Sizin reklam burada
Sizin reklam burada

“Vaxtında bilgi verilsəydi, virus bu qədər geniş yayılmazdı” - Çinə qarşı təzminat davası

“Vaxtında bilgi verilsəydi, virus bu qədər geniş yayılmazdı” - Çinə qarşı təzminat davası


İstər ABŞ, istərsə də Avropa dövlətləri koronavirusun yayılmasına görə Çini ittiham edir.

Qeyri-rəsmi olsa da, artıq müəyyən təzminat məbləğlərindən söhbət gedir. Qeyd edək ki, Almaniyada nəşr olunan "Bild" jurnalı Çin hökuməti üçün “koronavirus fakturası” tərtib edib. Jurnal "Çin bizə nə borcludur?" sərlövhəli məqalədə Uhan şəhərindən yayılan virusun Almaniya iqtisadiyyatına vurduğu ziyanlara görə rəsmi Pekinə təxminən 165 milyard dollarlıq bir faktura tərtib edib. “Koronavirus fakturası” adlanan siyahıda mart-aprel aylarında Almaniya turizm sənayesinə 24 milyard avro, film sənayesinə 7.2 milyard avro zərər dəydiyi bildirilir. Siyahıda “Lufthansa” aviaşirkətinə dəyən ziyanın hər saatına görə 1 milyon avro, kiçik müəssisələr üçün 50 milyard avro, ölkə iqtisadiyyatının 4,2 faiz azalmasına görə 149 milyard avro, adambaşına 1784 avroluq ziyan öz əksini tapır.

Çinin Berlindəki səfirliyi isə jurnalı "millətçiliyi, qərəzi, ksenofobiyanı və Çinə düşmənçiliyi təhrik etməkdə" ittiham edib.

Bəs, Qərb dövlətlərinin Çinə təzminat ödətdirmək istəyi reallaşa bilərmi?

Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, postkoronavirus dövründə məhkəmələr, təzminat davaları çox olacaq:

“Araşdırmalar aparılacaq ki, niyə koronavirusla bağlı bilgilər gec verilib. Əgər koronavirusa tutulan ilk xəstələr noyabrın sonu dekabrın əvvəlində bilinibsə, niyə bu sirr olaraq, saxlanılıb, niyə həyəcan təbili çalan həkim ev həbsinə alınıb, sonra da virusdan ölüb? Bu məlumatlar dünya ictimaiyyətinə vaxtında çatdırılsa da, tədbirlər görülsə idi, koronavirus bu qədər geniş yayılmazdı. Ona görə də böyük dövlət təzminat davaları açmağa çalışır. Amma bu o demək deyil ki, bu ittihamlar hüquqi qüvvəyə minəcək və Çin təzminat ödəyəcək. Çünki yüksək məbləğlərdən söhbət gedir. Aydın olan odur ki, Çinin siyasi və iqtisadi nüfuzuna böyük zərbə dəydi və gələcək münasibətlərdə buna böyük əhəmiyyət veriləcək”.

  • Sosial şəbəkədə paylaş