqlığımızı yaşayır, dərd çəkmirdik. Bəli, ancaq uşaqlar dünyanın qəmzəsi və təbəssümüdür. O qədər saf, o qədər gözəl, o qədər məsumdurlar ki... Onları dindirəndə hər hansı bir söz soruşduqda elə gözel təbəssümlə baxarlar ki, insana. Hələ oyuncaqları gördükde ilk andakı üz ifadələri hər şeyə dəyər məncə. Arzumdur, dünyada heç bir uşaq dərd-qəm içində böyümesin, zərif çiyinlərində dünyanın ağır yükünü daşımasınlar. Bizim uşaqlığımız belə keçmişdi - internetsiz, telefonsuz, qayğısız, dərddən-qəmdən uzaq. Pul haradan gəlir, dolanışıq haradandır, bilməzdik biz. Çağdaş uşaqların əksəriyyəti, uşaqlıq yaşından çalışmağa başlayır, "evinə çörək pulu" qazanmaq dərdi çəkir, hətta dolanışıq üçün küçələrə düşür. Amma elə uşaqlar da var ki, "yağ-bal" içində böyüyür, yoxsul-fağır uşaqları bəyənmir, hətta onlarla ünsiyyət qurmaqdan da çəkinir. Bizim dövrümüzdə isə bütün uşaqlar eyni idi, bərabər böyüyərdik. Biz kompyüter arxasında oturmamışdıq uşaqlığımızda. Odur ki, uşaqlıq çağlarımızdan danışılası çox söhbətlərimiz, macəralarımız var. Yaxşı yadımdadır, atam ilk dəfə televizor alıb evə gətirəndə kəndimizdə kimsədə televizor yoxdu. Hər axşam bizim evimiz kənd klubunu xatırladırdı. Məhəllə uşaqları ilə evimizdə birgə sırada oturub "multfilm"lərə və o zaman məşhur olan "Qayınana" filminə baxırdıq. "Ağ-qara televizor"da hər axşam "əlifba verilişi"ndə "xoruz baba"nın ifasında nağıl dinləyərdik. Ən maraq etdiyimiz o idi ki, biz özümüzü həmin nağılın içərisində görürdük. Radioda nağıl danışılarken biz də bütün varlığımızla o "cansız radio"yu dinləyərdik. Elə hesab edirdik ki, kimsə oturub radionun içərisində. Böyüdük və anladıq bildik, əslində nəyin içərisində nəyin oturduğunu. Soyuq qış gecələrində işıqları söndürüb tavanda sobanın işığında özümüz üçün əl işarətləri ilə hekayələr uydurub onu heyranlıqla izləyərdik. O səhnələr indi də gözlərim önünə gəlirsə o anları düşünürəm...
Bəli, heç bir şey olmasa da, bizim bu cür dünənimiz deyə, içi antik zənginliklərlə dolu bir keçmişimiz var. İndi bolluq var, hər şey var, amma insanlıq ölmüş sanki, nə olardı keçmiş günlərdəki kimi saf və sadə qalsaydıq. Bizim zamanımızda hər şey yoxdu, istədiyini o dəqiqə ala bilməzdin. Amma bir-birinə sayğı, bir-birinə hörmət, sevgi, güvən vardı. Çəkilən fotolar rəngsiz olsaydı da, sanki həyatımız bütün rənglərdən dolu idi. Həyatımız rəngarəngdi, canlı idi. Nə hər gördüyümüzü istəyər, nə də hər istədiyimiz olardı. Gözəl bayramlarımız vardı. Bayramları gözəlləşdirən bizim özümüz idikmi, yoxsa bayramlar özləri daha gözəldi?!. Yeni bir şeylər almaqmıydı bizi xoşbəxt edən, yoxsa yeni olanın qiymətini bilirdik biz öncələr?!. Ancaq heç bir şey alınmasaydı da nə depressiyaya, nə də stressə düşərdik, çünki biz varlığa şükür, yoxluğa səbr edən uşaqlardıq. Hirsimiz tutan uşağa "üçə qədər saaayyıırram" deyərək, "üç yarım"a qədər vaaxtı uzadan uşaqlardıq biz. "Mən" deyilən heç nə yoxdu, biz vardıq, bizlər vardıq. İndi isə baxırsan ətrafına, küçələrimiz ruhsuzlaşıb sanki. Qonşular bir-birini tanımaz oldu. Sanki ruhu ələ keçirilmiş insanlar olduq biz. Niyə belə oldu, nə dəyişdi axı? Zamanmı günahkar, insanlarmı, dolanışıqmı, elm-texnologiyamı, sosial şəbəkələrmi, çarəsizlikmi günahkar?
Saflığı, yalansız gülən, həyatdan kam alan insanları, bir-birimizə güvənməyi, təmizliyi, paklığı özlədim. Bizləri özlədim mən, o yaşayışımızı özlədim ki, orada ancaq gələcək üçün planlar qurulurdu, o günlərimizi özlədim ki, ancaq büyümək istyirdik. Bəlkə də mənimle bir çoxlarınız razı deyilsiniz. Amma biz nəsil insanlar gərçəkdən də, öxünəxas bir nəsilik. Çünki biz ana-ataların dediyini anlayışla dinləyən, ana-atanın nəsihətinə, öyüdünə qulaq asan bəlkə də son nəsilik. Sanki bizlər tamamilə başqa bir tərbiyədə, tam başqa bir əqidədə böyüdüldük. Buna görə də, bu səbəblərdən də, sevgili uşaqlar, qiymətli gənclərimiz, bizlərdən öyrənin, bizlərdən soruşun, görün, götürün. Bax, o xəzinə bizlərik, çarə bizlərik. Bizlər dünyadan yox olmadan, bizlər dünyanı tərk etmədən bunu edin, nə qədər ki, gec deyil... Hər şeyi və hər kəsi sevin, sevgi göstərin, şəfqətli yanaşın, mərhəmət göstərin...

