DataLife Engine / Dövlət başçısı bu universitetə son 4 ildə 3 dəfə gəlib...

Dövlət başçısı bu universitetə son 4 ildə 3 dəfə gəlib...


Dövlət başçısı bu universitetə son 4 ildə 3 dəfə gəlib...

Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Yazının sərlövhəsi faktdır, özü də qürurverici fakt. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2016-cı ilin fevralından indiyədək düz 3 dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olub! Bunu universitetin professor-müəllim heyəti, tələbələri qürurla, iftixarla deyirlər. Bu öz yerində. Amma, doğrudan da, ali məktəbin həyatında tarixi bir hadisədir. Lakin diqqətçəkən başqa bir məqam Prezident İlham Əliyevin ölkədə aqrar sahənin inkişafına necə böyük önəm verdiyinin əyani göstəricisidir. Məhz bu illərdə ölkə başçısı Aqrar Universitet üçün nə lazımdırsa edib və edir. Yeni tədris, yaşayış kompleksləri, dünyanın ən qabaqcıl texnologiyası, müxtəlif avadanlıqlar, laboratoriyalar, maşınlar...



Bilmirəm, bu ali məktəbdə olmusunuz, ya yox, amma bircə təəssüratımı bölüşüm ki, adam özünü 100-200 illik müstəqillik tarixi olan tədris müəssisəsində hiss edir. Hazırda Azərbaycanda bu cür “Tələbə şəhərciyi” olan ikinci bir universitet yoxdur. Başqa ali məktəblərdə belə müasir laboratoriyaların, ucu-bucağı görünməyən tədris-təcrübə təsərrüfatının, maşın parklarının, istixanaların, müxtəlif komplekslərin olduğunu da eşitməmişəm.
Bilirsiniz, sorağı hər yerə yayılan bir müəssisədən, zavoddan, fabrikdən və ya tədris ocağından məqalə hazırlayanda sənə təqdim olunan arayışa baxıb yazmaq qətiyyən düzgün deyil. Gərək bütün bunları öz gözlərinlə görəsən, gedib baxasan, adamlarla söhbət edəsən, problemləri ilə maraqlanasan, dərd-sərlərini öyrənəsən... Mən bu universitetdə dəfələrlə olmuşam. Amma ilk dəfə 2014-cü ilin yazında prorektor Anar Hətəmovla universiteti gəzərkən hiss etdim ki, deyəsən, bu ali məktəb beş-on il qabaq gördüyüm ali məktəb olmayacaq. Artıq hədəf də başqadır, işə münasibət də. Doğrudur, onda İbrahim Cəfərov cəmi bir ilə yaxın idi ki, universitetin rektoru təyin olunmuşdu. Amma artıq dəyişiklik hiss edilirdi. Nizam-intizam, müəllim-tələbə münasibətlərindəki istiləşmə, qarşılıqlı inam, bir sıra yerlərdə abadlıq-yenidənqurma işləri istər-istəməz diqqətimi cəlb etmişdi. Təbii ki, bütün bu işlərin arasında məni ən çox rektorun neqativ hallara, o cümlədən rüşvətxorluğa qarşı başladığı amansız mübarizə maraqlandırırdı. “Görəsən mümkün olacaqmı, bacaracaqmı?” deyə düşünürdüm. Hətta bir dəfə bu sualı özünə verdim. Cavabı qısa və konkret oldu: “Ya kökünü kəsəcəyəm, ya da əllərimi göyə qaldırıb çıxıb gedəcəyəm”.
Bu söhbətdən 6 il keçib. Tam cəsarətlə, tərəddüd etmədən, özü də açıq, çəkinmədən yazıram: Azərbaycan Dövlət Aqrar Universitetində tələbənin rüşvət müqabilində qiymət alması qeyri mümkündür! Bu, böyük sensasiya ola bilər. Bilik, bilik, yenə də bilik. Oxumaq, yalnız öz biliyinə güvənmək üçün universitetdə elə bir şərait, mühit yaradılıb ki, başqa “neqativ üsullar” heç yada da düşmür. Oxumaq üstündə sanki tələbələr arasında bir yarış, bəhsə-bəhs, əməlli-başlı mübarizə yaranıb. Digər stimullaşdırıcı tədbirlər də bu işə bir təkan verib. Məsələn, ölkə Prezidentinin tapşırığına əsasən qəbul imtahanlarında 500 və 400-dən yuxarı bal toplayaraq ADAU-nun aqraryönümlü ixtisaslarına qəbul olunmuş tələbələrə müvafiq olaraq 200 və 100 manat əlavə təqaüd verilir. Bununla yanaşı, Elmi Şuranın qərarına əsasən , qeyri-kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 120 manat, 400-499 balla qəbul olunmuş tələbələrə 80 manat məbləğində büdcədənkənar vəsait hesabına əlavə təqaüd verilir. Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə sessiyaların yekunlarına görə fənlərdən 100 bal toplayanların aylıq təqaüdlərinə rəhbərlik tərəfindən 100, 80 və 60 manat məbləğində əlavələrin edilməsi, ingilis dilli ixtisaslarda təhsil alanlara 70 manat məbləğində aylıq yardım olunması universitetdə artıq ənənə şəklini alıb.
Yenə bu yaxınlarda (pandemiyadan əvvəl) həmin mövzuda olan söhbətlərimin birində rektorun dediyi sözləri olduğu kimi yazmışam:
– Tələbəyə, elə professor-müəllim heyətinə də bu şəraiti cənab ­Prezidentimiz yaradıb. Bizim başqa cür hərəkət etməyə sadəcə mənəvi haqqımız yoxdur. Mən ilk növbədə Prezidentimin, tələbəmin, onun valideyninin, öz kollektivimizin üzünə necə baxa bilərəm?! Bir də ki, belə kadr gələcəkdə kimə lazımdır? Ölkə rəhbərinin göstərdiyi diqqət və qayğının, köməyin nəticəsində universitetə gələn qonaqlar öz heyrətlərini gizlədə bilmirlər. Valideynlər övladlarının bu şəraitdə yaşayıb oxuduqlarını görəndə məni qucaqlayıb öpürlər. Hər gün bununla bağlı cənab Prezidentə onlarca məktub göndərilir. Bax, bizim qazancımız budur!
Bir məsələni qeyd edim ki, universitetdə tələbə-müəllim münasibətləri, sözün həqiqi mənasında, dostluq münasibətlərinə çevrilib. Rektor özü bu mənada şəxsi nümunə göstərir. O, necə deyərlər, həmişə tələbəsinin yanındadır. Şəxsi “Facebook” səhifəsi daim açıqdır. Tez-tez onlara müraciət edir, hətta bəzən məsləhətləşir, iki kəlmə xoş söz yazır, hal-əhvallarını soruşur…Təsadüfi deyil ki, bəzən tələbə hansısa müəllimindən narazı qalanda rektorun adını çəkir, ona müraciət edəcəyini bildirir...
Yuxarıda qeyd etdiyim neqativ halların kökünü birdəfəlik kəsmək üçün müəllimlərin əmək haqlarına əlavələrin edilməsi, digər maddi və mənəvi həvəsləndirmə tədbirləri də mühüm rol oynayıb. Keçən ilin sentyabr ayında gözəl bir studiya yaradılıb. Oktyabrdan ADAU-TV adı ilə efirə çıxan kanal qısa vaxt ərzində geniş auditoriya toplaya bilib. Pandemiya dövründə bu studiyanın yaradılmasının nə qədər əhəmiyyətli olması bir daha öz təsdiqini tapmışdır. Xüsusilə onlayn dərslərin keçirilməsi, müxtəlif elm adamlarının verilişlərə dəvət olunması, birbaşa yayımlar diqqət çəkmişdir. Bu yaxınlarda ADAU-TV özünün 500-cü onlayn dərsini keçirmişdir.
Xarici ölkələrlə əlaqələr güclənmişdir. Pandemiyadan əvvəl elə gün, həftə olmazdı ki, xarici ölkələrdən qonaqlar gəlməsin, təcrübə mübadiləsi aparılmasın. ADAU dünyanın 20-dən çox ölkəsinin 90-a yaxın universiteti ilə, eyni zamanda aqrar sahə ilə əlaqəli müxtəlif təşkilat və birliklərlə ikitərəfli münasibətdədir. Bunlar ABŞ, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Çin, Polşa, İtaliya, Norveç, Macarıstan, Sloveniya, Çexiya və sair kimi ölkələrin aparıcı aqrar universitetləridir.
Son 7 ildə yüzlərlə müəllim və tələbə təhsil almaq, təcrübə dərsləri keçmək, seminarlarda iştirak etmək və ikitərəfli əlaqələrin qurulması məqsədi ilə dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərinə göndərilmişdir.
