Ana səhifə > Arxiv, Mədəniyyət > Məcburi köçkünlər üçün inşa olunan xalça emalatxanasında tikinti işləri davam etdirilir

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Məcburi köçkünlər üçün inşa olunan xalça emalatxanasında tikinti işləri davam etdirilir


9-07-2018, 16:30. Müəllif: Gulnare
Məcburi köçkünlər üçün inşa olunan xalça emalatxanasında tikinti işləri davam etdirilir


Azərbaycanda xalçaçılığın geniş şəbəkəsinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu il Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Biləsuvar, Lənkəran, Qobustan rayonlarında xalça istehsalı emalatxanalarının tikintisini davam etdirir.

“Azərxalça”dan AZƏRTAC-a bildirilib ki, ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilən xalça istehsalı emalatxanası binasında tikinti işlərinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, bu ərazidə Cəbrayıl rayon sakinlərinin məskunlaşdığı 11 qəsəbə salınıb. Xalça emalatxanası 2 saylı qəsəbədə yaradılır.

“EL-SEYM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşası aparılan birmərtəbəli emalatxana binasının tikintisinə bu ilin aprel ayında başlanılıb. Binada dəmir-beton işləri yekunlaşdırılmaq üzrədir. Yaxın günlərdə hörgü işlərinə başlanılacaq. Hazırda binanın tikintisi ilə yanaşı, ərazinin abadlaşdırılması işləri də həyata keçirilir. Xalça istehsalı emalatxanasının bu ilin noyabr ayında təhvil verilməsi nəzərdə tutulur.

Bu ərazidə xalça emalatxanasının yaradılmasının əhəmiyyəti vurğulanaraq bildirilib ki, məcburi köçkünlər arasında da peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar vardır. Dövlət başçısının tapşırığı ilə həm Qarabağ qrupu Azərbaycan xalçalarını yaşatmaq, həm də o insanları işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda xalça istehsalı emalatxanalarının tikilməsinə üstünlük verilir. Təsadüfi deyil ki, “Azərxalça”nın ilk filialı məhz Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılıb. Bundan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində xalça emalatxanası fəaliyyətə başlayıb. Bu il isə Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl rayon sakinləri üçün xalça emalatxanası inşa olunur. Bu proses 2019-cu ildə də davam etdiriləcəkdir. Gələn il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində isə Laçın filialları yaradılacaqdır.

Baxış zamanı tikinti işlərinin keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıqlar verilib.

Həmin gün Kürdəmir, Goranboy və Tərtər rayonlarında da xalça istehsalı emalatxanalarının tikintisinə baxış olub.
Geri qayıt