
9 Noyabr Azərbaycan xalqı üçün sadəcə təqvimdə bir tarix deyil, milli qürur və kimlik rəmzimiz olan üçrəngli bayrağımızın dövlət səviyyəsində qəbul olunduğu müqəddəs gündür. Bu gün xalqımızın azadlıq, müstəqillik və birlik arzularının təcəssümü kimi dəyərləndirilir. Üçrəngli bayrağımızın qaldırılması, Azərbaycan xalqının əsrlər boyu çəkdiyi mübarizələrin, milli oyanışın və dövlətçilik ənənələrinin bərpası yolunda atılmış ən mühüm addımlardan biridir.
Azərbaycan bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlət rəmzi kimi qəbul edildi. Bayrağın rənglərində dərin məna, milli kimlik və tarixi missiya öz əksini tapmışdır. Mavi rəng türkçülüyün, türklüyə bağlılığın, yaşıl rəng islam mədəniyyətinin və mənəviyyatının, qırmızı rəng isə müasirlik, inkişaf və demokratiya dəyərlərinin simvoludur. Bayrağın ortasında parlayan aypara müsəlman dünyasına mənsubiyyətimizi, səkkizguşəli ulduz isə Azərbaycan xalqını təşkil edən etnik qrupların birliyini və Türk dünyasının rəmzini ifadə edir.
Sovet dövründə Azərbaycan bayrağının istifadəsi qadağan edilmişdi. Lakin xalqımızın qəlbində üçrəngli bayrağa sevgi, sədaqət sönmədi. 1991-ci ildə müstəqilliyimiz bərpa olunduqdan sonra bayrağımız yenidən azad Azərbaycanın səmasında dalğalanmağa başladı. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 9 noyabr tarixi “Bayraq Günü” kimi rəsmən təsis edildi. Bu addım hər bir vətəndaşın qəlbində milli qürur hissini daha da gücləndirdi.
Bu gün Azərbaycan bayrağı təkcə dövlət idarələrinin, məktəblərin və meydanların deyil, hər bir azərbaycanlının qəlbinin üstündə yüksəlir. Xalqımızın qəhrəman oğulları torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edərək bayrağımızı Qarabağda, Şuşada, Laçında, Zəngilanda və digər azad edilən torpaqlarda yenidən dalğalandırdılar. Şuşa qalasının üzərində dalğalanan bayraq, tariximizin ən şanlı səhifəsini yazan 44 günlük Vətən müharibəsinin qələbə simvoluna çevrildi.
Bayraq bizim şərəfimiz, varlığımız, imzamız və qürurumuzdur. Hər bir azərbaycanlı üçün bayraq müqəddəsdir. Hər dəfə üçrəngli bayrağımıza baxanda biz öz keçmişimizi, bu günümüzü və gələcəyimizi görürük. Bayraq bizə bir olmağı, dövlətimizə, xalqımıza və torpağımıza bağlı olmağı xatırladır.
Qoy üçrəngli, ay-ulduzlu şanlı Azərbaycan bayrağı hər zaman azad səmalarda uca dalğalansın!
Bayrağımız var olsun, dövlətimiz qürurla yaşasın!
Ramal Vəliyev,
İş adamı
