Ana səhifə > Arxiv / Gündəm > Koronavirusa yoluxan həkim Prezidentə məktub yazdı

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Koronavirusa yoluxan həkim Prezidentə məktub yazdı


23-05-2020, 15:21. Müəllif: cavidan
Koronavirusa yoluxan həkim Prezidentə məktub yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Axar.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Şəhid atası, Xocalı rayonundan məcburi köçkün Baloğlan Allahyarov yazır:

“Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, mən 28 il bundan əvvəl Xocalıda baş vermiş dəhşətli soyqırımı gecəsi bütün ailə üzvlərimi itirib yurdumdan didərgin düşmüşəm. Hazırda Mingəçevirdə məskunlaşmışam. Bu illər ərzində Sizin diqqətinizi, qayğınızı öz üzərimdə hiss etmişəm. Siz mənə və ailə üzvlərimizə qayğı göstərib bizə yeni həyat vermisiniz, bizi ev-eşik sahibi etmisiniz, Xocalı ağsaqqalı kimi məni böyük hörmətə layiq görmüsünüz. Hazırda iki oğlum var. Şəhid olmuş oğlumun adını daşıyan Etibar hərbi xidmətdədir. 15 yaşlı Fərhad isə gələcəyin əsgəri kimi böyüməkdədir. Mən də, oğlanlarım da, həyat yoldaşım da Sizə minnətdarlıq hissi ilə yaşayırıq. Sizin Vətən, xalq, el yolunda sərf etdiyiniz gecəli-gündüzlü zəhmətinizi yüksək qiymətləndirir, bugünkü beynəlxalq bəlanın – koronavirusun ölkəmizdə geniş vüsət almaması üçün həyata keçirdiyiniz tədbirlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirir, cansağlığı və uzun ömür arzulayıram.

Xüsusilə qeyd etmək istəyirəm ki, oğlum Etibarın xidmət etdiyi hərbi hissəyə görüşə gedəndə ürəyim açılır. Bir valideyn kimi məni hörmətlə qəbul edirlər. Hərbi hissədə gördüyümüz nizam-intizam, əsgərlərə göstərilən qayğı Sizin ciddi tapşırıqlarınızın nəticəsidir. Allah ömrünüzü uzun etsin!”

Hacıqabul rayonunun Birinci Udullu kəndindən Məhəmməd Hacıyev:

“Möhtərəm cənab Prezident, dünyada koronavırus pandemiyasının sürətlə və geniş yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda çox çevik tədbirlər görməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən ümdə məsələdir və daim diqqətinizdədir. Ölkədə mövcud karantin rejiminin tətbiq olunması ilə yanaşı, koronavirus pandemiyasına qarşı birgə mübarizə məqsədilə beynəlxalq təşkilatlarla çoxşaxəli fəaliyyətiniz, onlara qlobal çağırışlarınız göz qabağındadır. Bu, Sizin ümumbəşəri hisslərlə yaşadığınızı və çox humanist, geniş qəlbə malik olduğunuzu sübut edir. Möhtərəm cənab Prezident, Sizinlə birlikdə ən yaxın silahdaşınız Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva koronavirus pandemiyası qeydə alındığı gündən bu sahədə çox böyük işlər görmüşdür. Mehriban xanım pandemiyanın ilk günlərində Azərbaycan xalqına bir ana kimi, bir xanım kimi müraciət edərək, onları bu amansız və gözəgörünməz xəstəliyə qarşı mübarizədə birliyə çağırdı, vətəndaşlarımızı “Evdə qal!” prinsipinə əməl etməyə, bir-birilərinə qarşı diqqətli, qayğıkeş olmağa, Operativ Qərargahın təlimatlarına əməl etməyə səsləyərək bildirdi ki, biz birlikdə koronavirus pandemiyasının birinci mərhələsində qalib gəldik. Lakin qarşıda bizi daha çətin və uzun mərhələ gözləyir. Ona görə də qaydalara riayət etmək, küçədə sosial məsafəni saxlamaq, tibbi maska taxmaq və şəxsi gigiyenanı gözləmək hər bir vətəndaşın borcudur. Son dərəcə məsuliyyətli olmalı, özümüzü, ailəmizi, yaxınlarımızı və xalqımızı gözəgörünməz düşməndən qorumalıyıq.