2013-cü illə müqayisədə bu gün ADAU-da hər 4 tələbəyə bir kompyüter dəsti düşür ki, bu rəqəm də ölkənin ali təhsil müəssisələri arasında ən yüksək göstəricilərdəndir.
Son 7 ildə professor-müəllim heyətinin tərkibi cavan, perspektivli və xarici dilli mütəxəssislərin hesabına əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. 6 minədək tələbəsi olan ADAU-da bu gün Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 6 ixtisasda ingilis dillərində tədris aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir.
Keçən il 7 xarici ölkədən 65 əcnəbi gənc müxtəlif ixtisaslar üzrə bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuşdur.
Aqrar sektoru kamil mütəxəssislərlə təmin etmək üçün bu gün universitetdə kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlıgına daha çox diqqət yetirilir. Kənd yerlərində aqronoma, torpaqşünasa, aqrokimyaçıya, baytar həkiminə, zoomühəndisə, meşəçiyə, aqromühəndisə və digərlərinə indi daha böyük ehtiyac var. Təsadüfi deyil ki, rektor başda olmaqla Azərbaycanın bütün bölgələrində peşəyönümlü tədbirlər keçirilib və hazırda bu iş onlayn formasında davam etdirilir. Marağın artması əməlli-başlı hiss olunur. Orta məktəbi bitirənlərin çoxu öz seçimlərində heç Bakıdakı universitetlərin adını yazmır, Aqrar Universitetin ixtisaslarını göstərirlər. Nəticədə bir vaxtlar 150- 200, hətta 100 balla qəbul olan tələbələrə indi rast gəlmək mümkün deyil. Universitetə 400-500, hətta 600 və ondan yuxarı balla qəbul olunanların sayı daha çoxdur ki, bu da sevindirici faktdır.
...Nəhayət, bu qədim tarixə malik universitetin yaşı haqqında. Bu ilin noyabrında aqrar universitetin 100 yaşı tamam olur. Bu, elə təkzibolunmaz faktlarla təsdiq olunur ki, onu sübut etməyə ehtiyac da yoxdur. Amma, hər halda, bəzi tarixi faktları qısa da olsa xatırlatmağı lazım bilirik. Əvvəla, Azərbaycanda 80, 90 ,100 illik yubileyləri qeyd olunan universitetlərin bir çoxunin əsası fakültə, kollec, ən yaxşı halda texnikum kimi qurulub. Aqrar Universitetin də tarixi 1920-ci ildən başlayır. Belə ki, 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə – neft sənayesi, elektromexaniki, mühəndis-tikinti, kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır.
Başqa bir vacib fakta diqqət yetirək. Ulu öndər Heydər Əliyev AKTİ-nin (Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun) inkişafına xüsusi diqqət və qayğı göstərirdi. 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilmiş ümummilli liderin rəhbərliyi ilə cəmi 8 gün sonra, yəni iyulun 22-də “AKTİ-nin 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” Mərkəzi Komitənin və Nazirlər Sovetinin qərarı qəbul olunmuş , yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-nə təyin edilmişdi. Lakin müəyyən səbəblərə görə ləngimişdir.
Bilirsiniz, bəzi qaragüruhçular, ölkə başçısının diqqəti və qayğısı sayəsində bugünkü yüksək səviyyəsinə çatmış yeganə aqraryönümlü bir ali məktəbi gözügötürməyənlər nə desən yaza bilər, şər-böhtan yağdırmağa cəhd edərlər. Bunlara fikir vermək lazım deyil. Bu ali məktəbə cənab Prezidentimizin gözü iə baxmaq lazımdır.


Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
8-08-2020, 11:01
Geri dön