DataLife Engine / Dərslər nə vaxt başlayacaq? - Nazirlikdən AÇIQLAMA

Dərslər nə vaxt başlayacaq? - Nazirlikdən AÇIQLAMA





Dərslər nə vaxt başlayacaq? - Nazirlikdən AÇIQLAMA


Hazırda Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir.

Nazirlikdən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir.

Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyatı dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.

Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir.

Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bununla bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

5-08-2020, 16:14
Geri dön