Bakının Nəsimi rayonundan Adil Ağayev:

“Hörmətli cənab Prezident, Sizin böyük iradəniz, qətiyyətiniz, əzminiz sayəsində ölkəmiz koronavirusa qarşı güclü dirəniş göstərməkdədir. Dünyada geniş yayılan bu bəla Sizin müdrik siyasətinizin nəticəsidir ki, ölkəmizdə özünü o qədər də güclü göstərə bilmədi. Şükürlər olsun ki, ölkəmizdə yoluxanların sayı digər ölkələrlə müqayisədə azdır. Əziz Prezidentimiz, xalqımız Sizin yanınızdadır və Sizinlə fəxr edir. Biz Ağayevlər ailəsi də Sizi dəstəkləyirik. Sizə bütün həyat boyu işıqlı yol, sağlam ömür arzulayırıq”.

Bakının Yasamal rayonundan şagird Elxan Nuriyev:

“Çox hörmətli cənab Prezident, mənim 16 yaşım var, orta məktəb şagirdiyəm. Oxuduqlarıma və eşitdiklərimə əsasən deyə bilərəm ki, ulu öndər Heydər Əliyev və Siz müdrik qərarlarınızla və siyasətinizlə Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyan taleyüklü məsələlərin həllinə nail olmusunuz. Məktəblərdə müəllimlər və şagird dostlarım bütün bunlarla bağlı ağızdolusu danışırlar. COVID-19 pandemiyasını da bu cərgəyə aid etmək olar. Sizin sərəncamlarınız, tapşırıqlarınız, çağırışlarınız hesabına bu xəstəliklə layiqli mübarizə aparırıq və qalib gələcəyimizə böyük inamımız var. Məktəbdən uzaq qaldığımız bu çətin günlərdə dərslərimizi onlayn üsulla davam etdiririk. Yaradılan bu imkana, şəraitə görə Sizə təşəkkür edirəm. Bu dərslər mənim üçün çox vacibdir. Orta və ali məktəb arasında keçid mərhələsində olduğumdan təhsilimdə yarana biləcək böyük fasilə mənim gələcəyimə mənfi təsir göstərə bilər. Ona görə də onlayn dərslərə daha məsuliyyətlə hazırlaşıram. Sizə bir daha təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram”.

Bakı şəhərindən həkim İlqar Əzimov:

“Hörmətli cənab Prezident, Sizin ciddi nəzarətiniz altında Azərbaycan Hökuməti amansız COVID-19-la mübarizə aparır. Dünyada yayılan ağır virusun xalqımızdan az itkilərlə yan keçməsi üçün çox diqqət və qayğı göstərdiniz. Bir həkim olaraq mən bu mübarizənin istiqamətini və yerinə yetirilməsini alqışladım, kənarda qalmamağa çalışdım. Lakin bütün gigiyena qaydalarına riayət etməyimə baxmayaraq, mən də COVID-19-a yoluxdum. 10 aprel-9 may tarixlərində “Yeni Klinika”da çox ağır vəziyyətdə oldum. 10 gün müddətində süni tənəffüs aparatına bağlı oldum. O dövrdə TƏBİB başda olmaqla bütün “Yeni Klinika” heyəti davamlı mübarizə nəticəsində məni çox təhlükəli vəziyyətdən çıxara və həyata qaytara bildilər. Bütün bu şəraitin, müasir klinikanın, avadanlığın və ən əsası, insani münasibətin memarı olan Sizə dərin minnətdarlığımı bildirirəm. Bu gün mənim ailəmin, qohumlarımın, dostlarımın və yaxınlarımın yanında olmağım Sizin nəzarətiniz altında yaradılmış TƏBİB və “Yeni Klinika”ya təhkim olunmuş fədakar Azərbaycan həkimlərinin sayəsindədir”.
Geri qayıt