Ana səhifə > Arxiv, Son Xəbərlər, Hadisə > Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb


3-03-2018, 15:57. Müəllif: Anar
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb

Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov təyin edilib. Komissiyanın tərkibinə daxili işlər, fövqəladə hallar, səhiyyə, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçıları daxildir.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək, görülmüş işlər haqqında mütəmadi məlumat vermək tapşırılıb.

Sərəncama əsasən Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirəcək.
Geri qayıt