DataLife Engine / “Sərhəd kəndlərin əhalisi qaz-işıq pulundan azad edilsin” - TƏKLİF

“Sərhəd kəndlərin əhalisi qaz-işıq pulundan azad edilsin” - TƏKLİF

“Sərhəd kəndlərin əhalisi qaz-işıq pulundan azad edilsin” - TƏKLİF
Ermənistanla sərhəddə yerləşən kəndlərdə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması hökumət üçün priorotet məsələlərdən biri olmalıdır. Son hadisələr göstərdi ki, sərhəd kəndlərin sakinləri heç bir halda öz yurd-yuvalarını tərk etmir, əksinə, bir nəfər kimi düşmənlə savaşa hazır olduqlarını bəyan edirlər. Bu şəraitdə dövlətin bu kəndlərin sakinlərinə müxtəlif dəstək mexanizmləri işə salması insanların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırar, yaşayış məskənlərinin sürətlə inkişaf etməsinə səbəb olar.

Qeyd edək ki, hazırda birbaşa münaqişə zonasından kənarda - Ermənistanla dövlət sərhədində Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonları və Naxçıvan Muxtar Respublikası yerləşir. Bu ərazilərdə birbaşa sərhəddə yerləşən kəndlərin böyük əksəriyyəti kiçik dağ və dağətəyi kəndlərdir. Əksərən rayon mərkəzlərindən uzaq məsafədə yerləşən belə kəndlərin xüsusi qayğı və diqqətə ehtiyacı böyükdür. Bu barədə Milli Məclisdə məsələ qaldıran Tovuz-Gədəbəy bölgəsindən millət vəkili Arzu Nağıyev bildirir ki, sərhəd kəndlərinin əhalisinə ilk növbədə kommunal xərclərdə güzəştlər olunmalıdır: “Bu məsələni Milli Məclisin plenar iclasında da qaldırmışam. Təklif etmişəm ki, sərhəd kəndlərdə yaşayanlara su, qaz, işıq kimi kommunal məsələlərdə 50 faiz yardım edilsin. Çünki şəhərlə sərhəd kəndlərin arasında bir fərq olmalıdır. Sərhəd kəndlərdə infrastrukturun yenidən bərpa edilməsinə ehtiyac var. Hətta mən plenar iclaslardan birində sərhəd kəndlərdə iqtisadi zonaların yaradılmasını təklif etdim. Çalışmalıyıq ki, sərhəddə vətəndaş məmnun yaşasın və oradan köçmə, kənara çıxma məsələsi olmasın. Təbii ki, nə Tovuzda, nə Gədəbəydə, nə də digər rayonların sərhəd kəndlərində belə hallar yaşanmır. Ancaq iqtisadi və sosial problemlərin həlli də mühüm məsələdir. Ona görə də bu istiqamətdə hökumət müvafiq addımlar atır”.

A.Nağıyevin sözlərinə görə, onun millət vəkili olduğu dairədə yerləşən 58 kəndin çoxu məhz sərhəd kəndidir: “Tarif Şurası qarşısında da məsələ qaldıracam ki, qaz və elektrik enerjisi, su tarifləri sərhəd kəndlərin sakinləri üçün 50 faiz güzəştli olsun. O kəndlərin əhalisinin buna ehtiyacı var. Eyni zamanda müvafiq xidmətləri təqdim edən qurumlara da müraciət etmişəm ki, sərhəd kəndlərdəki istehlakçılarla bağlı məlumat versinlər”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, əslən Tovuzdan olan Rauf Arifoğlu bildirir ki, dövlətin sərhəd kəndləri ilə bağlı xüsusi güzəşt proqramları yoxdur: “Bir vaxtlar qaz və elektrik enerjisi ilə bağlı sərhəd kəndlərin əhalisi üçün güzəştlər vardı. Sonradan bu güzəştlər aradan qaldırıldı. Hesab edirəm ki, indi kommunal xidmət tariflərində güzəştlərin tətbiq olunması çox yerinə düşərdi. Eyni zamanda kəndlərin rayon mərkəzi ilə pulsuz nəqliyyat əlaqəsinin təmin olunmasına böyük ehtiyac var. Bununla bağlı mən media qrupumuz vasitəsilə dövlət orqanları qarşısında məsələ qaldırmaq istəyirəm. Azərbaycan, Vətən o kəndlərdən başlayır. Hazırda Azərbaycanın hərbi, emosional və informasiya - bütün növ yüklərinin ağırlıq nöqtəsi sərhəd kəndləridir. Oralarda əhali onsuz da yüksək səviyyədə yaşamır. Bu gün o kəndlərin əhalisinin yaşadıqları paytaxt sakinləri üçün qəhrəmanlıq səviyyəsindədir. Bunu nəzərə alaraq, mən dövlətimizdən, hökumətimizdən xahiş edirəm ki, sərhəd kəndləri üçün güzəştlər tətbiq etsinlər. Bu, həm əhalinin dövlətə inamını daha da artırar, həm də insanların əhval-ruhiyyəsini, döyüş əzmini yüksəldər”.

