DataLife Engine / Zahid Qaralovun dünyaya gəldiyi gündir

Zahid Qaralovun dünyaya gəldiyi gündir

Zahid Qaralovun dünyaya gəldiyi gündir

Bu gün YAP Səbail rayon təşkilatının yaradıcısı və ilk sədri, yüksək intellektli Azərbaycan ziyalısı, görkəmli ictimai-siyasi xadim, əsl türk oğlu, ömrünün xeyli hissəsini elmə, təhsilə, dövlətçiliyə və cəmiyyət üçün faydalı olan işlərə həsr edən fədakar insan, pedaqoq, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından biri, Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak edən, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Şöhrət” və “Şərəf” ordenli pedaqoji elmlər doktoru, professor Zahid Qaralovun dünyaya gəldiyi gündür.

Zahid Qaralov keçdiyi zəngin və şərəfli həyat yolunun bütün dövrlərində ölkəmizin milli maraqlarını və milli dəyərlərini hər şeydən üstün tutaraq, istər elmi-pedaqoji, istər qanunvericilik, istərsə də ictimai-siyasi sahədəki fəaliyyətində öz həyat səlnaməsinin parlaq səhifələrini yaratmışdır.

O, harada olmasından, tutduğu vəzifədən asılı olmayaraq, üzərinə düşən bütün vəzifələri yüksək peşəkarlıqla, layiqincə yerinə yetirərək göstərilən etimadı daima doğrultmuş, dövlətimizin və xalqımızın etibarını qazanmışdır. O, fədakar pedaqoq, elm xadimi və millət vəkili kimi daima Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi üçün çalışmış, milli maraqları hər şeydən üstün tutmuşdur.

Zahid Qaralovun ən böyük xidmətlərindən biri də müstəqil dövlətimizin siyasi sisteminin sütunu hesab olunan Yeni Azərbaycan Partiyasının yaradılmasında əvəzolunmaz fədakarlıq göstərməsi, Naxçıvanda keçirilən YAP-ın təsis konfransında fəal iştirakı, İdarə Heyətinin və Siyasi Şuranın üzvü seçilməsi idi. Zahid Qaralov YAP Səbail rayon təşkilatının yaradıcılarından biri kimi uzun illər (1993-2015-ci illər) yüksək peşəkarlığı, siyasi mədəniyyəti, bacarığı, təşkilatçılıq qabiliyyəti ilə rayon təşkilatına uğurla rəhbərlik etmişdir.

Zahid Qaralovun elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti xalqımız, dövlətimiz qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Mənim Zahid müəllimlə birgə fəaliyyətim 2000-ci illərə təsadüf edir. Onunla əməkdaşlığımızı və söhbətlərimizi indi də xatırlayaraq böyük əminliklə deyə bilərəm ki, Zahid Qaralov Vətənini, dövlətini, xalqını sevən və onlara son dərəcə bağlı olan əqidəli və sədaqətli ictimai-siyasi xadim, daim düzgünlüyün və haqqın tərəfində olan ədalətli və vicdanlı insan kimi xalqı maarifləndirməyə çalışan ziyalı, yaradıcı alim, istənilən vaxt əməkdaşlığa, dialoqa açıq olan və digər müsbət keyfiyyətləri özündə cəmləşdirən bütöv bir şəxsiyyət idi.

Zahid Qaralov görkəmli alim, ictimai-siyasi xadim, nümunəvi və qayğıkeş ailə başçısı, elinə-obasına bağlı təəssübkeş bir insan kimi daima qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin! Ruhu şad olsun!

Şəmsəddin Hacıyev
Dok, professor
YAP Səbayel rayon Təşkilatının sədri
10-07-2020, 15:48
Geri dön