
9 Noyabr Azərbaycan xalqının milli qürurunu, azadlıq ruhunu və dövlətçilik iradəsini əks etdirən əlamətdar günlərdən biridir. Bu tarix ölkəmizin müstəqillik yolunda atdığı mühüm addımların, milli kimliyimizin və dövlət simbolikası üzərində qurulan ideoloji dəyərlərin təntənəsidir. 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli, ay-ulduzlu bayrağı dövlət bayrağı kimi qəbul etməklə, xalqımızın dünya siyasi arenasında öz sözünü deyə biləcək müstəqil bir millət olduğunu bəyan etmişdir.
Bu bayrağın sahib olduğu mavi, qırmızı və yaşıl rənglər çılpaq bir rəng seçimi deyil, min illik tariximizə söykənən dərin mənalar daşıyır:
Mavi rəng – Türk köklərimizi, mənsub olduğumuz böyük türk ailəsini və millətimizin mənəvi yaddaşını ifadə edir.
Yaşıl rəng – İslam mədəniyyətini, ruhani dəyərlərimizi və mənəvi birlik prinsiplərimizi simvolizə edir.
Qırmızı rəng – müasir dövlətçilik ənənələrini, inkişafı, tərəqqini və xalqımızın daha parlaq gələcəyə inamını təcəssüm etdirir.
Bayrağımızın mərkəzindəki aypara xalqımızın mənəvi köklərini, səkkizguşəli ulduz isə Azərbaycan adının tarixi yozumunu və türk dünyası ilə birliyi ifadə edir.
Sovet hakimiyyəti illərində bu bayraq xalqımızın əlindən alınsa da, onun sevgisi və mənəvi gücü insanların qəlbində yaşayırdı. Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdə, üçrəngli bayrağımız yenidən səmalara yüksəldi və xalqımızın azadlıq amalının simvoluna çevrildi. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr tarixi rəsmi olaraq Dövlət Bayrağı Günü elan edildi və bu gün xalqımızın milli birliyinin, vətəndaş həmrəyliyinin rəmzi kimi hər il təntənə ilə qeyd olunur.
44 günlük Vətən müharibəsi isə bayrağımızın müqəddəsliyini daha da uca zirvəyə qaldırdı. Qəhrəman əsgərlərimizin şücaəti sayəsində bayrağımız işğaldan azad edilmiş Şuşada, Füzulidə, Cəbrayılda, Laçında, Zəngilanda və Qarabağın bütün sıldırımlı zirvələrində yenidən dalğalandı. Hər yüksələn bayraq parçası şəhidlərimizin ruhuna hörmət, xalqımızın iradəsinə ehtiram oldu.
Bu gün Azərbaycan bayrağı təkcə bir parça parça deyil. O – xalqın ruhudur, dövlətin səsidir, millətin namusudur, qürurudur.
Bayraq bizə bir olmağı, var olmağı və varlığımızı qorumağı öyrədir.
Qoy üçrəngli bayrağımız əbədi yaşasın!
Qoy ay-ulduzlu bayrağımızın kölgəsi daim Vətənimizin səmasını nura boyasın!
Azərbaycanın Bayrağı – Azərbaycan xalqının qürurudur!
Əkrəm Babayev,
Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru,
1-ci və 2- ci Vətən Müharibəsinin iştirakçısı, Müharibə Veteranı
