Ana səhifə > Arxiv, Son Xəbərlər, Hadisə > Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı olub Prezident İlham Əliyev açılış mərasimində iştirak edib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı olub Prezident İlham Əliyev açılış mərasimində iştirak edib


10-11-2017, 18:20. Müəllif: Anar
Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı olub Prezident İlham Əliyev açılış mərasimində iştirak edib

Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı olub Prezident İlham Əliyev açılış mərasimində iştirak edib
Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı olub Prezident İlham Əliyev açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.
Bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.

Dövlətimizin başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir.

Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
-Bu gün Gəncənin həyatında çox gözəl və əlamətdar bir gündür. Biz Gəncə Dövlət Filarmoniyasının açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox gözəl, əlamətdar hadisədir. Filarmoniya ən yüksək standartlara uyğun tikilib, həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından ən yüksək standartlara cavab verir. Gəncəyə əlavə yaraşıq verəcək bu filarmoniyanın şəhərin mədəniyyət və incəsənət sahələrinə çox böyük töhfəsi olacaq.

Gəncə qədim mədəniyyət mərkəzidir. Gəncədə bütün dövrlərdə ədəbiyyat, incəsənət, memarlıq sənəti inkişaf etmişdir. Gəncənin bugünkü qədim siması onun zəngin tarixini əks etdirir. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaratmış görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Əlbəttə, Gəncə kimi gözəl, qədim şəhərə çox gözəl filarmoniya binası da lazım idi. Gəncəlilər bir neçə il bundan əvvəl bu təkliflə müraciət etdilər və göstəriş verildi ki, filarmoniya tikilsin. Gəncənin demək olar ki, ən gözəl yerlərindən biri seçildi və çox gözəl memarlıq üslubunda filarmoniya tikildi. Burada iki konsert zalı yaradılıbdır. Böyük konsert zalının oturacaqlarının sayı 1200-dür, yəni, çox böyük konsert zalıdır. Filarmoniyanın ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Onu da qeyd etməliyəm ki, Bakı Filarmoniyası ilə müqayisədə Gəncə Filarmoniyası həm böyükdür, həm daha da əzəmətlidir, möhtəşəmdir, gözəldir. Əlbəttə, belə gözəl binada keçiriləcək tədbirlər, konsertlər, tamaşalar əminəm ki, gəncəlilər üçün çox xoş olacaq.

Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir. Mən son illər ərzində Gəncədə dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi Gəncəyə 15-ci səfərimdir. Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıbdır. Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir. Burada infrastrukturla bağlı bir çox layihələr icra edilib. Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bildiyiniz kimi, bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər də asan layihə deyil. Bu layihənin icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar.

Yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq.

İstəyirəm gəncəlilər onu da bilsinlər ki, Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün mənim tərəfimdən göstəriş verilmişdir. Bilirsiniz ki, indi Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaqdır. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də təbii ki, tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaqdır. Bütün bu layihələr ona görə icra edilir və ediləcək ki, biz insanlar üçün daha da yaxşı şərait yaradaq, insanlar daha yaxşı yaşasınlar. İnfrastruktur layihələrinin icrası məhz bu məqsədi güdür. Onların bir çoxu həll olunub, qalan məsələləri də həll edəcəyik.

Əvvəlki illərdə də Gəncədə sosial layihələrlə, sənaye layihələri ilə bağlı bir çox gözəl işlər görülübdür. Bu gün mən bir neçə obyektin açılışında və təqdimatında iştirak edəcəyəm. Onlardan biri Dövlət Aqrar Universitetinin yataqxana binasıdır. Bu, ikinci bina olacaq. Birinci binanı da mən açmışam, o, 520 yerlik binadır. Bu binada da 500-dən çox tələbə yaşayacaq. Şəhərdəki 1 saylı məktəb də əsaslı təmir olunub, mən oraya da baxacağam. Böyük ticarət mərkəzləri - “Gəncə Moll”, “Grand Qafqaz” kompleksi açılır. Bu iki böyük ticarət obyektində minlərlə insan işlə təmin olunacaqdır. Gəncədə yeni parklar salınıb. Onların da təqdimatı bu gün nəzərdə tutulubdur. Biz yeni muzeyin açılışını da edəcəyik. İndi Gəncə muzeylər şəhəridir. Gəncə Azərbaycan xalqına o qədər görkəmli şəxsiyyətlər bəxş edib ki, onların hamısının Gəncədə muzeyləri olmalıdır və bu məsələ də öz həllini tapır.

Yadımdadır, əvvəlki illərdə Gəncədə müalicə-diaqnostika mərkəzinin, şəhər xəstəxanasının, “ASAN xidmət” mərkəzinin, Olimpiya-İdman Kompleksinin, sənaye obyektlərinin açılışları olub. Görülən bütün bu işlər Gəncənin həm sənaye, həm iqtisadi, həm mədəni həyatında çox mühüm rol oynayan amillərdir.

Növbəti illərdə biz bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələləri də həll edəcəyik, ilk növbədə, əlbəttə, iqtisadi inkişafla bağlı məsələləri. Gəncədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur, iş yerlərinin açılması istiqamətində böyük işlər görülür və iki önəmli obyektin də tikintisi nəzərdə tutulur. Mən bu gün sizə onu da bildirmək istəyirəm və gəncəlilər də bilsinlər ki, Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq və artıq bu teatrın tikintisinin nə vaxt başa çatacağı gəncəlilərdən asılı olacaq. Müasir böyük idman sarayının tikintisi də nəzərdə tutulur. Hələ 2000-ci illərin əvvəllərində Azərbaycanın ilk Olimpiya İdman mərkəzlərindən biri Gəncədə tikilmişdir. Artıq o vaxtdan təqribən 15 il keçir. Sonra bu Olimpiya İdman Mərkəzi əsaslı təmir olundu. Ancaq Gəncə əhalisinin və idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar idmana böyük maraq göstərirlər. Ona görə yeni müasir idman sarayının tikintisi də nəzərdə tutulur.

Bilirəm ki, gəncəliləri bir məsələ də narahat edir. O da çoxmənzilli binaların təmiri məsələsidir. Şəhərdə 72 belə bina var və bu binaların təmiri də nəzərdə tutulacaqdır.

Beləliklə, bugünkü görüşümüz hesab edirəm ona görə əlamətdardır ki, bu gözəl, möhtəşəm filarmoniyanı biz birlikdə açırıq. Eyni zamanda, Gəncənin gələcək inkişafı ilə, görüləcək işlərlə bağlı sizə və gəncəlilərə bu məlumatı verirəm biləsiniz ki, Gəncə daim diqqət altındadır və şəhərin inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi məni çox-çox sevindirir. Çünki Gəncə hər bir Azərbaycan vətəndaşı üçün əziz, doğma şəhərdir, bizim qədim mədəniyyət, incəsənət mərkəzimizdir. Son illər Gəncənin abadlaşdırılması istiqamətində çox yaxşı işlər görülür. Mən onu da bildirmək istəyirəm, - 15 səfərimin təcrübəsi müqayisə aparmaq üçün əlbəttə, mənə kifayət qədər imkan verir, - görürəm ki, son illər ərzində Gəncə doğrudan da çox sürətli inkişaf dövrünü yaşayır. Tarixi binalar bərpa olunur, yeni binalar tikilir, xiyabanlar, parklar, yaşıllıqlar salınır. Gəncə şəhərinə giriş indi çox gözəl və möhtəşəmdir, dahi Nizaminin əsərləri göz oxşayır. İndi dünya miqyasında böyüklüyünə görə üçüncü park Gəncədədir. Bu, hamımızı sevindirir. Heydər Əliyev Parkı doğrudan da möhtəşəm bir ictimai istirahət zonasıdır.

Mən bütün bu uğurlar, nailiyyətlər münasibətilə gəncəliləri, şəhər rəhbərliyini təbrik etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Mən bundan sonra da Gəncənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm ki, şəhər daha da gözəlləşsin, daha da abadlaşsın. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.
Geri qayıt