Bakıda 3 ardıcıl əməliyyatla xəstəni öldürüb, 16 min aldılar - GİLEY » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda 3 ardıcıl əməliyyatla xəstəni öldürüb, 16 min aldılar - GİLEY

Bakıda 3 ardıcıl əməliyyatla xəstəni öldürüb, 16 min aldılar - GİLEY

Müəllif: cavidan
//
30 May 2019
//
//

Bakıda 3 ardıcıl əməliyyatla xəstəni öldürüb, 16 min aldılar - GİLEY

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri tərəfindən ard-arda üç əməliyyata məruz qalan xəstənin ölməsinə baxmayaraq, həkimlər ailədən 16.000 manat pul alıb. Xəstənin ölümündən sonra ailədən 5400 manat da tələb edirlər.

Bu barədə Axar.az-a sözügedən klinikanın həkimləri məsuliyyətsizliyi nəticəsində həyat yoldaşı Cabbarov Zakir Hüseynqulu oğlunu itirən Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı bildirib.

Şikayətçi deyib ki, həyat yoldaşı Z.Cabbarovun ürəyində yaranmış problemlə əlaqədar 29 mart 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Anar Əmrah tərəfindən əməliyyat edilib.

Cərrahi əməliyyat üçün xəstənin yaxınları həkimə ümumilikdə 8500 manat pul ödəyiblər. Lakin xəstənin durumu əməliyyatdan sonra yaxşılaşmaq əvəzinə daha da pisləşib:

“Yoldaşımın vəziyyəti daha da pisləşdi. Həkimlər müayinədən sonra bildirdi ki, guya indi də yoldaşımın bağırsağında problem var və mütləq əməliyyat edilməlidir. Bunun üçün həyat yoldaşımı 10 aprel tarixində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov bağırsağından əməliyyat etdi. Buna görə də 6340 manat pul ödədik. Bağırsaq əməliyyatından sonra da həyat yoldaşımın vəziyyəti yaxşılaşmadı. Onda bildirdilər ki, qanaxma var. Buna görə də elə həmin mərkəzdə həkim İlqar İsmayılov yoldaşımı 12 aprel tarixdə növbəti dəfə əməliyyat etdi. Bundan sonra həyat yoldaşımın vəziyyəti daha da pisləşdi”.

Şikayətçi qeyd edib ki, durumu günü-gündən pisləşən xəstənin sağalma ehtimalının olmadığını görən həkimlər və mərkəz kollektivi ailəyə Z.Cabbarovu evə aparmağı məsləhət görüblər:

“Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq, aparın öz evində qalsın. Biz həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşını ilə Ucar rayonu Lək kəndinə gətirdik. Hələ bunun üçün də bizdən 350 manat pul tələb etdilər və ödədik. 25 aprel tarixdə həyat yoldaşım dünyasını dəyişdi”.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin savadsızlığı üzündən yoldaşını itirən T.Abışova bildirib ki, keçirilən əməliyyatlar səbəbindən külli miqdarda borca düşüblər və hələ üstəlik mərkəz onlardan əlavə pul də tələb edib:

“Yoldaşımın əməliyyatı üçün evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satdıq. Həkimlər üst-üstə bizdən 16000 manat pul alsalar da, bununla kifayətlənməyib əlavə 5400 manat pulu ödəməyi də tələb edirdilər. Şikayət edəcəyimizi biləndən sonra həmin pulu istəmədilər. Ancaq biz həyat yoldaşımın ölümünə səbəb olan 3 əməliyyat üçün mərkəzə və həkimlərə 16.000 manat pul ödəmişik. Bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyədən ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir. Bunu heç bir savadlı həkim etməzdi ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər.

Həyat yoldaşım Zakir ürəyindən əməliyyat edilməzdən əvvəl bütün orqanları ətraflı müayinə edilmişdi. Həmin zaman onun bağırsağında hər hansı xəstəliyi və ya yarası müəyyən edilməmişdi. Ürək əməliyyatından 9 gün sonra xəstənin bağırsağında yara olduğunu necə müəyyən etdilər? Demək ki, həkimlər bunu bilərəkdən etdilər ki, bizdən pul alsınlar. Mərkəzin həkimləri həyat yoldaşım üzərində sanki təcrübə keçirdilər. Planları alınmadığı üçün də xəstə mərkəzdə ölməsin deyə bizə bildirdilər ki, onu evə aparın. Yoldaşım orada ölsəydi, düşünüblər ki, bunun məsuliyyəti onlardadır. Ancaq faktdır ki, mənim həyat yoldaşım mərkəzin iki savadsız həkiminin əməliyyatından sonra dünyasını dəyişib. Mən indi mərkəzdən və həkimlərdən 16000 manat pulumu tələb edirəm”.

Şikayətçi başına gətirilmiş olayla əlaqədar ölkə Prezidenti və Birinci vitse-prezidentə müraciət edib. Şikayətçi faktın araşdırılmasını, yoldaşının ölümünə səbəb olan həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edir:

“Mən bu talançı qatil həkimlər barədə Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Xahiş edirəm ki, pulumuzu alıb bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim yaramaz həkimlər barəsində qanuna müvafiq tədbirlər görülsün”.

Z.Cabbarovun ölümündə günahlandırılan cərrah İ.İsmaylovun köməkçisi Axar.az-a açıqlamasında bildirib ki, Z.Cabbarov cərrah A.Əmrahın xəstəsi olduğu üçün məsələyə də o aydınlıq gətirməlidir.

Məsələ ilə bağlı açıqlama verən ürək cərrahı A.Əmrahın Sadiq adlı köməkçisi həkimin hazırda Bakıda olmadığını bildirərək, bu barədə danışa bilməyəcəyini bildirdi.

Cərrahın Eldar adlı köməkçisi isə ailənin A.Əmrahdan şikayətçi olmadığını əsas gətirərək bu barədə danışmaq istəmədiyini bildirdi:

“Anar Əmrahın həyata keçirdiyi əməliyyatla bağlı ailənin heç bir şikayəti yoxdur. Ailəyə də bildirdik ki, ölüm işində həkimin günahının olduğunu düşünürlərsə, bununla bağlı hüquq mühafizə orqanlarına, məhkəməyə müraciət etsinlər və fakt araşdırılsın”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam