
Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular yaradaraq insanı təbiətə yaxınlaşdırır.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlərin, miflərin kökü çox qədimlərə gedib çıxır. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər.
Xalqımızın özünüdərkində və təfəkkürünün inkişafında böyük rol oynayan, təbiətin əbədi qanunları ilə həmahəng olan Novruz bayramı milli varlığımıza hopan bir el şənliyidir. Gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən Novruz bayramı hər ilin martında qeyd edilərək insanları baharın gəlişi, təbiətin canlanması, torpağın oyanışı ilə müjdələyir. Bu bayram tarixin ən çətin anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt gələcəyə inam duyğusu yaratmışdır. Ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən Novruz günlərində ölkəmizin hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür.
Sovet ideologiyasının tüğyan etdiyi dövrlərdə bu bayrama qadağalar qoyulsa da, xalqımız adət-ənənəsini yaşatmağı bacarmışdır.
Qədim zamanlardan hər bir azərbaycanlı ailəsində yaşanan Novruz bayramı respublikamızın müstəqillik əldə etməsi ilə artıq neçə ildir ki, dövlət səviyyəsində qeyd olunur. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir.
Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir.
Ulu öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq öz bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aydın və birmənalı şəkildə təsdiq olunmuşdur. Bu bayramı müqəddəs milli irs hesab edən dövlətimizin başçısı demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq”.
Müqəddəs Novruz artıq ölkəmizə qədəm qoymaqda, ilaxır çərşənbələri ilə Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirməkdədir. Bu bayram neçə əsrlər və min illərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. İnsanların gözlərinə işıq, qollarına qüvvət, dizlərinə güc verib, qəlblərini ümid və inamla doldurur. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.
Novruz bayramlarımızın tacıdır. Yaşıl işığı hər evə, hər ürəyə düşür. Arzularımızı, diləklərimizi rəngdən- rəngə boyayır. Ömrünüz işıqlı, iliniz uğurlu, süfrəniz bərəkətli
olsun, əziz xalqım. Novruz bayramınız mübarək olsun!
Nərgiz Həsənova
Qarabağ Regional Təhsil İdarəsi,
Bərdə rayonu E. Əsədov adına Türkmən kənd orta məktəbinin direktoru,
Respublikanın Əməkdar müəllimi