DataLife Engine / Aman, qardaş...

Aman, qardaş...



Aman, qardaş...

(Ölməz qardaşımız Oqtay İsmayıllıya)

Nə tez çatdı növbə bizə,
Nə zalımmış zaman, qardaş?
Qarğış bizə, tövbə bizə,
Qara bulud, duman, qardaş.

Baxtlı gəldin, baxtsız getdin,
Malsız- mülksüz, taxtsız getdin.
Niyə belə vaxtsız getdin?
Etməzdim heç güman, qardaş.

Yazdın, oxundun, duyuldun,
Şairə “ şagird ” sayıldın.
O soyuldu, sən oyuldun,
Oldu haman, haman, qardaş.

Qalır sözün sırasında,
“ Dodaqla dil arasında “.
İndi göyün harasında
De tutmusan məkan, qardaş?

Bahar yerində qış qalıb,
“ Çiçək ”gözlərdə yaş qalıb.
Yanımda yerin boş qalıb,
Vəfasızsan yaman, qardaş.

Sənli günləri qoxladım,
Könlümə yazdım, saxladım.
Ağladım, vallah, ağladım...
Aman, qardaş, aman, qardaş!

Nazir Ziya Talıstanlı (24.05.2020 )
28-05-2020, 12:19
Geri dön