... Ah uşaqlığım, uşaqlığım! Baxsana, illər nə tez gəlib keçir, heç xəbərin belə olmadan. Gəlsənə, görüşək yenə, oturaq isti sobanın ətrafında, qış gecələrində birləşək, sən danış, mən susum, sonra mən danışım, sən dinlə. Beləcə başlayım masalımın əvvəlini...
... Bir sabah yuxudan anamın təndirdə bişirdiyi əppəyin ətrinə oyansam, atam hər sabah olduğu kimi, səhərin alaqaranlığında işə getsə, qardaşım yatdığım yerdə ayaqlarımı qıdıqlasa, bacılarım yan-yörəmdə olsa, biri saçımı yolsa, biri yorğanımı çəkib atsa. Bir sabah məhəllə uşaqlarının çığır-bağırışına oyansam, bir sabah oyandığımda dərs kitaplarım yastığımın baş ucunda olsa, bir sabah oyanır-oyanmaz üzünü evə tutaraq banlayan xoruzun səsini kəsmək üçün qovalasam... Bir sabah quzuların, təzəcə doğulmuş buzovların mələşməsinə oyansam, bir sabah oyandığımda nənəm bizə gəlsə, ilmə-ilmə hördüyü corabları ayağıma geyindirsə, bizi ətrafına toplayaraq nağıl danışsa...
Çox yaxşı xatırlayıram, nənəm bizə deyərdi: Nağıl dinləməmiş uşaqdan uşaq olmaz, elə uşaqlar pişiyin şəklini də xətkeşlə çizər". Onun üçün də nənəmin bizə gəlişini toy-bayram edərdik, gəlib evə çatmamış, nağıl istəyərdik, rəhmətlikdən.
Dədəmin adı Həmzə idı. Çox ləngərli bir kişi idi. Əsil "köhnə kişilərdən - qarapapaqlardandı, hər kəsin xeyir-şərrinə yarayan, heç kimsəni dilindən incitməyən, mülayim xasiyyətliydi rəhmətlik. Rayonumuzda ən uzun ömürlülər sırasındaydı adı. 117 il ömür sürmüşdü. Hər zaman atın tərkində yediyi inək yağı, bal, ən təbii qidalar. Xurcununda "qızıl əhmədi alması, qoz və o zamanlar yenicə satışda olan "iris" adlı konfet olardı. Başında qara buxara papaq, əlində atın qamçısı olurdı. Çox nurlu siması vardı rəhmətliyin. Xeyir əməllər sahibi, üzündən-gözündən nur yağan, həlim, xoş danışıqlı ağsaqqaldı. Ulu babam Hacı Cəbi babam da dövrünün xeyriyyəçisi, imkanlı şəxslərindən olmuşdu. Ulu babam imanlı, ibadətlə oturub duran, mömin insanıydı. O dövrlərdə Həcc ziyarətinə həm maddiyyat, həm məsafə baxımından çox ağır şərtlərlə gedərdilər. Yəni, avtobus yox, təyyarə yox. Dəvəsi olan dəvə ilə, atı olan atla, olmayan isə piyada gedərdi. Hər kəs 10-15 cüt çarıq tikib götürürlərdi, piyada getdikləri için tez-tez cırılarnış çarıqları. Həcc ziyarətinə gedən hər şəxsin ailəsinin birillik dolanışığını təmin edəcək qüvvəsi, evində ruzisi olmalıydı. Öz ailəsindən başqa bir neçə ailəni də təmin edə bilərdisə, Həcc ziyarətinə gedə bilərdi. Hacı Cəbi babam da o dövrdə rayonumuzdan 5-6 adamla müqqəddəs torpaqlara ziyarətə ilk gedənlərdən olmuşdu. Hətta ürəyində bu arzu, niyyət o qədər güclüydü ki, - "Allahım, mənə güc-qüvvət ver, mən də ziyarətə gedim, ziyarətim qəbul olunarsa, canımı oradaca al", - deyə dua etmişdi. Və vaxt yetişmişdi. Cəbi babam müqəddəs ziyarətgahı ziyarət edərək geriyə dönərkən anidən yolda xəstələnmiş və canını oradaca vermişdi. Yoldaşları Hacı Cəbi babamı orada, Kəbə yaxınlığında "Qərib qəbirstanlığı" adlanan yerdə dəfn etmişlər. Beləcə, babamın arzusu dilədiyi kimi də qəbul olunur.

