DataLife Engine / Biz niyə evdə qalmalıyıq? - TƏHLİL

Biz niyə evdə qalmalıyıq? - TƏHLİL

Biz niyə evdə qalmalıyıq? - TƏHLİL

Hökumət növbəti – üçüncü dəfə karantin şərtlərini bir qədər də sərtləşdirdi. Koronavirus infeksiyasının yayılmasını önləmək üçün martın 31-dən aprelin 20-dək insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, yerdə qalan sahələrdə fəaliyyət dayandırılıb.

Bu, ciddi karantin rejimi deməkdir. Başqa sözlə, vətəndaşların aprelin 20-dək yalnız zəruri hallarda evlərini tərk etməsi, tərk edərkən gigiyena qaydalarına ciddi əməl etməsi tələb olunur. Əlbəttə, indi bir çoxları yarızarafat-yarıciddi vəziyyətdən şikayətini, evdə qalmaqdan sıxıldığını büruzə verir.

Təbii ki, haqlıdırlar, xüsusən də, ticarət, iaşə sahələrində işləyən əhali üçün çətin sınaq dövrüdür. Çünki bu kateqoriyadan olan insanların qazancları gündəlik işlərdən çıxır, hansı ki, həmin işlər indi qadağan edilib. Söhbət on minlərlə iş yerindən gedir.

Rəsmi şəxslərin açıqlamalarından da görünür ki, hökumət bunun fərqindədir və evdə qalıb işləyə bilməyən, qazancından məhrum olan insanlara minimal əməkhaqqı şəklində də olsa, dəstək verməyə hazırlaşır. Çünki başqa cür mümkün deyil, söhbət bir aylıq işsizlikdən gedir.

Amma vəziyyət həqiqətən dramatikdir, karantin tədbirlərinə ciddi riayət olunması vacibdir. Belə ki, söhbət insanların, özü də beş və ya on deyil, minlərlə, yüz minlərlə insanın həyatından gedir. Ən əsası isə, bizim həyatımızdan gedir. Bu gün işi və ya darıxdığını əsas gətirib, karantin rejiminə riayət etməyən şəxs sabah yoluxduğu xəstəliyi ilə özü və ən azı ailəsini ölüm təhdidi altında qoyur.

Bu gün bir günlük qazancı əsas gətirib küçəyə çıxmaq insanlara özü və ya ən yaxın insanının həyatı bahasına başa gələ bilər. Müqayisə edilməyəcək bir fərqdir.

Əgər kimsə virusa yoluxmayacağını düşünürsə, ciddi şəkildə yanılır, çünki indi bu təhlükə hər kəs üçün var. Məsələn, xəstəliyin ən gec başlamasına rəğmən, ABŞ-da o qədər sürətlə yayıldı ki, hazırda bu ölkədə koronavirusa yoluxanların sayı 200 minə yaxınlaşır. Halbuki, ABŞ dünyanın fövqəldövləti, ən yüksək tibbi inkişafa nail olmuş ölkədir. Bu, onu göstərir ki, pandemiya çox sürətlə yayılır və onun qarşısını indiki mərhələdə ancaq yüksək səviyyəli karantin tədbirləri ilə almaq mümkündür. Bunun ən bariz örnəyi Cənubi Koreyadır.

Çindən sonra koronavirusun ən tez və sürətlə yayıldığı ölkə Cənubi Koreya oldu. Artıq fevralda bu ölkədə yoluxanların sayı doqquz mini keçmişdi. Lakin buna baxmayaraq, ciddi və dəqiq karantin tədbirləri nəticəsində ölkədə yoluxanların sayı hələ də on mini ötməyib.

Halbuki, Cənubi Koreya ilə eyni vaxtda xəstəliklə “tanış olan” İran və İtaliyada on minlərlə insan virusa yoluxub, on mindən çox ölü var. Mütəxəssislər Koreya uğurunun əsas səbəbinin ciddi karantin tədbirləri və əhalinin məsuliyyətli davranışı olduğunu bildirir. Çünki karantin nəticəsində xəstəliyin daha çox insan arasında yayılmasının qarşısını almaq və bununla da, xəstəliyi nəzarət altında saxlamaq mümkündür.

Bu səbəbdən də, indi beynəlxalq səhiyyə mütəxəssisləri bütün ölkələrə ciddi karantin tədbirlərini tövsiyə edir. Çünki hazırkı mərhələdə, yəni virusun sürətlə yayıldığı dövrdə əsas mübarizə yolu karantindir. Yalnız bu tədbirlər vasitəsilə xəstəliyin daha çox adama yoluxmasının qarşısını almaq mümkündür.

Karantin tədbirlərinin 65 və daha yuxarı yaş qrupuna xüsusilə ciddi tətbiq olunması bu kateqoriyadan olan insanların əmək fəaliyyətini dayandırması və ən əsası isə, xəstəliyin yaşlı insanların səhhətinə daha ciddi təsir göstərməsi ilə bağlıdır. Yaşlı insanlarda immun sistemi daha zəif olur. Buna görə də, koronavirusa yoluxan və dünyasını dəyişənlər arasında yaşlı insanların faizi çox yüksəkdir.

Bu səbəbdən də, insanların özlərini və yaxınlarını riskə atmamaları və səhiyyə sistemini daha artıq yükləməmələri üçün ən azı aprelin 20-dək karantin tədbirlərinə riayət etmələri vacibdir. Əks təqdirdə, virus nəzarətdən çıxa və hazırda İtaliya və digər Avropa ölkələrinin yaşadığı vəziyyəti yaşaya bilərik. İnkişaf etmiş Avropa ölkələri və ABŞ-da insanları yerləşdirmək üçün xəstəxana və cihazlar çatışmır.

Evdə qalmaq indi həm özünü, həm də yaşadığın ölkəni daha böyük təhlükədən qorumaq üçün lazımdır. Müqayisə hər zaman qüsurludur, amma yəqin ki, hər hansı kimyəvi silah və ya bomba təhlükəsi olsaydı, insanlar könüllü olaraq evlərində qalar, çölə çıxmazdılar. Ancaq virus görünməzdir və insanlar yoluxmayana qədər xəstəliyi ciddiyə almırlar. Bu isə çox ciddi, ölümcül bir xətadır. Çünki virusun indiki aktiv fazada hər kəsə yoluxmaq riski yüksəkdir.

Qarşıda çox həssas və kritik üç həftə var. Aprelin 20-dək Azərbaycan səhiyyəsi və müvafiq qurumların bu yoluxucu xəstəliyi nəzarət altına almaq, bütün yoluxanları müəyyən edib təcrid etmək və bununla da, virusun yayılmasının qarşısını almaq kimi vəzifəsi var. Təbii ki, bu işdə əsas olan insanların məsuliyyətli davranışı, vəziyyətin ciddiliyini anlamalarıdır.

Qarşıdakı dövrdə virus simptomlarını daşıyanların müəyyən olunub müalicəyə cəlb edilməsi, dezinfeksiya tədbirləri və karantinə əməl olunması xəstəlik təhlükəsini ölkəmizdən uzaqlaşdırmaq üçün əsas şərt olacaq.

Üç həftə ərzində “evdə qal”maq, karantin şərtlərinə və gigiyena qaydalarına riayət etmək, bir sözlə, təhlükənin sovuşmasına kömək etmək lazımdır. İndi evdə qalmaq bu prosesə köməkdir. Bunun alternativi özümüz və ölkəmiz üçün riskdir.
1-04-2020, 11:38
Geri dön