
Müasir dünyamızda hamılıqla sevinəcəyimiz çox az, bəlkə də barmaqla sayılacaq qədər tarixi günlərimiz vardır.
Bu tarixi günlər arasında bir gün də vardır ki, həmin məqam yaxınlaşdıqca hamının gözündə həyat eşqi parlayır. Hamı bir-biri ilə bayramlaşmağa daha çox yaxın olur. Bu bayram Tanrının biz bəndələrinə bəxş etdiyi ən xoş gün kimi dəyərləndirilə bilər. Öz ətri, öz qoxusu olan bu bayramın adı Novruz kimi tarixə düşsə də, əslində bu, daha çox milli birlik, tükənməz ümid və sabaha inam bayramıdır. “Novruz” sözünün mənasını yeni gün, yeni güc, təzə il kimi yozanlar heç də yanılmamışlar. Ən azı ona görə ki, bu bayram əkinçiyə bol məhsul, xəstəyə sağalmaq eşqi, evsizə ev almaq ümidi, işsizə iş tapmaq inamı verir, millətə inamla yaşamaq həvəsi vəd edir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Novruz milli birlik bayramıdır.
Milli birlik millətin bütün olması, bu bütünlük içində ayırıcı və bölücü ünsürlərə əsla yer verilməməsi kimi qiymətləndirilirsə, onda Novruz bayramının belə bir missiyaya xidmət göstərməsi danılmazdır. Novruz min illərdir ki, bütün koloritləri ilə xalqımızın milli birlik ideyalarının qorunması, mili-mənəvi dəyərlərinin yaşadılması, bütün bunların inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi kimi olduqca mühüm bir vəzifənin öhdəsindən uğurla gəlir.
Bu bayramın bütün elementləri insanlığa ünvanlanmış müsbət enerji üstə köklənmişdir. Bütün bunlar bir daha sübut edir ki, Novruz dostluq, barışıq, ünsiyyət, təmizlik, yenilik, ülfət və səmimiyyət bayramıdır. Ona görə ki, bu sadaladığım pak və ülvi dəyərlər olmadan heç bir milli birlikdən söhbət gedə bilməz. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daim gözəl zəmin yaratmışdır.
Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular yaradaraq insanı təbiətə yaxınlaşdırır.
Novruz bayramlarımızın tacıdır. Yaşıl işığı hər evə, hər ürəyə düşür. Arzularımızı, diləklərimizi rəngdən- rəngə boyayır. Ömrünüz işıqlı, iliniz uğurlu, süfrəniz bərəkətli
olsun, əziz xalqım. Novruz bayramınız mübarək olsun!
Zaur Muradov,
YAP İsmayıllı rayon Təşkilatının sədri