
Azərbaycanın şanlı tarixi səhifələrindən biri, xalqımızın əzmkarlığı və qəhrəmanlığı ilə yazılmış Zəfər Günü, 8 Noyabr tarixini əbədiləşdirir. Bu gün yalnız bir tarixi hadisə deyil, həm də bütün Azərbaycan xalqının qələbə ruhunun, milli birliyimizin və vətənpərvərliyimizin simvoludur.
2020-ci ilin noyabr ayında Müzəffər Ordumuz Vətən müharibəsində misli görünməmiş rəşadət göstərərək düşmənin mövqelərini darmadağın etdi. Ən çətin şəraitdə, yolsuz dağ yollarından, sıldırım qayalardan keçərək, qəhrəman əsgər və zabitlərimiz Şuşanı işğaldan azad etdilər. Bu möhtəşəm əməliyyat Azərbaycan xalqının qürur duyduğu, tariximizin şanlı səhifəsinə çevrildi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və dəmir iradəsi olmadan bu qələbə mümkün olmazdı. Onun strateji fəaliyyəti və Vətənə olan sədaqəti Ordumuzun hər bir hərbçisinə ruh verdi və düşmənə sarsıdıcı zərbə endirdi.
Zəfər Günü təkcə döyüş meydanında qazanılmış bir zəfər deyil. Bu, həm də xalqımızın, dövlətimizin və onun Ali Baş Komandanının birgə iradəsinin təntənəsidir. Qırx dörd gün davam edən müharibədə hər bir Azərbaycan vətəndaşı Ordumuza dəstək oldu, üç minə yaxın şəhidimiz Vətən uğrunda canlarını qurban verdi. Xalqımızın bu həmrəyliyi, həmçinin düşmənin öz mövqelərində geri çəkilməyə məcbur olmasına səbəb oldu.
Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini yad edir. Zəfər Günü göstərir ki, milli birlik və əzmkar iradə ilə heç bir çətinlik Azərbaycan xalqını dayandıra bilməz. Bu gün həm də vətənimizin ərazi bütövlüyünün, dövlətimizin qüdrətinin və xalqımızın qürurunun təntənəsidir.
Namizəd İsmayılov
Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi
