DataLife Engine / Atəşkəsi hər zaman pozan Ermənistan: Yaxın tarixdən faktlar

Atəşkəsi hər zaman pozan Ermənistan: Yaxın tarixdən faktlar

Atəşkəsi hər zaman pozan Ermənistan: Yaxın tarixdən faktlar
Azərbaycanla Ermənistan arasında Qarabağda münaqişə başlayandan rəsmi Moskva, Paris və Vaşinqtonun vasitəçiliyi ilə üç dəfə atəşkəs barədə razılıq əldə olunub. Hər üç atəşkəs humanitar xarakter daşıyıb və döyüş meydanında həlak olmuş hərbçilərin cəsədlərin götürülməsi və girovların mübadiləsi üçün nəzərdə tutulub.

Lakin istər 10 oktyabr, istər 17 oktyabr və istərsə də 26 oktyabr tarixindən başlayan humanitar atəşkəsə əməl edilməyib. Daha doğrusu, Ermənistan tərəfi atəşkəsin başlandığı tarixdə hərbi əməliyyatları dayandırmaq əvəzinə, mülki şəxslərimizi hədəf alıb. Əslində bu, Ermənistanın siyasi-hərbi tarixində hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ilk belə olmayıb.

1991-1994-cü illərdə baş tutmuş ilk Qarabağ müharibəsi zamanı tərəfləri danışıqlar masasına gətirmək üçün fərqli cəhdlər olub. Lakin hər dəfə istər Ermənistanda, istərsə də Azərbaycanda hakimiyyət dəyişikliyi olduqda danışıqlara yenidən başlamaq lazım gəlib.

- 1991-ci ilin noyabrın 20-də Qarakənd üzərində Mi-8 helikopterinin vurulması məhz ilk atəşkəs razılaşmasının ermənilər tərəfindən pozulması faktı olub. 22 nəfərin həlak olduğu helikopterdə əsasən azərbaycanlılar olub və onlar Qarabağdakı vəziyyəti görmək üçün yola düşüblər. İstintaq zamanı müəyyən olunub ki, helikopterdə raketə aid gövdə deşikləri var;

- İranın Xarici İşlər naziri Əli Əkbər Vilayəti vasitəçilik səylərinə 1992-ci il fevralın 25-də başladı. İran İslam Respublikası BMT-nin Təhlükəsizlik Şurasına atəşkəs üçün müraciət etdi. Buna baxmayaraq, 1992-ci ilin fevralın 26-da Xocalıda azərbaycanlıların soyqırımı törədildi;

- İran tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına 1992-ci il martın 15-də və həmin ilin mayın 8-də də vasitəçilik etdi. Lakin 1992-ci il mayın 8-də ermənilər dinc dayanmayaraq, dilbər guşəmiz olan Şuşanı işğal etdilər;

- 1992-ci avqustun 27-dən başlayayaraq Qazaxıstan tərəflər arasında vasitəçilik etməyə cəhd göstərdi və nəticədə 1992-ci il avqustun 28-də atəşkəs razılaşması imzalandı. Atəşkəs razılaşması 1992-ci il sentyabrın 1-də qüvvəyə mindi, lakin bir neçə gün sonra Ermənistan tərəfindən pozuldu;

- 1992-ci il sentyabrın 19-da ATƏM-in Minsk qrupunun həmsədri Rusiya tərəflər arasında atəşkəs razılaşmasına vasitəçilik etdi və atəşkəs 1992-ci il sentyabrın 25-də qüvvəyə mindi. Bu dəfə də ermənilər öz xislətinə uyğun olaraq razılaşmanı pozdular;

- 1993-cü il aprelin 8-də Rusiya tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına vasitəçilik etdi və atəşkəs 1993-cü il iyunun 27-də qüvvəyə minsə də, qısa müddət sonra ermənilər tərəfindən pozuldu;

- İran prezidenti Həşimi Rəfsəncaninin vasitəçiliyi ilə 1993-cü ilin oktyabrın 28-də atəşkəs razılaşması əldə olunmuşdu. Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Həyat və azadlıq: Dağlıq Qarabağla Ermənistanın sabiq prezidentinin tərcümeyi-halı” kitabında bu barədə belə yazıb: “Azərbaycanla atəşkəs anlaşmalarından həmişə öz xeyrimizə istifadə etməyə çalışmışdıq. 1993-cü ilin oktyabrında da belə oldu. Atəşin qarşılıqlı şəkildə dayandırılması ilə bağlı razılaşmadan istifadə edərək hücuma keçdik və oktyabrın 29-da Zəngilanı aldıq”.

Yalnız 1994-cü ilin mayın 12-də vasitəçilər Qarabağda həqiqi atəşkəsə nail olmaq mümkün oldu. Həmin dövrdə isə artıq muxtar vilayətin ərazisi və ona bitişik yeddi rayon artıq ermənilərin işğalı altında idi. Lakin bununla belə, ötən illər ərzində də ermənilər cəbhədə təxribata əl atıb və birtərəfli şəkildə atəşkəsi pozub. Həmin faktlara da nəzər salaq:

- 2010-cu il iyunun 18-də Ermənistanın atəşkəsi pozması nəticəsində Ermənistan tərəfdən 4, Azərbaycan tərəfdən 1 hərbçi həlak olub;

- 2010-cu il avqustun 31-də güclü atışma baş verib, sentyabrın 4-də isə Ağdərədə silahlı toqquşma qeydə alınıb;

- 2012-ci il 4-8 iyunda Ermənistanla sərhəddə silahlı toqquşma nəticəsində Azərbaycan ordusu 5 şəhid verib, Ermənistan ordusunda 11 nəfər həlak olub;

- 2014-cü ilin mayın 28-də Fizuli rayonunda atəşkəs rejimini pozan Ermənistan birləşmələri mövqelərimizə hücum ediblər;

- 2014-cü ilin noyabrında erməni birləşmələri mövqelərimizi iriçaplı pulemyotlardan və artilleriya qurğularından atəşə tutaraq atəşkəs rejimini pozublar;

- Ən ciddi toqquşma 2016-cı ilin aprelində baş verib. Aprelin 2-də Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun mövqelərinə hücuma keçib. Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmən itki verərək geri çəkilib. Həmin dövrdə Azərbaycan bir sıra strateji yüksəklikləri və böyük ərazini geri qaytarıb;

- 2020-ci ilin iyulun 12-də Ermənistan ordusu dövlət sərhəddində növbəti dəfə təxribat törədib və Tovuz rayonundakı mövqelərimizə hücum edib.

Göründüyü kimi, tarixi faktlar onu göstərir ki, hər zaman bağlanan atəşkəs razılaşmaları məhz Ermənistan Ordusu tərəfindən pozulub. Bununla ermənilər işğalçılıq siyasəti yürütdüklərini və Azərbaycanın digər torpaqlarına da öz əraziləri kimi baxdıqlarını sübuta yetiriblər. Bu faktlar beynəlxalq hüquqa tam ziddir və Ermənistan rəhbərliyinin birbaşa məsuliyyət daşımalı olduğunu göstərir.

Buna görə ikinci Qarabağ müharibəsi zamanı üç humanitar atəşkəsin Ermənistan tərəfindən pozulması qeyri-adi qarşılanmamalıdır. Azərbaycan Ordusu isə özünü müdafiə etmək üçün düşmənin hərbi dəstələrini vurmaq hüququnu özündə saxlayır.
27-10-2020, 22:48
Geri dön