***
... Bir sabah oyandığımda Həmzə babam atını çaparaq bizə gəlsə, yenə xurcununda öz sovqatlarından bizə gətirsə. Bir sabah oyandığımda məhəllə uşaqlarının səsi ətrafı sarsa. Bir sabah oyandığımda qapı çalınsa, gələn uşaqlığım olsa və həmişəlik bizdə qalsa...

Bir səhər yuxudan durub,
Özünü uşaq görəsən.
Görəsən hər kəs evdədir,
Ölənləri sağ görəsən.
R. RÖVŞƏN

"Bir daha dünyaya gəlsən, kim olmaq istərdin, deyə soruşdular bir müdrik insandan...
Baxdı, gülümsədi və bir dahası yox ki dedi, müdrik insan..."
Doğrudan da, bu həyatda hər şeydən çox şirin olan, xoş xatirələrə çevrilən uşaqlıq illəriymiş. Sanki nağıllar aləmindəsən, əlini atdığın nə varsa sənin, arzuladığın nə varsa, gözlərini yumub açınca real olar, hətta hər şey bir nəfəs qədər yaxın olur sənə. Sanki ən ali hədəfin, sadəcə, ağacın təpəsindən çıxaraq baxmağın böyüyüb böyüklərə çatmağın, böyüklərə aşağıdan yuxarı baxmağın deyil, həm də onların bərabərində olmağı arzulayarsan. Sadəcə, qaranlıqlar qorxutsun səni istəyirsən, pis insanlar deyil.
İllər keçdikcə bunları daha çox hiss edirsən, özləyirsən, niyə böyümək üçün can atıb tələsdiyini heç anlamırsan. Amma mən də heç böyümək istəmirdim doğrusu. Səbəbi, böyüdükcə insanlar daha az gülərlər, sanardım. Uşaq olmağın da ən gözəl olan xüsusiyyəti istədiyin zaman ağlaya bilmək, istədiyin zaman gülməkdir. Böyüdükcə insanlar kimsə görməsin deyə gizli-gizli ağlar. Və mən, indiki Təranə, uşaqlığımı özləyirəm, yıxılaraq qanayan dizlərimi, bir yaramaz iş görərkən anam əsəbləşməsin deyə saxlanıb gizləndiyim qapı arxasını, gizləndiyim masamızın altını, evimizin arxasındakı qoz ağacının qalın gövdəsini, çox qalın olduğundan arxasında gizlənərkən kimsə görməzdi... Xatırlanası çox şey var uşaqlıq çağlarından - beləcə, islanmiş çəmənliklərin ətrini özləyirsən. Çəmənliklərdəki çılpaq ayaqlar, lilə bulaşmış paltarlar, bir uşaq saflığındakı gülüşlər, hər an səninlə yol yoldaşı olacaqmış kimi hiss edərsən. Keçmişdə yaşadığın məhəlləni, uşaqlığını, səndən gedənləri özləyirsən. Ölən yaxınlarını özləyirsən. Hətta, artıq bu mənə lazım deyil, deyərək atdığın, ya da kiməsə verdiyin əşyalarının həsrətini çəkərsən. Ən dəhşətlisi bilirsiniz nədir? Həsrətində olduğun, yanıb-yaxıldığın heç bir şey geri gələn deyil. Artıq bunlar çox geride qaldı... Getdikcə, yaş üstünə yaş gəldikcə sanki hər şeyi olduğu kimi arxanda buraxıb, ucadan hayqıraraq demək istəyirsən: mənə uşaqlığımı qaytarın, insanlar! Böyüklük sizdə qalsın, böyüməkdən bezdim, usandım. Mənə şirin, mübhəm, uşaqlığımı qaytarın, oyunlarla oynayım, həyatla deyil!..
... Bunlar indi ancaq köks ötürərək, arxamızda buraxdığımız o xoş anlardır, onlara bir daha əsla əlimiz çatmaz. Yaşlandıqca, bilirsən ki, bu ömür müvəqqətidir, heç də bu dünya əbədi deyilmiş, insana verilən bu ömür yaşanaraq yazılan bir kitabmış, hər səhifəsi gözləmədiyin anılarla dolu bir kitab, sonunu səbirsizliklə gözlədiyin, xoş duyğularla bitirmək istdiyin bir nağılmış...Bəli... Belədir, həyatda heç nə boşuna baş vermir, heç nə təsadüfi deyil. Bu yaşadıqlarımız da...

TƏRANƏ CƏBİYEVA
Yazar-publisist
BAKI - AZƏRBAYCAN

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