





Dahilər gözəl deyib “Milləti millət edən onun yaddaşıdır”. Bu bəşər tarixinin sübut etdiyi bir aksiomdur. Yaddaşın kütləşməməsi üçün tariix vərəqlənməli, həqiqi tarix öyrənilməlidir. Saxta tarix saxta pul kimidir, milləti müflisləşməyə aparır. Dünya şöhrətli alimimiz akademik Azad Mirzəcanzadə (fəxr edirəm ki, bu dahi şəxsiyyət haqqında kitabın müəllifiyəm) deyirdi ki “Millət fəxarət hissi üstündə bərqərar olur. Bizim də millət olaraq fəxr etməyə nəyimiz və kimimiz var.. və çoxdur. Onlar tariximizin ən zəngiin və mürəkkəb hissəsidir, onları əvvəlcə özümüz tanımalıyıq ki, təbliğ etmək iqtidarında olaq, özümüz tanımaqdan əlavə, şəxsiyyətlərimizi daha çox dünyaya tanıtmalıyıq”.
Tarix və Yaddaş isə millət, xalq, insan və əbədiyyət qarşısında ən müqəddəs vəzifədir ki, bunu da Məktəb yerinə yetirir. Məktəb məbəddir, xalqın tarixini, adət- ənənələrini, psixologiyasını, ən əsası- el-obanın, xalqın Ruhunu yaşadır, parta arxasında öyrənib yetişən yeni nəslin timsalında Tarixlə Gələcək arasında Yaddaş adlı etibarlı Körpü yaradır. Bu Körpünün etibarlılığından, dayanıqlılığından asılıdır bütöv bir nəslin Vətən adlı müqəddəs məkana, onun keşməkeşli tarixinə, qan yaddaşına münasibəti. Vətənin də taleyi bu münasibətdən asılıdır. Deməli, Vətən taleyinin təməli məhz məktəbdə qoyulur.
Məktəb öz müəllimlərilə, ənənələrilə güclüdür və tanınır. Hər birimiz məktəb adlı bir ocağın yetirmələriyik. Övladlarıyıq və ordan qazandığımız, əxz etdiklərimizi bir ömür boyu yaşadırıq taleyimizdə. Deməli ömür yolumuz da, taleyimiz də Məktəbın davamıdır..
Bir müəllim haqqında söz açmaq istəyirəm- Müəllimlik, Ziyalılıq etalonu, ideallıq zirvəsinə yüksəlmiş RƏHİM AĞAYEV haqqında. Sevimli Müəllimim, direktorum olmuş unikal Şəxsiyyət. Rəhim m özlüyündə böyük Məktəb idi. Biz məktəbin ilk sinfinə qədəm qoyanda o artıq məktəbi hər yerdə tanıtmış nüfuzlu direktor idi. Olduqca zəhmli insan idi, kimsə onun yüksək tonla danışdığını görməyib. Heç vaxt uşaqlara qarşı sərtlik etməzdi, döyməzdi, ağır söz deməzdi... Müəllimlər belə onun zəhmindən çəkinərdi. Onun direktor olduğu dövrdə heç bir müəllim məktəb həyətində siqaret çəkməyi xatırlamır. Qorxmurdular, onun nufuzundan çəkinirdilər. Öz tərbiyəsi, yerişi-duruşu, danışığı, davranışı ilə hamıya örnək idi. Yüksək savadlı tarixçi müəllim idi, ancaq bizə həm də dil-ədəbiyyat dərsləri deyirdi, çünki onun ixtisası Tarix- filologiya idi...
Bu böyük şəxsiyyətin ömür yoluna nəzər salaq qısa da olsa..
Ağayev Rəhim İsbat oğlu 1927-ci il aprelin 11-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur. Uşaqlıq illəri çətin müharibə illərinə düşüb. Atası İsbat kişi Böyük Vətən müharibəsində həlak olub. Rəhim ilk təhsilini Hacıhətəmli kənd məktəbində almışdır. 7-ci sinfi bitirdikdən sonra kəskin ehtiyaca görə doğma təsərrüfatda işləməyə məcbur olub, ailəni dolandırmaq üçün çorək dalınca qaçmaq lazım idi. R.Ağayev 7-ci sinfi kənd məktəbində bitirib. İlk illər kolxozda briqadir, uçotçu işləyib. Əsgərliyə çağrılıb FİZO-ya, sonradan P.Montin adına ağac doğrama zavodunda fəhlə, briqadir, sex rəisi işləyib. İşləyərək gecə məktəbində təhsilimi davam etdirib, 8-10-cu sinifləri Bakı şəhəri Binəqədi rayon 29 N-li məktəbdə oxumuşdur. 1953-cü ildə V.İ Lenin adına APİ-nin ( indiki ADPU ) tarix- filologiya fakultəsinə qəbul olundu. Maraqlı və çətin tələbəlik illəri yaşayıb. O vaxt ali məktəbin rektoru tanınmış pedaqoq Mehdixan Vəkilov idi (xalq şairi Səməd Vurğunun qardaşı). İnstitutda çox məşhur pedaqoqlar dərs deyirdi. İsmayıl Şıxlı, Əhməd Seyidov, Mikayıl Rəfili, Bəhmən Axundov və digər tanımış simalar, böyük pedaqoqlar, görkəmli alimlər. Bu ustadların dərslərini dinəmək xoşbəxtliyi düşüb Rəhimin çətin taleyinə. O, ali məktəbə qəbul olunanda artıq ailəli idi, 1953-cü ildə Mülay xanımla ailə qurmuşdu. O vaxtkı Basin (indiki Füzuli) küçəsində kirayədə yaşayırdı tələbə yoldaşı, həmkəndlisi Ağasəflə ( o da mənim ədəbiyyat müəllimim olub). Ailəsi isə kənddə yaşayırdı. Gecə-gündüz kitab əlindən düşmür, ən yaxşı oxuyan tələbələr sırasında idi. 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Elə həmin il o istedadı nəzərə alınaraq birbaşa Hacıhətəmli kənd orta məktəbinə direktor təyin olunmuşdur. Onun direktorluq etdiyi dövr bu məktəbin qızıl dövrü adlanır. Vaxtilə kənd məscidi olmuş binada yerləşirdi kənd məktəbi. 1930-cu illərdə Allahsızlar ittifaqının tələbi ilə məscidi sökmək istəyirlər, ancaq mərd camaat buna etiraz edir. Nəhayət, məscid binasını məktəb kimi istifadə etməyə başladılar ( mən də hazırlıq sinfində həmin binada oxumuşam).
Rəhim m direktor təyin olunandan sonra qabaqcıl təsərrüfat rəhbəri, o vaxtlar respublikada ən tanınmış kolxoz və əhalinin yüksək yaşayış tərzini yaratmış Seyfəddin Seyidovla kənddə o dövr üçün müasir olan məktəb bnasının tikintisinə başlandı kəndin kənarında, geniş yaşıl sahədə. Hissə hissə tikildi məktəb 7-8 ilə. 1964-cü ildən başlayaraq yuxarı siniflər yeni məktəbə köçməyə başladılar. Məktəbin geniş həyətində tədris-təcrübə sahəsi vardı, böyük üzümlük və hər bir sinfin özünü təcrübə sahələri vardı ki, məktəblilər bütün biltkilərin yetişdirilməsini öyrənirdi aşağı siniflərdən başlayaraq. Məktəbin gözəl emalatxanası vardı o dövr üçün ən qabaqcıl avadanlıqlarla təchiz olumuş, biz məktəblilər hər cür sənəti öyrənirdik, özümüz də evdə müxtəlif dülgərlik- xarratlıq nümunələri yaradırdıq. Bu məktəb politexnik təlimin çox klassik nümunəsi idi.. İndi belə məktəbi yalnız kinolarda, tarixi xronikalarda ya xəyallarda görmək olar.
Məktəbə Rəhim m-dən əvvəl tanınmış pedaqoqlar rəhbərlik etmişlər – kəndin ilk müəllimi Zakir Seyidov, Absalam m, Zahid Məsimov, Vəkil Babayev, Məcid Əliyev, Gülbaba Şəfaqətov və s. Bunlar hamısı məscid binasındakı məktəbdə işləyiblər. Yeni məktəb binasının layihəsindən tutmuş onun əsl nümunəvi məktəbə çevrilməsinə qədər hər addımında Rəhim m-in əvəzsiz xidmətləri və ölçüyəgəlməz zəhməti var. R.Ağayevin dövründə məktəb geniş şöhrət tapdı, rayonun ən qabaqcıl məktəblərindən hesab olunurdu, məzunların sorağı müxtəlif ali məktəblərdən gəlirdi. Məhz onun dövrünü yetirmələri sonralar məktəbin müəllim kollektivini formalaşdırdı yerli kadrlar hesabına. Baba Vəziroğlu, Aydın Səlimzadə, Rasim Şərifov, Rasim Kərimov, Famil Bağıyev, neçə-neçə tarixçi, hərbçi Rəhim mMəktəbini yerirmələri idi. Sonradan başqa işə keçdikdən sonra da məktəbə əsasən Rəhim m-in yetirmələri olan Mehdi Məmmədov, rasim Şərifov, Seyid Seyidov və başqaları rəhbərlik etmişlər.
R.Ağayev1970-ci ildə Hacıhətəmli kənd XDS İcraiyyə komitəsinin sədri seçilib. 1979-cu ildə Hacıhətəmlidəki Kuybışev adına sovxozun partiya təşkilatı katibi seçilir. Təsərrüfatın inkişafında,kəndin problemlərin həllində böyük fəaallıq göstərib bu sözü, əməli, ədəb-ərkanı ilə ağır çəkili zəhmli insan. 80-ci illərdə üzümçülüyü inkişafı sayəsində milyonçu təsərrüfatın yaranmasında kolxozun və kəndin rəhbərlərindən biri olan Rəhim m-in böyük rolu olmuşdur.
1957-ci ildən bütün çağırışlar Hacıhətəmli kənd sovetinin deputatı, İsmayıllı rayon partiya komitəsi təftiş komissiyasının üzvü olmuşdur. SSRİ Xalq təsəssrüfatı nailiyyətləri sərgisinin (XTNS) bürünc mükafatçısı olmuşdur. SSRİ Ali Sovetinin fərmanı ilə “Əməkdə fərqlənməyə görə medalı” ilə təltif olunmuşdur. 1941-1945-ci illərdə “Arxa cəbhədə fərqlənməyə görə” medalı ilə təltif olummuşdur.
Rəhim m çox mədəni həyat yoldaşı və qayğıkeş, gözəl ailə başçısı idi. Hələ tələbə ikən- 1953-cü ilin noyabrında Mülay Valeh qızı ilə ailə qurmuşdu. 6 oğul, 4 qız atasıdır. Həyat yoldaşı “Qəhrəman ana” idi. Hazırda 24 nəvəsi var, hər biri müxtəlif sahələrdə təhsil alıb çalışırlar halal zəhmətlə, Rəhim müəllimin qoyduğu Yolla. Oğlu Azər müəllim kini davam etdirir ata yolunu. Altay 1-ci Qarabağ müharibəsinin veteranıdır.
R.Ağayev 12 mart 1995-ci ildə 68 yaşında vəfat etmişdir. Ölümü də şərəfli müəllim ölümü oldu. Martın 9-da onun sevimli şagirdi olmuş tarixçi-alim, “Elm və həyat” jurnalının ba redaktoru, Elmlər Akademiyasının mətbuat katibi Aydın Səlimzadə 42 yaşında qəflətən vəfat etdi, bu xəbəri eşidən Rəhim m ağır infarkt keçirdi.. və A.Səlimzadənin 3 mərasimi günü Rəhim m dümyasını dəyişdi öz sevimli yetirməsinə qovuşmaq üçün.. Ölümüylə də əsl fədakar Müəllim olduğunu sübut etdi.
