DataLife Engine / Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı

Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı

Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı

Bu gündən, yəni aprelin 20-dən Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

"Report" xatırladır ki, aprelin 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin uzadılmasına qərar verib.

Belə ki, ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sanitar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılıb.

Bu baxımdan, xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.

"Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir", - məlumatda bildirilib.

Həmçinin xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycanın İranla və Gürcüstanla dövlət sərhədlərinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

20-04-2020, 09:59
Geri dön