Sizin reklam burada
Sizin reklam burada

Novruz bayramı bizim milli özünüdərk və tarixi bayramımızdır

Novruz bayramı bizim milli özünüdərk və tarixi bayramımızdır

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Bununla belə, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq, hər bir azərbaycanlı ailəsində bu bayram ilin ən əziz günləri kimi qeyd olunurdu. Rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində Novruz bayramının adını dəyişdirib, gah "Bahar" bayramı, gah da yaz-tarla işlərinin başlanğıcı hesab etsələr də, xalq öz Novruzunu məhəbbətlə qarşılayıb ehtiramla keçirirdi. Şəkərbura, paxlava bişirilir, bayram plovu süzülür, səməni göyərdilir, həyətlərdə tonqal yandırılırdı. Qohum-əqrəba bir-birinin qapısını döyərək bayramlaşırdı. Amma bütün bunlar sanki bir örtük, pərdə arxasında həyata keçirilirdi. Radio və televiziyalarda baharın gəlişi ilə əlaqədar konsertlər verilir, yazla bağlı mahnılar oxunurdu. Hər kəs öz imkanı və səlahiyyəti daxilində bu qədim bayramın əbədiyaşarlığına xidmət göstərməyə çalışırdı. Amma heç kim Novruzun adını çəkə bilmirdi.
Doğrudur, Novruz bayramının rəsmi səviyyədə qeyd edilməsi təşəbbüsləri əvvəllər də olmuşdu. Novruz bayramı üzərindəki qadağaların ortadan götürülməsi üçün bir sıra ziyalılarımız fədakarcasına çalışmışdılar. Lakin məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu məqsədin həyata keçməsi mümkün oldu. Bu bayram sadəcə mərasim kimi deyil, məhz milli mənəvi dəyərlərin əhəmiyyətli bir hissəsi olaraq yenidən öz mahiyyətinə qovuşdu. Novruza olan bütün qadağalar ortadan götürüldü. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində Novruz bayramı günlərində Bakı küçələrində insanlar kütləvi şənliklərə başladılar.
Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına da müstəsna diqqət yetirdi. Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil edən bu dəyərləri xüsusi qiymətləndirdi, daim diqqət mərkəzində saxladı. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev bir neçə tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə və bunların işığında formalaşan milli mentalitet.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə də xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Bu dəyərlər üzərində müəyyənləşən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”. Bu interqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli kimliyini qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da da azərbaycançılıq fəlsəfəsi təmin edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır.



Şahin Mövsümov,
İşadamı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