
Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Martın 21-də günəşin göy ekvatorunu kəsdiyi nöqtə yaz bərabərliyi nöqtəsi adlanır. Ulularımız hələ qədim zamanlardan baharın gəlişini bayram şənlikləri ilə qarşılayıblar. Bu el bayramını uzun müddət ürəyimizcə keçirə bilməmişik. Həhayət ürəkdən keçənlər dilə gəldi. Ulu adət-ənənələrimiz evlərdən, həyətlərdən geniş meydanlara çıxdı. Ruh bədənə, işıq gözə qayıdan kimi ömrümüzə, günümüzə gəldi bahar bayramı, taleyimizə, bəxtimizə qayıtdı Novruz.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Novruz yeni gün deməkdir. O, insanlara sevinc verən, onları həyata, yaşamağa ruhlandıran bir bayramdır. Evlərdə, həyətlərdə təmizlik, abadlıq işləri aparılır. Novruzda səməni qoyulur, yumurta boyanır, şam yandırılır, bayram şirniyyatları bişirilir, Novruz xonçaları bəzənir. Müxtəlif tamaşalar, mərasimlər təşkil olunur. İnsanlar özünə ərzaq toplayan, şən zarafatları ilə hamını güldürən Kosa ilə Keçəlin oyunlarına tamaşa edir, şənlənir, pəhləvanların, kəndirbazların oyunlarına baxıb heyrətlənir. El aşıqları, müğənnilər gözəl nəğmələri ilə könülləri oxşayır, kənd yerlərində at yarışları – çovkan oyunu keçirilir.
Novruz bayramlarımızın tacıdır. Yaşıl işığı hər evə, hər ürəyə düşür. Arzularımızı, diləklərimizi rəngdən- rəngə boyayır. Ömrünüz işıqlı, iliniz uğurlu, süfrəniz bərəkətli
olsun, əziz xalqım. Novruz bayramınız mübarək olsun!
Aydın Bəşirov
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi