DataLife Engine / “37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır” - İnfeksionist

“37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır” - İnfeksionist

“37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır” - İnfeksionist


Koronavirus dalğası artıq bütün dünyanın qorxusuna çevrilib. Hər gün virusa yeni yoluxma hallarının artması xəbəri yayılır. Bir tərəfdən də koronavirus təhlükəsinin havalar isindikcə azalacağı ehtimalları səslənir. Mütəxəssislərin dediklərinə görə, COVİD-19 istiyə tab gətirmir, məhv olur. Amma bir fakt da var ki, artıq Afrika qitəsinin 7 ölkəsində bu virusa yoluxma faktı aşkarlanıb.

İnfeksionist-hepatoloq Azər Nağıyev AYNA-ya şərhində bildirib ki, koronavirus kimi infeksiyalar daha çox soyuq hava şərtlərində davamlıdır: “Bəli, üzü yaya getdikcə, virus təhlükəsi sovuşacaq, çünki yüksək temperatura davamsızdır. Afrikada virusun aşkarlanması o demək deyil ki, oralara yayılmayacaqdı. Burada insan faktoru rol oynayır. Virus daşıyıcısı harda oldusa, asqırıb, öskürürsə, onun ifraz etdiyi virus əşya üzərinə, qarşısındakı insanların yuxarı tənəffüs orqanlarına düşərsə, yoluxma riski böyükdür. Bu səbəbdən heç kəs proqnoz verə bilməz ki, hansısa ölkə virusdan qorunmaq üçün tam təminatlıdır”.

Həkimin sözlərinə görə, sanitar-gigiyenik normalar pozulan yerlərdə də virusun yoluxma riski böyükdür: “Baxmayaraq ki, həmin ölkədə hava temperaturu çox yüksəkdir. İndi üzü yaya getdikcə, hava isindikcə artıq insanlar daha çox açıq havada olacaqlar, qapalı məkanlardan çıxacaqlar. Bu faktora görə də, istiliyə davamiyyəti olmayan virus daha tez məhv olacaq. 37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır”.

“Koronavirus infeksiyasında qızdırma simptomundan daha çox danışılır. Amma qızdırma başqa infeksion xəstəliklərdə, başqa insan orqanlarındakı problemlərdə də qarşıya çıxa bilər. Bəzi xəstəliklərdə naməlum mənşəli qızdırma (NMQ) yanlış diaqnozlara da səbəb olur, amma peşəkar həkimlər heç vaxt bunu səhv sala bilməzlər. NMQ - müayinələrə baxmayaraq, ən azı 3 həftə davam edərək səbəbi tapılmayan 38.3 dərəcədən yuxarı olan bir hərarətdir. Bədən hərarətinin artmasının səbəbi fizioloji də ola bilər. Əksər hallarda isə bu, hər hansı bir infeksion xəstəlik, iltihablı proses və ya bədxassəli bir xəstəlikdən qaynaqlana bilər”, - Nağıyev qeyd edib.

O vurğulayıb ki, naməlum mənşəli qızdırma bütün yaş qruplarında və hər iki cinsdə rast gəlinir: “Lakin bu xəstəlik daha çox uşaq və gənclərdə qeydə alınır. Naməlum mənşəli qızdırmanın səbəbləri arasında epidemioloji amillər dünya üzrə fərqlidir. Xəstəliyin tarixçəsi araşdırıldıqda, bu yaxınlarda edilmiş səyahət də nəzərə alınmalıdır. Yoluxucu xəstəliklər naməlum mənşəli qızdırmalar üzrə ən çox rast gələn etioloji kateqoriyaya aid edilir. Endemik olmayan ölkələrdə nisbətən az rast gəlməsinə baxmayaraq, vərəm və ya malyariya dünya üzrə bu təzahürün ümumi səbəbləri olaraq qalmaqdadır”.

Müsahibimiz NMQ-nin səbəblərinin aşağıda formada təsnif edilə biləcəyini diqqətə çatdırıb:

- İnfeksiya: vərəm, infeksion mononükleaz, Laym xəstəliyi, endokardit və s;

- İltihab: qırmızı qurd eşənəyi, revmatoid artrit, iltihabi bağırsaq xəstəliyi və s;

- Yeni törəmə: limfoma, leykemiya, pankreas karsinoması, digər xərçəng və sarkomalar;

- Qarışıq: narkotik maddə istifadəsi, hipertiroidizm, hepatit və digər kateqoriyalara uyğun gəlməyən amillərin səbəb olduğu hərarət.

“Hərarətin tipik əlamətləri bunlardır: bədən hərarətinin körpələr üçün 38, uşaqlar və böyüklər üçün 37.5 dərəcəyədək yüksəlməsi, tərləmə, titrətmə, baş ağrıları və s. Əzələ və ya oynaq ağrıları, ümumi zəiflik, boğazda ağrı, yorğunluq, öskürək, səpkilər hərarəti müşayiət edən digər simptomlardır. Bundan başqa, dəridə avazıma, qızartı və ya sarılıq əlamətləri diqqətlə gözdən keçirilir. Həkim xəstədən bəzi məlumatları soruşur: ölkədən kənarda olub-olmadığını, hər hansı ətraf mühit təsirlərinə məruz qalıb-qalmadığını, gündəlik həyatında dəyişikliklərin olub-olmadığını, heyvanlarla təmasın olub-olmamasını və s. Qan analizi və fiziki müayinədə hər hansı bir pozitiv göstərici çıxarsa, diaqnozu təsdiq etməzdən əvvəl həkim ehtiyac bildiyi digər testəri də tələb edir”, - deyə infeksionist əlavə edib.

Məlumat üçün deyək ki, artıq koronavirusa 70-dən çox ölkədə 100 mindən çox insan yoluxub, 3 mindən çox insan ölüb, 40 mindən də çox insan müalicə nəticəsində sağalıb. Amma bir qrup alimin proqnozuna görə, profilaktik tədbirlər görülməzsə, sürətlə yayılan bu virus 1 milyona yaxın insanı risk altına ala bilər. Virusun peyvəndinin hazırlanması uğrunda araşdırmalar da davam edir.
9-03-2020, 13:35
Geri dön