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanla sərhəddə yerləşən kəndlərdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var: “Uzun illərdir dövlətimiz və hökumətimiz neft pulları sayəsində qaçqın və məcburi köçkünlərin qayğıları ilə məşğuldur. Əldə etdiyimiz gəlirlərin böyük bir hissəsi məhz bu istiqamətə sərf olunub, olunmaqda da davam edir, proses hələ bitməyib. Buna görə də hesab edirəm ki, növbəti qaçqın kütləsinin yaranmaması, yenidən külli miqdara maliyyə tələb edən qayğıların ortaya çıxmaması üçün çalışmalıyıq ki, Ermənistanla sərhəd yaşayış məntəqələrimizdən əhali içərilərə köçməsin. Bunun üçün də elektrik enerjisi, qaz, su və digər sahələrdə əhaliyə güzəştlər verilməlidir. Bu, həm də mənəvi məsələdir. Sərhəddə yerləşən hərbi hissələrdəki hərbçilərimiz üçün də kəndlərin abad olması, getdikcə böyüməsi mənəvi dayaqdır. Dövlət bu amilləri nəzərə alaraq sərhəd kəndlərinin sürətli inkişafının qeydinə qalmalıdır”.

Ekspertin sözlərinə görə, kənddən şəhərə axın bütün dünyada qeydə alınan prosesdir: “Bizdə də bu proses var, son onilliklərdə böyük sürət alıb. Və proses yalnız sərhəddən kənar kəndlərdə deyil, sərhəd kəndlərində də gedir. Nəzərə alsaq ki, Ermənistanla sərhəddə yerləşən kəndlərin böyük əksəriyyəti dağ kəndləridir və onlarda həyat şəraiti coğrafi relyefə uyğun olaraq digər ərazilərə nisbətən daha çətindir, dövlət dəstəyinin nə qədər zəruri olduğunu bir daha aydınlaşdıra bilərik. Bu kəndlərə dövlət dotasiyası mexanizmləri yaradılmalıdır, eyni zamanda əhali kəndlərdə qalması üçün stimullaşdırılmalıdır”.

P.Heydərov hesab edir ki, Azərbaycan dövlətinin Ermənistanla sərhəddə yerləşən kəndlər üçün dəstək mexanizmləri, güzəştlər tətbiq etməyə imkanları yetərincədir: “Həm dövlətin, həm də, məsələn, kommunal xidmət şirkətlərinin imkanları var. İmkan var ki, sərhəd kəndlərin əhalisi elektrik enerjisi və qaza görə ödənişlərdən tam azad olunsun. Bu, elə böyük bir vəsait tələb etmir. Sərhəd kəndləri strateji nöqtələr, mühüm əhəmiyyətli yaşayış məntəqələridir. Bu baxımdan, onların əhalisinə dəstək məsələsində dövlət tərəddüd etməməlidir”.
“Yeni Müsavat”
24-09-2020, 10:58
Geri dön