Dahilər deyirdi ki “Müəllim o kəs deyil ki, başqalarını öyrədir. Müəlliim o kəsdir ki, ondan öyrəniirlər. Bəli. Qəhrəmanımız Rəhim m-dən öyrəniləsi çox şey var- müəllim, pedaqoq, ziyalı, mübarizə insanı, dilimizə- ədəbiiyyatınıza, tariximizə bağlı yaradıcı ruhlu insan kimi, ata kimi, Azərbaycan ziyalısı kimi. Bəli, gələcək nəsillərin Yaddaşına bu dəyərlər məhz bu dəyərləriin ən yaxşı yaşadıcılarının timsalında köçürməliiyiik. Yaşatmaq lazımdır, öyrənmək üçün. Həyatı, yaşamağı, mübarizə aparmağı, örnək olmağı, ən əsası İNSAN olmağı belə insanlardan öyrənməliyik. Rəhim m kimi insanlardan... Məktəbə bağlı taleyilə Məktəb olmuş zəngin Şəxsiyyət...
Qızı Aybəniz xanım belə xatırlayır:
“Atamı mən ölməz, müqəddəs bilirəm. Atam cox danışıb gülməzdi, hec kimin qəlbinə dəyməzdi. O kücə ilə yeriyəndə hətta özündən yaşlı kişilər ayaga durar ehtramla ona salam verərdilər. Bu cox xoşuma gəlirdi. Və mən dərk edirdim ki, atam kənddə sayılıb secilən, özünə hörmət qazanan əsl ziyalıdir. Atam kənddə ilk ali təhsil alanlardan biri idi. Müəllim idi atam, amma mən atamı atam kimi sevirdim, qaygıkeş bir ata kimi. Atam müəllim işlədiyi vaxtlar mən cox balaca olmuşam. Sonralar atam kənd soveti sədri, daha sonra kolxozda partkom işləyirdi. Biz atamızdan cox utanırdıq, çəkinirdik, onun yanında hec vaxt danışmazdıq. Atam həmişə dərslərimizi necə oxumagımızla maraqlanardı, hər gün gündəliyimizə baxardı. Yadımdadı ki, atamızdan nəsə istəyəndə həmişə anamıza deyərdik ki, sən de. Hərdən kücədə rastlaşanda salam verməyə belə utanırdım. Atama salam verdiyim ücüm fəxr edirdim. mənim atam mənim and yerim, mənim fəxrimdi. İndi də məndən soruşanda ki, a bala, kimlərdənsən? Fəxrlə deyirəm “Rəhim müəllimin qiziyam”. Bu adın qarşısında baş əyirəm. Ruhun şad olsun, Ata!
R.Ağayevin iş yoldaşı olan Dilarə Ağakişiyeva belə xatırlayır:
“Rəhim müəllimin iş təcrübəsi mənim üçün əsl həyat məktəbi olub. 80-ci illərdə biz bir yerdə - Rəhim müəllim partiya komitə katibi, mən isə komsomol komitə katibi işləyirdim. Rəhim müəllim yüksək əqidəyə malik əsl vətəndaş idi. O, həmişə xalqın istəyini yerinə yetirməyə calışırdı. Nüfuzu qazanmaq çətin, onu itirmək isə asan olur. Məhz buna görə də Rəhim müəllim yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız sözdən qacardı. Rəhim müəllim öz nüfuzunun keşiyində duran bir insan idi. Dərin birliyə, erudisiyaya malik bir ziyalı idi. Gozu tox, nəfsi təmiz idi Rəhim müəllimin. Buna görə də sadə xalqın ona böyuk hörməti vardı. Ğəncliyi də bu ruhda yetişdirməyə çalışırdı.O, deyirdi: -Vətənin xoşbəxtliyi onun yaxşı tərbiyəsi ilə bağlidr, yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını ğözəlləşdirir. Mən də çalişırdim ki, işımı bu istiqamətdə aparım. Rəhim müəllim çox qapalı insan idi, ancaq çox işgüzar, işgüzar öldüğü qədər də təmkinli, təmkinli olduğu qədər də tələbkar bir şəxsiyyət idi. Mən onu deyə bilərəm ki, Rəhim müəllim kimi insanlar həyata çox nadir hallarda gəlirlər . Ruhu şad,məkanı cənnət olsun!
Xeyrulla Ağayev
Yazıçı- jurnalist, H.B.Zərdabi və “Qızıl qələm” mükafatları laureatı, “Neft Daşları” qəzetinin baş redaktoru